Xəbər lenti

Ziya Məmmədovun 100 milyona qurduğu Mərkəzi “söküb yenidən yığırlar”
Ekonomiks 09:14 14.09.2018

Ziya Məmmədovun 100 milyona qurduğu Mərkəzi “söküb yenidən yığırlar”

Ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində idarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Təəssüf ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə qurulmasına 100 milyon manata yaxın vəsait ayrılan və Prezidentin də iştirakı ilə 2011-ci ilin sonunda açılışı olan Mərkəz ona olan etimadı doğrultmur.

NİİM o vaxtkı Nəqliyyat Nazirliyinin nəzdindən çıxarılıb Bakı Nəqliyyat Agentliyinin nəzarətinə veriləndə əksəriyyət sistemin bundan sonra nöqsansız işləyəcəyini düşünürdü. Amma təəssüflə qeyd etməliyik ki, NİİM-in saytı da işləmir, mobil tətbiqeetmə yenilənmir, şəhərdəki tablolar yolun açıq və havanın günəşli olduğunu göstərməkdən başqa heç nəyə yaramır. Məhz sadaladığımız problemlərlə bağlı ilin əvvəlində Bakı Nəqliyyat Agetliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə söhbətləşmişdik. Təxminən ilin sonlarına doğru dəyişən nəsə varmı? 

Modern.az saytı bütün bunlara aydınlıq gətirməsi üçün yenidən Mais Ağayevə müraciət edib.

- Mais bəy, böyük vəsait sərf edilərək yaradılan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda nə işə yarayır? Paytaxtın nəqliyyat sistemində müşahidə edilən xaosu bu qurumamı borcluyuq?
- Hazırda mərkəzin təyinatı üzrə fəaliyyət göstərməsi üçün yenidənqurma işləri aparılır. Məqsəd dayanıqlı proqram təminatına əsaslanan bir sistemin qurulmasıdır. Bunun üçün inkişaf etmiş şəhərlərin təcrübəsi öyrənilir. Xüsusən də Türkiyənin İstanbul şəhərində analoji işlərlə məşğul olan qurumlarla sıx əməkdaşlıq edilir. Yaxın vaxtlarda bu işlərə yekun vurulması nəzərdə tutulub. Bundan sonra Bakı şəhəri üzrə svetaforların, parklanma yerlərinin idarə olunması, yollarda nəqliyyat axınının tənzimlənməsi bu mərkəzdən həyata keçiriləcək. Yenilənmə işlərindən sonra NİİM-in imkanlarından istifadə etməklə sərnişindaşımaya aid bəzi vacib məsələlərin də tənzimlənməsi müasir standartlara uyğun həyata keçiriləcək.



- NİİM yaradılarkən, çox böyük ümidlər verildi, xüsusilə pik saatlarda paytaxda müşahidə edilən tıxacın aradan qaldırılacağı bildirildi. Hazırda heç dayanacaqlardakı Avtobus İnformasiya terminallarından belə hansısa məlumat almaq mümkün deyil. Bu baxımdan qurumun adındakı intellektual sözünün ixtisar olunması daha məqsədəuyğun deyilmi?
- Qeyd etdiyiniz problemlərlə razıyıq. Və məqsədimiz onların həll olunmasıdır. Bu gün dayanacaqlardakı Avtobus İnformasiya Terminallarının işləməməsinin əsas səbəblərindən biri də kənar müdaxilələrin olmasıdır. Təəssüf ki, ayrı-ayrı şəxslər və ya qurumlar yollarda hər hansı bir qazıntı işləri apardıqları zaman müvafiq icazələrin alınması məsələnə ciddi yanaşmayıblar. Bu sahədə olan xaotik vəziyyət nəticəsində həmin terminalların və ya svetaforların naqillərinin zədələnməsinə səbəb olub. Bildiyiniz kimi, biz müxtəlif vaxtlarda dayanacaq pavilyonlarının qeyri-qanuni olaraq sökülməsi halları ilə rastlaşmışıq. Bu zaman informasiya terminallarına da ciddi ziyan vurulub. Və əlbəttəki sistemdə olan çatışmazlıqlar nəticədə bu gün hər birimizi narahat edən mənəzərinin yaranmasına səbəb olub. bu



- Mais bəy, nə vaxt vədlər verməkdən iş görməyə və nəticələr hasil etməyə başlanılacaq? Sərnişinlərin narazılığına nə vaxt son qoyulacaq?
- Bu gün BNA NİİM-in fəaliyyətinin bərpası istiqamətində ciddi iş aparır və yaxın vaxtlarda bunun müsbət nəticələrini hiss edəcəksiz. Əhaliyə müasir tələblər səviyyəsində sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaq bizim əsas hədəfimizdir. Bu eyni zamanda dövlət başçısının BNA qarşısında qoyduğu ən vacib tapşırıqdır. Və elə dövlət başçısının birbaşa diqqət və qayğısı ilə hazırda bu istiqamətdə ciddi iş aparılır.

- Xüsusilə sərnişindaşımada gedişhaqlarının qaldırılması vətəndaşların haqlı narazılığına səbəb olub. Qiymət baha, xidmət aşağı. Günün pik saatlarında dayanacaqlarda taksi əlindən tərpənmək mümkün deyil. Metronun "Xalqlar Dostluğu”, "Neftçilər”, "İnşaatçılar” stansiyalarının çıxışlarındakı dayanacaqlarda insanlar  avtobusa minmək üçün sürücü ilə qaçdı-tutdu oynayır. Biz nə vaxt normal sərnişinlər kimi dayanacaqda gözləyib avtobusa minə biləcəyik?
- Artıq vəsait ayrılıb, tender elan edilib. Zəruri olan prosedurlar yekunlaşdıqdan sonra müasir və komfortlu avtobuslar alınaraq şəhərimizə gətiriləcək. Yeni nəqliyyat vasitələri müsabiqə yolu ilə müntəzəm marşrut xətlərində istismara veriləcək. İlkin olaraq 300 ədəd avtobusun alınması nəzərdə tutulub. Amma bu proses davamlı olacaq və bütün avtobus parkı yenilənənədək davam edəcək. Avtobus parkı yeniləndikcə marşrut xətləri üzrə müyyən optimallaşdırma işləri də aparılacaq. Bu çərçivədə ola bilsin yeni xətlər açılacaq, bəzi mövcud xətlərin ləvğ ediləcək, hansısa birinin sxemində dəyişilik ediləcək. Yeni avtobusların gətirilib xətlərə buraxılması ilə nağdsız ödəniş sisteminə qoşulan xətlərin əhatə dairəsi də genişlənəcək. Bunun özünün də müsbət tərəfləri var. Bunun sayəsində biz dəqiq sərnişin axınını biləcəyik ki, bu məlumatların marşrut xətlərinin optimallaşdırılması baxımından əhəmiyətlidir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->