Hüseynbala Səlimov
Siyasət 11:45 30.07.2021

Özümüzdən geridə bildiklərimiz: Mərkəzi Asiya...

Hüseynbala Səlimov

Etiraf edək ki, məlum qırğız inqilablarına qədər Mərkəzi Asiya ölkələrindəki siyasi proseslər elə də diqqət çəkmirdi. Belə təəssürat yaranırdı ki, burada siyasi və geosisyasi planda hər şey həll olunub. 

Siyasi planda regionun demək olar ki, bütün dövlətləri sırf avtoritar rejimlər idi, geosiyasi mətləblərə gəldikdə isə, onların hamısı Rusiyanin satellitlləri idi və hazırda da satellitləridir.

Amma bu yaxınlarda regionun sükutu pozuldu: Tacikstanla Qırğızıstan arasındakı sərhəd münaqişələrindən sonra təkrar əfqan təhlükəsi qarşısında səyləri birləşdirmək üçün regional məsləhətləşmələr başlandı.

Amma bu haqda bir qədər sonra. İndilik isə deyək ki, oktyabrın 24-də Özbəkistanda prezident seçkisi olacaq. Ekspetlərin rəyi budur ki, hazırki prezident Ş.Mirziyoyev təkrar prezident olacaq. Məsələ onda deyil ki, buna səbəb Mirziyoyevin administartiv resurslarıdır. Yox, çoxu belə hesab edir ki, özbək prezidenti özündən əvvəlki prezidentin – İslam Kərimovum siyasi mirasını xeyli islah edib, yumşaldıb. Üstəgəl, seçkidə iştirak edəcək beş namizəddən heç biri Ş.Mirziyoyevlə müqayisə ediləcək səviyyədə simalar deyil.

Odur ki, tacik diktatoru İ.Rəhmonu nəzərə almasaq, regionun demək olar ki, bütün dövlətləri daxildə yumşaq siyasət yürütməyə çalışırlar. Rəhmon isə hələ ötən il hakimiyyəti öz oğluna ötürmək istədi, amma son anda fikrindən daşındı ki, guya bunun zamanı hələ yetişməyib.

Digər respublikalara gəldikdə, Qırğızıstan çox dinamik ölkədir, Özbəkistan və Qazaxıstan prezidentləri isə bir az əvvəldə qeyd etdiyimiz kimi, daxildə də balanslaşdırılmış siyasət yürütməyə çalışırlar.

Amma bu ölkələr axır vaxtlar daha çox geopolitik planda gündəmə gəlirlər. Güman ki, yazıçı Aleksandr İsayeviç Soljenitsın indiki durumu görsəydi və Rusiyanın geosiyasi palitrasını nəzərdən keçirsəydi, bir vaxt dediyi sözləri – Mərkəzi Asiyanı Rusiyanın "qarınaltı yükü” adlandırmasını xeyli götür-qoy edərdi, çünki bu ölkələr də Rusiyanın təsir dairəsindən kənarlaşsa, Moskva daha geosiyasi qütb rolunu imitasiya edə bilməyəcək...     
 
Amma Şərq daim tənbəl-tənbəl mürgüləyir. Mərkəzi Asiya ölkələri də Şərq ölkələridir. Əlbəttə, burada dünyanın siyasi mərkəzlərindən uzaqlıq da az rol oynamır. Amma demək olmaz ki, onlar Avropanın və ABŞ–ın nəzər bucağından kənardadırlar. Yox, məsələn, avropalılar bu regionu da əhatə edəcək planlar üzərində işlədiklərini gizlətmirlər. 

Məsələn, Qazaxıstan Avropa İttifaqı ilə imzalanmış sənədlərin çeşidinə görə heç də Azərbaycandan geri qalmır. Bütün müqayisələr qüsurludur, amma burada müəyyən paralellər aparmaq olar. Biz bir-iki bina tikməyimizlə qürurlanırıq. Amma qazaxlar yeni paytaxt - yeni şəhər saldı. Digər innovasiyalara gəldikdə, məsələn, biz hələ indi ictimai nəqliyyatda islahatlar aparmaq istəyirik, qazaxlar isə bunu çoxdan ediblər. ABŞ-ın bu ölkələrə münasibətinə gəldikdə, Vaşinqton bu regionda bir neçə dəfə hərbi bazalar açıb və bağlayıb. İndi ABŞ qoşunları Əfqanıstanı tərk edir və yalnız trans-Xəzər layihəsinə ümid etmək qalır. Bu layihə də çox perspektivlidir və Azərbaycançün də müəyyən dividendlər vəd edir. Gəl, o, nə vaxt reallaşacaq, bunu heç kim bilmir.
Hazırda regionda Taliban kabusu dolaşmaqdadır. Bir az əvvəldə qeyd etdiyimiz kimi, region ölkələri əvvəlki inciklikləri unudaraq yeni təhlükəyə qarşı birləşməyə çalışırlar. Əslində bu təhlükəni yeni adlandırmaq da düzgün olmazdı. Əfqan probleminin əvvəlindən mücahidlərin diqqəti Mərkəzi Asiyada olub, çünki münaqişəni, partizan müharibəsini Sovetin öz ərazisinə keçirməyə çalışıblar. Amerikalılar bu məsələdə elə də həssas deyillər və qoşunlarının demək olar ki, doxsan beş faizini Əfqanıstandan çıxarıblar. Bəzi rusiyalı ekspertlər hesab edir ki, situasiya onların ölkəsinə təkrar geosiyasi kart-blanş verir. Amma burada başqa "oyunçu” da var və o da Türkiyədir. 

Region dövlətləri Ankara ilə ittifaq qurmağa daha meylli görünürlər. Amma bu region bir geosiyasi tələ də ola bilər. Hətta rusların çoxu regiondakı situasiyaya elə bir coşğu ilə münasibət göstərmirlər. Çünki eyni bir çaya iki dəfə girmirlər, belə ki, həmin əfqan məsələsi SSRİ-nin süqutuna aparan əsas amillərdən biri olmuşdu.