Zülfüqarov: “Ermənilər həll olunmayan variant təklif edirlər”

Zülfüqarov: “Ermənilər həll olunmayan variant təklif edirlər”

"Ümumi tendensiya ondan ibarətdir ki, İrəvan artıq konfrantasiya yolunu tutub. Həmin yolda sərgilədikləri bu və ya digər mövqeləri onu göstərir ki, ermənilər məsələni həll etmək deyil, mövcud vəziyyəti uzatmaq, ya da hansısa şəraiti yaratmaqla köhnə siyasətlərini davam etdirməyə çalışırlar”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərdə delimitasiya və demarkasiya prosesinin nədən başlanacağı ilə bağlı məsələlərin müzakirə olunacağı barədə dediklərinə münasibət bildirərkən deyib.
 
Ekspert bildirir ki, İrəvanın istədiyi şərait hansısa kənar qüvvələri bölgəyə cəlb edib, onların arxasından köhnə siyasətlərini həyata keçirməkdən ibarətdir:

"Paşinyan üç mövzu - Qarabağa, sərhədə və dəhliz məsələsinə aid fikir səsləndirib. Sərgilədikləri hər bir mövqedə görürük ki, həll olunmayan variant təklif edirlər. Deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma Qarabağın bu mövzuya aydiyyatının olmadığını da iddia edirlər. Necə yəni, aydiyyatı yoxdur? Azərbaycan 44 günlük müharibə ilə öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib”. 

Sabiq diplomat qeyd edir ki, ermənilər reallıqdan uzaq düşüblər: 

"Belə vəziyyətdə İrəvanın köhnə siyasətdən əl çəkməməsi o deməkdir ki, ermənilər reallıqdan uzaqdır. Bu mövzunu sərhədlərlə bağlı da təkrarlamaq olar. Sanki verilən qərarlar hansısa kolxozun qərarıdır deyə, anklavlar mövzusuna yenidən baxılmasını istəyirlər. Kolxoz hesab edirlərsə, onda keçən əsrin 20-ci ilində Zəngəzurun onlara verilməsi də hansısa kolxoz səviyyəsində verilən qərardır”. 

T. Zülfüqarov bildirir ki, Bakının sülh siqnalları İrəvana təsir etməyib:

"Ermənistanın heç bir potensialı yoxdur, iqtisadi, hərbi, demoqrafik imkanları aşağı səviyyədədir. Heç xarici vəziyyət də onlara buna nail olmağa imkan vermir. İrəvanın əsas məqsədi Azərbaycan və Türkiyə ilə Rusiyanı toqquşdurmaqdır. Moskva isə buna getməyəcək. 

Bu baxımdan İrəvandan verilən bəyanatlar onu göstərir ki, Azərbaycanın sülh siqnalları onlara təsir etməyib. Belə bir siyasət isə heç bir potensialı olmayan ermənilərə gələcəkdə çoxsaylı problemlər gətirəcək”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X