Son zamanlar müxtəlif universitetlərin tələbələri arasında zəhərlənmə faktları qeydə alınır. Bu zaman isə müxtəlif səbəblər göstərilir ki, daha çox da qida zəhərlənməsi önə çəkilir. Bəs əsl səbəb nədir? Tələbə nə yeyir ki, yediyi başına bəla olur?
Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Tələbə: "Tələbə ən çox pulu nəyə çatırsa onu alıb yeyir. Amma belə universitetdə olan yeməklərdən də yeyirlər. Eləsi var qamburger, eləsi var dönər yeyir”.
Kamran Əsədov – Təhsil eksperti: "Tələbələr arasında əvvəlki illərlə, aylarla müqaisədə zəhərlənmə halları çoxalıb. Diqqət çəkən məqam odur ki, xüsusilə qız tələbələr daha çox zəhərlənirlər. Bu ona görə baş verir ki, təəssüf ki, bəzi xanım tələbələr gigiyenik və qida normalarına riayət etmirlər”.
Ekspertlərin sözlərinə görə, tələbələrin böyük əksəriyyəti təhsil müəssisəsindən kənarda qidalanır. Bu baxımdan zəhərlənmələrin ali məktəblərə aidiyyəti yoxdur.
Buludxan Xəlilov – ABPU-nun kafedra müdiri: "Bəzən tələbələrin zəhərlənməyini ayrı-ayrı təhsil müəssisələrindəki yeməkxanaların üzərinə yıxırlar. Bu ədalətli yanaşma deyil. Çünki təhsil müəssisələrindəki yeməkxanalarda ərzaqlar yoxlanılır, ona nəzarət var. Orda təkcə tələbələr yemir, professor müəllim heyəti də yeyir. Bəs onlar niyə zəhərlənmir”.
Dietoloqlar isə düşünür ki, bu hadisələrin baş verməsinin əsas səbəbi tələbələrin qidalanmalarında fəst fud, mənşəyi bəlli olmayan ucuz qidalara üstünlük vermələridir.
Leyla Zülfüqarlı – Dietoloq: "Ümumiyətlə onlar qida çeşid qrupunu yəqin ki, səhv seçirlər. Tez hazırlanan bir şey seçirlər. O zaman vaxtı keçmiş qidalar da qəbul edə bilərlər. 2-ci məqam isə "fast food”lardır. İstəyir balıqla olsun, istəyir digər ətlə, hər bir halda onun mənşəyi məlum deyil. O balıqlar köhnə ola bilər, zəhərlənmə verə bilər. Bəzən qidaların bir-biri ilə də əlaqəsi ola bilir. Yəni, bəzi qidalardan sonra hansı-hansı qida qəbul olunmamalıdır. Bunu bir tələbə bilməyib edə bilər”.
Kamran Əsədov – Təhsil eksperti: "Ali təhsil müəssisələrinin yaxınlığında bu tipli satış həyata keçirilməsin, yəni həyata keçirilən qida satışı yerlərində mütləq şəkildə hər gün monitorinqlər olmalıdır. Bura vaxtı keçmiş ət məhsulları gətirlə bilər, insan orqanizmi üçün zərərli olan məhsullar gətirilə bilər ki, bunlara nəzarət olunmur”.
Sağlam bədəndə sağlam ruh olar. Bunun üçün isə əsas məqam sağlam qidalanmaqdır. Qidamıza diqqət yetirək ki, sonra hər hansı bir fasadla üz-üzə qalıb, sağlamlığımızı təhlükəyə atmayaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər