Şahin Cəfərli

Blogger
Yazılar
46
Zərifin qeyri-zərif reaksiyası

Zərifin qeyri-zərif reaksiyası

İranı narahat edən doğrudanmı Ərdoğanın oxuduğu bayatıdır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Bakıda keçirilən Zəfər paradındakı çıxışı diplomatik qalmaqala səbəb olub. Çıxış zamanı onun söylədiyi bayatı İran hökumətində ciddi narahatlıq yaradıb.

Həmin bayatı belədir:

Arazı ayırdılar,

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım,

Zülm ilə ayırdılar…

İranın xarici işlər naziri Cavad Zərif prezident Ərdoğanın səsləndirdiyi bu misralardan siyasi mənalar çıxarıb və heç də diplomatik olmayan üslubla, hətta əsəbi tərzdə öz etirazını bildirib. O, "Twitter”də yazıb:
 


"Ərdoğana deməyiblər ki, Bakıda söylədiyi şeir Arazın ana vətən İrandan zorla ayrılmış şimal hissəsinə aiddir? Görəsən, o, Azərbaycan Respublikasının suverenliyi əleyhinə danışdığını da anlamayıb? HEÇ KƏS BİZİM əziz Azərbaycan haqqında söz deyə bilməz!”

Nazirin bu reaksiyasından sonra Türkiyənin Tehrandakı səfiri Dərya Örs İran XİN-ə dəvət edilərək ona rəsmi etiraz çatdırılıb və izahat tələb edilib.

C.Zərif "ana vətən İranın şimal hissəsi” dedikdə Azərbaycan Respublikasını, "Bizim əziz Azərbaycan” dedikdə isə İran Azərbaycanını nəzərdə tutur. Yəni C.Zərif Türkiyə prezidentini İranın ərazi bütövlüyünü şübhə altına alan şeir oxumaqda günahlandırdığı "tvit”ində bəlkə özü də fərqinə varmadan Azərbaycan Respublikasına ərazi iddiası irəli sürmüş olub.

Əslində bu, yeni bir şey deyil, İranda Azərbaycan Republikası ərazisi, ümumilikdə Cənubi Qafqaz coğrafiyası "Qacarların xəyanəti nəticəsində itirilmiş şimal torpaqları” hesab olunur. Azərbaycan tarixçiliyində, ədəbiyyatında və ictimai şüurunda Gülüstan və Türkmənçay müqavilələri vətənin iki yerə bölünməsinə səbəb olan bədnam anlaşmalar kimi lənətləndiyi halda, İranda da bu anlaşmalar İran torpaqlarını parçalayan, onu böyük ərazi itkilərinə məruz qoyan faciə kimi lənətlənir. İran idarəçiləri zaman-zaman bunu açıq şəkildə ifadə etməkdən də çəkinmirlər. Məsələn, prezidenti Həsən Ruhani 2019-cu ilin fevralında İslam inqilabının 40-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışında ölkəsinin son 2 əsrdə xeyli torpaq itirdiyini bildirmişdi:

"Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar…”

205 il əvvəlki hadisə Gülüstan (1813), 191 il əvvəlki hadisə isə Türkmənçay (1828) sülh müqavilələridir. Ruhani yenə həmin il başqa bir toplantıda deyib:

"Cənubi Qafqaz və Azərbaycan Respublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirib və bu ərazilərin İrana birləşməsini tələb edib. Biz bu gün də həmin fikirdəyik. Çünki əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir…”

Vilayəti-fəqihin baxışı budur.

İranı narahat edən əsl səbəblər 

Konkret R.T. Ərdoğanın oxuduğu bayatıya və İranın buna münasibətinə gəldikdə, Türkiyə prezidentinin "Arazı ayırdılar” deməklə hər hansı siyasi niyyət güdmədiyini Tehranda bilməmiş deyillər. Xüsusən də, Türkiyə və Azərbaycan prezidentlərinin bölgədə 6 dövlətin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) iştirakı ilə geniş əməkdaşlıq platformasının yaradılmasının zəruriliyini vurğuladıqları, bu istiqamətdə təşəbbüslə çıxış etdikləri bir məqamda… Deməli, bu dərəcədə etirazın və narahatlığın səbəbi başqadır.



İran dövləti Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün apardığı müharibədən, bu müharibənin səbəb olduğu nəticə və təsirlərdən ciddi şəkildə narahatlıq keçirir. Türkiyənin bu savaşda Azərbaycana verdiyi açıq dəstək, İranın "şimal torpaqları” olaraq gördüyü coğrafiyada Türkiyənin nüfuzunun artması, güclənməsi, hətta burada öz hərbi mövcudluğunu təmin etməsi Tehranda həyəcan siqnalı ilə qarşılanıb.

Yadınızdadırsa, müharibənin gedişində İran cənub sərhədlərimizə böyük qoşun qruplaşması toplamışdı. Bu, heç də Azərbaycan və erməni ordularının qarşılıqlı artilleriya atəşləri zamanı bəzi mərmilərin İran ərazisinə düşməsi ilə bağlı deyildi. İran rəhbərliyi daha çox Azərbaycan və Türkiyənin Mehri dəhlizini nəzarətə götürə biləcəyi ehtimalını göz önünə alaraq bu hazırlıqları aparırdı. (İran mediasında Qarabağa Suriyadan gətirildiyi iddia olunan silahlı qrupların İrana sızması təhlükəsindən də dəm vurulurdu.) Mehri dəhlizinin Azərbaycan və Türkiyənin nəzarətinə keçməsinin hansı geosiyasi nəticələr doğuracağı kimsəyə sirr deyil: bu halda iki ölkənin quru bağlantısı yaranacaq, bu, həm də türk coğrafiyasının bütövləşib, İranı şimaldan əhatə etməsi anlamına gələcək. Bunun İran türkləri üçün hansı cazibəni yaradacağından uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mehri dəhlizinin Azərbaycan və Türkiyənin nəzarətinə keçməsi həm də o deməkdir ki, İranın Ermənistanla quru əlaqəsi kəsilir. Bütün bunlar nəinki İranın maraqlarına ziddir, hətta onun üçün ekzistensial təhlükə yaradır. İran ordusunun komandanları "biz bölgədə sərhədlərin geosiyasətinin dəyişməsinə yol verməyəcəyik” deyəndə məhz bunu nəzərdə tuturdular. İran bu gəlişmələri əngəlləmək üçün müharibəyə girməyə və hərbi müdaxiləyə hazır idi. (Yeri gəlmişkən, qeyd edək ki, 10 noyabr Bəyanatına uyğun olaraq Naxçıvan və Azərbaycanın digər hissəsini birləşdirəcək quru və dəmir yolu Rusiyanın nəzarətində olacağı üçün geostrateji mənada böyük əhəmiyyət kəsb etməyəcək.)

İranın cari təhdid kimi dəyərləndirdiyi hadisələrdən biri müharibənin gedişində Azərbaycan ordusu tərəfindən İsrail kəşfiyyat dronlarının aktiv istifadəsi idi. Onlar şübhələnirdilər ki, sərhəddə uçan bu dronlar kameralarını İran istiqamətinə yönləndirib, kəşfiyyat məlumatları toplayaraq İsrailə ötürə bilər.

İranın başqa bir narahatlıq mənbəyi isə ölkənin içərisi, onun daxili stabilliyi və ümumilikdə ərazi bütövlüyünə risklərin meydana çıxması ilə bağlı idi. (Strateji təhdid.) Azərbaycanda müharibənin başlanması, xüsusən də Azərbaycan ordu bölmələrinin sərhədin o tayında adi gözlə rahatlıqla görünən məsafədə hərbi əməlyyatlar keçirməsi və irəliləməsi İran azərbaycanlıları (türkləri) arasında böyük həyəcana və sevincə səbəb oldu. Xudafərinin o tayına yığışıb, Azərbaycan əsgərlərini alqışlayan, sevincdən göz yaşı tökən insan mənzərələrinin Tehrandakı inqilab rəhbərliyində hansı ovqat yaratdığını təxmin etmək çətin deyil. Hələ üstəlik, İran ərazisi vasitəsilə Rusiyadan Ermənistana hərbi yüklərin daşınması ilə əlaqədar etiraz aksiyaları da keçirildi.

Bir sözlə, bu savaş İran Azərbaycanında millətçi duyğuları qabardan bir hadisəyə çevrildi və İranın müharibəni mümkün olan ən qısa müddətdə dayandırmaq cəhdləri bununla bağlı idi.

İndi hələ müharibənin əks-sədası btməmiş, Qələbə paradı kimi İrandakı soydaşlarımızın da diqqətlə izlədiyi tarixi tədbirdə Türkiyə prezidentinin Azərbaycan xalqının zorla bir-birindən ayrılmasına işarə edən misraları tribunadan – özü də Türkiyə və Azərbaycan ordu bölmələrinin qarşısında – hayqırmasının güneydə doğuracağı hissləri düşünün… İran idarəçilərinin niyə belə qəzəbləndikləri anlaşılır. Onların bu bayatını məsum bir xalq yaradıcılığı nümunəsinin səsləndirilməsi kimi qəbul etmələri çətindir.

Türkiyə səmimi olaraq İran İslam Respublikasının ərazi bütövlüyünə tərəfdardır, ən azı ona görə ki, İranın parçalanması Türkiyə üçün də ciddi risklər yarada bilər. İranda Türkiyə dövlətinin bu ənənəvi mövqeyini yaxşı bilirlər. Amma əminlikləri yoxdur və güvənmirlər – xüsusən də Ərdoğan kimi olduqca mütəhərrik siyasət yeridən qeyri-standart və ambisiyalı liderə…

Şahin Cəfərli
Pressklub.az

OXŞAR XƏBƏRLƏR

X