Məqsəd Nur
Ölkə 13:14 15.01.2024

Zilin zili

Xalqın sevdiyi əksər insanların ölümündən, taleyindən, sənətindən danışanda ilk növbədə onun ən yaxşı işini, ən bəyənilən əsərini misal çəkirlər. Fəqət bu misallar nə cür etsək də, musiqi dili ilə demək caizsə, ya çox major notda olur, ya da lap kədərin dibində - minorda. Aygün Bəylərin şedevri sayılan "Tut ağacı" mahnısı da bu notları birləşdirən, lakin yenə də, necə deyərlər, "ürəkdən tikan çıxaran" - təəssüf, kədər, xatirə, nostalgiya dolu bir əsərdir. Hamı Aygünü yad  edərkən daha çox həm də bu əsəri xatırlayır. Eyni zamanda mügənninin və mahnının timsalında uşaqlığına, "kiçicik günahlarına", darıxdığı anlara dönür. Bir haşiyə çıxıb çox sevilən "Məktəb illəri" nəğməsini də xatırlatmaq istərdim. 

Bütün bu sevilən nəğmələrə fenomenal sevginin musiqi qatından başqa bir hekayə qatı da var. Təsəvvür edin, məktəb illərini xatırlayarkən şaqraq gülüşlər, dəcəl vaxtlar, məktəb yoldaşları, bol günəşli günlər arxa fonda qalır, pioner kimi addımlayıb marş irəli çıxan isə hüzn, kədər, təəssüf, itirilmiş dünyaların xiffəti olur. 

Aygün Bəylərlə görüşmək mənə bir dəfə - 2014-cü ildə qismət olub. Onun bütün həyat yolunu, taleyini bircə cümlə ilə mükəmməlcəsinə təsvir edən dəyərli bəstəkar Cavanşir Quliyev oldu: "Daxili azadlığı Aygünü odlara yaxdı" (fikri ümumiləşdirərək yazıram). Mən də elə 2014-cü ildəki o görüşdən sonra bunu düşünürdüm. Onunla görüşdən, qısa söhbətdən sonra musiqiləri, sənəti yadımdan çıxdı, insan tanıdım - daxili azadlığının əlindən tutub odlara apardığı insan. Belə insanlara dayan, dur, etmə deyə bilməzsən.     

Bəli, bu odlara yaxan daxili azadlığın bütün ədəbiyyatımızda və incənətimizdə hökm sürməyi birmənalıdır. Amma quşlar aparsın o azadlığı ki, mərkəzəqaçma qanunu ilə işləməyə başlayır, məhvə gedir, qanadlanmır, oddan çıxammır, necə yandığı barədə hekayələri həyat məktəbinə, bariz təcrübəyə çevirə bilmir, soyuq gerçəkləri insanlara da  danışıb heyrətə gətirə bilmir. Bax, bizim bütün ədəbiyyat və incəsənət irsimiz, əsasən, beləcə danışılmamış hekayələrdən, yaxud içəqaçma, dərinəgetmə hallarından ibarətdir. Ən şedevr əsərlərdə belə qaçış var: kənara, daxilə, kosmosa - hər tərəfə qaçış var, bircə əsl hekayəyə taxılıb oturmaq, azacıq hövsələ edib yanındakı İNSANA - ÖZÜNƏ yaxşı-yaxşı, səbrlə baxmaq yoxdur. Və mütləq "ürəkdən tikan çıxırmalıdır" sənin həyatın, sənətin. Ki, səni sevsinlər. Və od şölələri kimi yanmalıdır! Sevgi axtarışında olmağın, onun dalıyca qaçmağın sonu da beləcə odlara yandırır... 

Bunu da deyim, ürəyimdən tikan çıxsın, muğam sənətimiz, musiqimiz neçə illərdir, bağırır, çağırır - bir sözlə, major notdan, zilin zilindən düşə bilmir. Axı mən sizə oxumaqdan danışıram, əsl oxumaqdan. İş orasındadır ki, məhz səsi olanlar (oxuya bilənlər) o qədər bağırır ki, adam muğamatdan bezir, harmoniya pozulur, diapazon itir, oktava yoxa çıxır. Zilə qalxır, oradan enmək üçün isə pilləkən lazım olur, ya da döngələrə girir, axırda hind, fars, ərəb musiqisi alınır. Onda da "əlvida, Üzeyir Hacıbəyov"! Əlibaba Məmmədov gənc muğamçılara necə deyirdi: "Nöş qışqırırsan, a bala"?

Bütün major notlarımız, əlbəttə, sənət hadisəsi, min illik mədəni irsimizin özəyidir, amma bu qədəri bəzən çox olur. Mənə görə, daxili azadlıqların ən gözəl ifadəsi minorda danışmaq, sənətin səslərinə bir yarpaq xışıltısı kimi qulaq verib dinləməkdir. 

Bir anlığa təsəvvür edək: Aygün Bəyləri "Avroviziya" mahnı müsabiqəsinə çıxarırıq - elə bir kompozisiya hazırlayırıq ki, minoru da var, majoru da, tarı da var, kamanı da, roku da var, blüzü də. Və bir az Avropaya, bir az qərbə, bir azca da şərqə oxşayır kompozisiya. Necə olardı? Yəqin, qalib gələrdi. Niyə etmədik? Olmadı. Bəlkə, estetik əməliyyat və onun ətrafında dövr edən digər sənayelərə təslim olmamışdı, ona gorə? Bilmirəm.
Özümdən başlayım, gedim, bir daha "Dədə Qorqud" dastanını  orijinal dildə oxuyum. Orada çox da major olmayan qopuz səsi var... 

Məqsəd Nur