Bir vaxtlar az qala Bakının simvoluna çevrilən "London Taxi TX4” taksiləri indi əhəmiyyətsiz nəqliyyat növünə çevrilib. Hətta vəziyyət elə günə qalıb ki, "London taksi”lərilə işləmək istəyən sürücülər belə tapılmır. Bundan başqa, həmin maşınlara qoyulan sayğaclar (taxometr) da çıxarılır.
Ekspertlər isə deyirlər ki, artıq "London taksi”lərinin dövranı bitib. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, buna əsas səbəb Bakıda taksi xidmətləri arasında rəqabətin yüksəlməsidir.
"Taksi xidmətinin qiymətinin aşağı düşməsi bunun əyani göstəricisidir. Taksi şirkətlər arasında daşınma uğrunda amansız mübarizə gedir. Hətta bəzi məqamlarda avtobuslardan da ucuz xidmət göstərən taksi xidmətləri var”, - deyə Məzahir Rüstəmov bildirib.
Eksper deyir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə ölkəyə gətirilən "London taksi”lərinin qiyməti dəyərindən bir neçə dəfə baha göstərilmişdi:
"Həmin dövrdə taksi xidmətində rəqabət yox idi. Bu istiqamətdə şirkətlər mövcud deyildi. Onların yaradılmasına qarşı süni maneələr vardı. Ona görə də, "London taksi”ləri baha qiymətə xidmət göstərirdi.
İndi isə vəziyyət dəyişib. Bu səbəbdən də, "London taksi”lərdə sayğacların qoyulmasına ehtiyac yoxdur”.
M.Rüstəmov deyir ki, artıq xaricdən gələn tursitlərin də bu taksilərə marağı azalır:
"Artıq taksi xidmətilə məşğul olan şirkətlər işlədiyi sürücülərin peşəkarlığını və dil bilgisini nəzərə alırlar. Bu sahədə də rəqabət yaranmağa başlayıb.
Getdikcə "London taksi”ləri əhəmiyyətsiz bir şeyə çevrilir. İndi insanlar cibinə görə hərəkət edirlər. Vətəndaşların çoxu ucuz getmək istəyirlər. Bu gün hərəkətin ucuz qiymətə başa çatması nəzərdə tutulur”.
Qeyd edək ki, hazırda "London taksi”ləri 15 min manata satılır. Halbuki, 2011-ci ildə "Marganese Bronze Holdings PLC" şirkətilə bağlanmış müqavilə çərçivəsində Azərbaycana gətirilən "London taksi”lərinin qiyməti 35 min manat təşkil edirdi.
Bununla da, ölkə büdcəsi hesabına alınan bu avtomobillər indi ucuz satılır. Halbuki, həmin dövrə nisbətən avtomobillərin qiyməti bir neçə dəfə qalxıb.
Rəsmi qurumlar isə "London taksi”ləri ilə bağlı səslənən iradların əsassız olduğunu bildirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirib ki, hələ də "London taksi”lərə tələbat böyükdür.
"İstəyirəm bildirim ki, "Bakı Taksi Xidməti”nin "London taksi”lərinə yenə də tələbat var. Daha çox turistlərin bu taksilərə tələbatı böyükdür. Müxtəlif otellərin qarşısında, hava limanında bu taksilərdən istifadə edirlər.
Bu şirkət 500 taksi ilə xidmətə başlayıb. Hazırda onların 490-dan çoxu xidmətdədir. Bir neçə taksi isə qarajda ehtiyat üçün saxlanılır. Fövqəladə hal olduqda, yaxud xüsusi sifariş olduqda onlar xidmətə buraxılır”, - deyə Nuridə Allahyarova bildirib.
Digər taksilərə nisbətən baha olmasına qalınca, deyirsizsə, qurum rəsmisi bu taksilərdə gediş haqqının xidmət səviyyəsinə uyğun olduğunu vurğulayıb.
"Hazırda "London taksi”lərinin xidmətləri daha yüksəkdir. Sürücüləri işə cəlb etdikdə iki dil bilmələri əsas götürülür. Onlar işə götürüləndə xüsusi seçimlər edilir. Təkcə sürücülük kateqoriyası deyil, insanlarla işləmək prinsipləri, peşəkarlığı yoxlanılır.
Bəli, elə daşıyıcılar var ki, çox ucuz qiymətə aparır. Bəzən gürürük ki, gediş haqqı heç yolun xərcini ödəmir. Lakin həmin maşında göstərilən xidmət, sürücü davranış ödənilən qiymətə uyğun olur. Seçim təbii ki, vətəndaşların öhdəsinə düşür”.
Taksilərdə sayğacların (taxometr) çıxarılmasına gəlincə, N. Allahyarova deyir ki, bu dövlət nəzarətində olan avtomobillərinə aid deyil:
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin tabeçiliyində fəaliyyət göstərən "Bakı Taksi Xidməti” MMC şirkəti nəzarət edir. Bundan başqa, "Bakı Taksi” MMC şirkəti də "London taksi” ilə xidmət göstərir. Onların maşınları dövlət taksiləri deyil. Onlar özəl daşıyıcı şirkətdir.
Onlar maşınları fiziki şəxslərə sata bilərlər. Dediyiniz sayğacların çıxarılması, maşınların rənglərinin dəyişdirilməsi və digər məsələlər də həmin şirkətin yaxud da, həmin şirkət vasitəsilə özəlləşdirilən avtomobillərin sahiblərinin işləri ola bilər”.
Şərhlər