phrase_var_qaynar. 14:00 25.01.2022

Zəngilanlıların torpaqlarına qayıtmasına az qaldı - Millət vəkili

(Yazı "İşğaldan azad edilən ərazilərə "Böyük Qayıdış” mövzusu üzrə hazırlanmışdır)

Hazırda işğaldan azad edilmiş bölgələrimizdə sürətli şəkildə bərpa və quruculuq işlərinə başlanıb. Bərpa işləri zamanı nəzərdə tutulan infrastruktur layihələrinin icrasına Azərbaycan mütəxəsisləri ilə yanaşı, müxtəlif xarici ölkələrin tanınmış şirkətləri də dəvət alıb. 

Qısa zaman ərzində Füzulidə beynəlxalq aeroport tikilib istifadəyə verilib. 2021-ci ildə isə Zəngilanda hava limanının tikintisinə başlanılıb və hazırda işlər davam etdirilir. Zəngilan Beynəlxalq Hava Limanı İkinci Qarabağ Müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olacaq. Həmin hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradacaq. Bundan əlavə, Laçın və Kəlbəcərdə də beynəlxalq hava limanlarının inşa ediləcəyi bildirilib. 

İşğaldan azad olunmuş ərazilərdə görülməsi nəzərdə tutulan layihələrdən biri də təhlükəsizlik tədbirləridir. Sözü gedən topaqların minalardan təmizlənməsi işləri başa çatdıqdan sonra həmin ərazilərdə kənd təsərrüfatının inkişafınına başlanılacaq. Həmin torpaqların əkilməsi və sahibləri arasında bölünməsi vahid konseptual dövlət proqramı əsasında həyata keçiriləcək. 

Qarabağda ən böyük layihə isə dövlət tərəfindən inşa olunan yol infrastrukturundan keçir. 

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri intensiv şəkildə həyata keçirilir:



"Xüsusən də nəqliyyat infrastrukturunun formalaşmasında, o cümlədən elektrik enerjisi daxil olamqla, kommunal xidmətlərlə bağlı ümumi şəbəkələr yaradılması praktik olaraq ötən müddətdə ən çox diqqət ayrılan və həyata keçirilən işlərdəndir. Çünki bunlar məskunlaşma üçün kifayət qədər vacib olan şərtlərdəndir. Amma eyni zamanda buna uyğun olaraq yaşayış məntəqələrinin, o cümlədən Zəngilanda Ağalı kəndinin bərpası və yenidənqurulması həyata keçirilir. Gözlənilir ki, ilkin məskunlaşma Zəngilan rayonunda olacaq. Zəngilan rayonunda artıq başa çatmaqda olan Ağalı kəndinə vətəndaşlarımızın daha yaxın zamanlarda qayıdacağı gözlənilir”.

Deputat bununla bərabər, Füzuli rayonunda Dövlətyarlı kəndində də Ağıllı kəndin salındığını vurğulayıb:

"O cümlədən təməli qoyulan Füzuli, Ağdam, Cəbrayıl şəhərlərində də məskunlaşma üçün əsas yaradacaq yaşayış binalarının inşası ilə bağlı işlər davam etdiriləcək”.

Vüqar Bayramov işğaldan azad olunan ərazilərdə aparılacaq məskunlaşmanın zaman tələb edən bir proses olduğunu önə çəkib:

"Xüsusən də nəzərə alaq ki, həmin ərazilərimiz tamamilə dağıdılıb. Ona görə də məskunlaşmanın mərhələli şəkildə həyata keçiriləcəyi gözlənilir. Bunu da nəzərə alaq ki, ötən müəddətdə 600 km-dən artıq avtomobil yolları salınır və təmir olunur. Eyni zamada dəmir yolu infrastrukturu formalaşdırılır”.

Deputat hesab edir ki, bütün bunlar intensiv şəkildə həyata keçiriləcək:

"Bu baxımdan da məskunlaşma gözlənildiyindən və ya proqnozlaşdırıldığından daha tez həyata keçirilə bilər”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Oxşar xəbərlər