Xəbər lenti

Ziyanlı qidalardan yaranan artıq çəki bir sıra xəstəliklərin səbəbidir (ARAŞDIRMA)
Sağlamlıq 16:11 30.11.2017

Ziyanlı qidalardan yaranan artıq çəki bir sıra xəstəliklərin səbəbidir (ARAŞDIRMA)

Artıq çəki bədənimizdə normadan artıq yağ yığılması nəticəsində yaranır. Sağlamlıq və gözəllik üçün müəyyən qədər qüsur hesab edilən artıq çəki hazırda müalicəsi vacib olan xəstəliklərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına əsasən, dünyada artıq çəki və piylənmədən əziyyət çəkənlərin sayı ildən-ilə artır.

Bu barədə "Report"a açıqlama verən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, rəhbərlik etdiyi komitə son zamanlar dünyada insanlarda artıq çəki məsələsindən narahatdır: "Artıq çəkidən irəli gələn xəstəliklər var. Diabet və digər xəstəliklər bura aiddir. Bunlar düzgün qidalanmamaqla bağlıdır. Əlbəttə, televiziyalarda insan orqanizminə ziyanlı olan qidalarla bağlı verilişlər yayımlanırsa, bunun müəyyən qədər qarşısını almaq lazımdır. Burada əsas məsələ maarifləndirmə işlərinin aparılmasıdır. İnsanlara bu qidaların nə qədər ziyanlı olduğu deyilməlidir. Bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. "Reklam haqqında” qanunda belə bir qadağa yoxdur. Televiziyalarda sağlam həyat tərzinin təbliği üçün sosial reklama yer ayrılmalıdır. Yaxşı olar ki, kommersiya televiziyaları da bu məsələyə diqqət yetirsinlər".



O, əlavə edib ki, bu sahədə maarifləndirmə işinə üstünlük verilməlidir: "Nəyinsə qadağan olunmasının tərəfində deyiləm, çünki təcrübə göstərir ki, qadağalar faydalı deyil. Bir müddət əvvəl Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə qərar verdi. Bunların hamısı insanların təhlükəsiz qidalanmaları üçündür. Televiziyalarda sağlamlıqla bağlı verilişlər yayımlanır, həmin verilişlərdə daha çox xəstəlikdən danışırlar. Gələcəkdə qanunvericiliyə dəyişiklik etmək olar, məsələn, yağlı, şirin ərzaqların, o cümlədən qazlı suların reklamı limitləşdirə bilər. Biz çalışırıq ki, ziyanlı məhsulların reklamı çox olmasın. Ən əsası insanlar qidalanmalarına fikir verməlidirlər".

Mövzu ilə bağlı araşdırma apararkən hazırda ölkədə pəhriz saxlayan və ya diabet xəstələri üçün nəzərdə tutulan qida müəssisələrinin olduqca az olduğu məlum oldu. Bu kimi müəssisələrdən biri olan "Sweet Diet" şirniyyat evi 2012-ci ildən fəaliyyət göstərir.
 


Şirkətin rəhbəri Çinarə Bağırlı deyib ki, digər şirniyyatlar ilə müqayisədə "Sweet Diet"də hazırlanan şirniyyatların kalorisi 3-4 dəfə az olur: "Bizim şirniyyatlarda un-yulaf kəpəyi ilə, şəkər-şəkər əvəzləyicisi ilə və süd, qatıq, kəsmik kimi məhsullarımızın hamısı yağsızdır. Məhsullarımız diabetdən əziyyət çəkən, pəhriz tutan və kökəlmək istəməyən insanlar üçün idealdır. Azərbaycanda diabet xəstələrini düşünən çox az yerlər olduğu üçün "Sweet Diet" bununla fərqlənir".

"Sweet Diet"in Azərbaycan bazarında pəhriz məhsullarının istehsalı və paylanması ilə məşğul olan ilk şirkət olduğunu deyən Ç.Bağırlı qeyd edib ki, dietik və yaxud diabetik məhsulların ölkəyə idxalına gömrük rüsumlarından azad edilməməsi onlara problem yaradır: "Hazırda Azərbaycanda yulaf kəpəyi isteshal olunmadığı üçün Rusiyadan idxal olunur. Bu halda isə onun hər kiloqramının maya dəyəri 7-8 manat təşkil edir. Halbuki, həmin məhsulun 1 kiloqramı qonşu ölkədə 1 manata təklif olunur. Kəskin qiymət fərqi yüksək gömrük rüsumları ilə bağlıdır. Hələ ki, vəziyyətdən çıxış yolları axtarırıq". 
Onun sözlərinə görə, son nəticədə "Sweet Diet"in məhsullarının qiymətləri 0,7-3 manat arasında dəyişir ki, bu da onların maya dəyəri baxımından normal hesab olunmalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->