Xəbər lenti

ÜZRLƏ QƏBAHƏTİN BALANSI - Fazil MUSTAFA
Siyasət 16:41 25.03.2013

ÜZRLƏ QƏBAHƏTİN BALANSI - Fazil MUSTAFA

Fazil MUSTAFA

İsrailin Türkiyədən üzr istəməsi özlüyündə müsbət hadisə olsa da, AKP-nin bunu daxili siyasət təbliğatının əsas maddəsinə çevirməsi xoş təəssürat yaratmır. Ümumiyyətlə, İsrailə yönəlik siyasətdə Fələstinə dəstək amilini düşünərək Türkiyə hökumətinə haqq qazandırmaq mümkün olsa da, bu qədər sərt və barışmaz tutum heç də Türkiyənin faydasına sayılmaz.


ABŞ bölgədə siyasi planlarının gerçəkləşməsi üçün ağırlığı bu iki dövlətin üzərində qurduğundan, İsraili inadkar davranışdan əl çəkməyə məcbur etdi. İran, Suriya və Fələstin məsələlərində çox güman ki, Türkiyə və İsrailin birgə siyasət formalaşdırması nəzərdə tutulmuş. Bütün hallarda Türkiyənin rolunun artması üçün ABŞ yeni imkanlar açmış oldu.

Ərdoğanın PKK ilə bağlı izlədiyi yeni siyasət hər nə qədər riskli görünsə də, ən optimal yollardan biri sayıla bilər. İsraillə münasibətlərin normallaşması da PKK-nı ciddi bir dayaqdan məhrum edəcək. Çoxları məsuliyyətsiz formada PKK-ya qarşı ənənəvi tədbirlərin davamını tələb edə bilər, ancaq illər uzunu sınaqdan çıxmış savaş yolu terroru dayandıra bilmədiyindən, yeni vasitələrin işə düşməsi vacibdir. Bizim kimi Neft Fondundan boşalmış büdcəni doldurmaq şansları yox. Hər alınan silahın, atılan patronun vergi ödəyicisinin cibindən çıxdığını hər kəs anlayır və yerini doldurmaq üçün təbii resursları da yox.

İsrail rəsmiləri üzr məsələsini şərh edərkən maraqlı bir ifadə işlətdilər: dövlətin ali mənafeləri tələb edəndə, qürur məsələsi arxa palanda qala bilər. Türkiyədə isə PKK-ya yönəlik yeni siyasəti tənqid edənlər məsələyə demək olar ki, qürur kontekstindən yanaşırlar.

Dövlətin ali mənafeyi, yoxsa qürur? Hər toplumun xarakterinə aid elə nüanslar var ki, hansı tarixi məqamda hansını seçmək sadəcə siyasətçilərin zəka və intuisiyasına buraxılmış bir məsələdir. Nə yazıq ki, heç də uzaq olmayan bir zamanda Qarabağ məsələsi ilə bağlı bizi də bu seçim qarşısında qoyacaqlar.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->