Siyasət 12:50 18.05.2021

Zəngəzurla bağlı Azərbaycan prezidentinə Qərbdən edilən zənglərin pərdəarxası (ŞƏRH)

"Bu zənglər bir başa Qarabağ bölgəsində olan vəziyyətlə bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi zəngin pərdəarxası məqamlarından danışarkən deyib:

Onun fikrincə, bu zənglər Azərbaycanı öz torpaqlarından imtinaya məcbur edə bilməz:

"Hesab edirəm ki, söhbət Ermənistandan gedə bilər. Bu ehtimallardır, dəqiq məlumat yoxdur. Ermənistan seçkilər ərəfəsindədir və gərginlik mövcuddur. Bu seçkilərin əsas rolu ondan ibarət olacaq ki, Ermənistan gələcəkdə hara gedəcək. Bundan əvvəl olduğu kimi, ruspərəst siyasətini həyata keçirəcək, yoxsa qərbyönlü olacaq? Bunun arxasında bir çox hadisələr baş verir. Mən istisna etmirəm ki, burada Rusiya ilə Qərb maraqları toqquşur. Hamı başa düşür ki, Rusiyanın əsas məqsədi özünü Ermənistana əvəzsiz olan bir ölkə kimi təqdim eləməkdir. Hesab edirəm ki, hadisələrin bu və ya digər elementlərini müzakirə etmək üçün ABŞ rəsmiləri Azərbaycanla əlaqə saxlamaq niyyətindədir. Azərbaycan bu hadisələrə texniki baxımından yanaşır. Bu hadisələrdə əsas məqsəd bizim maraqlarımızın müdafiə olunması və 10 Noyabr bəyanatının həyata keçirilməsidir. Bu bizim mövqeyimizdir”.
 
 

Milli Məclisin deputatı Arzu Nağıyev də bildirib ki, heç bir dövlət hansısa super gücündən asılı olmayaraq, bizim daxili işlərimizə qarışa bilməz:

"Çünki bizim heç kimin ərazisinə hər hansı iddiamız yoxdur. ABŞ-ın mövqeyi məlumdur. Məlum müharibədən sonra Azərbaycana qarşı hər hansı bir ciddi narazılıq, yaxud da dövlət səviyyəsində hansısa sanksiyadan söhbət gedə bilməz. Dəfələrlə dövlət başçıları da Azərbaycanı dəstəkləyən bəyanatlar veriblər. Biz strateji tərəfdaşıq. İstər hərbi, istərsə də iqtisadi cəhətdən həmişə bir yerdə olan dövlət olmuşuq. Böyük layihələri birlikdə icra edirik. Düşünürəm ki, ABŞ-ın Azərbaycana qarşı ciddi narazılıq yarada biləcək hər hansı mövqeyi yoxdur”.
 
 
 
Qeyd edək ki, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Bahar Rüstəmli