Xəbər lenti

Bakı və İrəvan vasitəçisiz danışıqlara başlaya bilərmi? (ŞƏRH)
Siyasət 22:21 13.01.2024

Bakı və İrəvan vasitəçisiz danışıqlara başlaya bilərmi? (ŞƏRH)

Son zamanlar Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar məsələsi gündəmə gəlib. Öncədən qeyd edək ki, birbaşa danışıqlar adətən tərəflər arasında razılığın əldə edilməsinin ən optimal variantıdır. Çünki belə olan halda bu danışıqlardan özlərinin geosiyasi maraqlarını güdən üçüncü tərəflər kənarda qalır. Nəticədə onlar danışıqlar prosesinə öz istədikləri məcraya yönəldə bilmirlər. Bu isə danışıq aparan tərəflər arasında sülhün daha tez əldə edilməsinə rəvac verir və bu yolla əldə edilən sülh daha möhkəm olur. 

Birbaşa danışıqlara gəldikdə, bu məsələdə əsasən Bakı maraqlıdır. Bakının bu istəyi başa düşüləndir. Azərbaycan anlayır ki, kənar vasitəçilərin iştirakı ilə aparılacaq danışıqlar regionda möhkəm sülhün bərqərar olmasına imkan verməyəcək. Əksinə, vasitəçi qismində rol alan tərəflər çalışacaq ki, əldə edilən sülh region ölkələrindən daha çox ilk növbədə məhz özlərinin bölgədə əl-qol açmalarına imkan versin. 

Ermənistana gəlincə, sözdə birbaşa danışıqlara hazır olduğu görüntüsünü yaradır. Amma real müstəvidə görünən odur ki, İrəvan ikitərəfli danışıqları özü üçün əlverişli hesab etmir. Ermənistan indiki dövrdə danışıqlardan daha çox, kənar xarici qüvvələri bölgəyə gətirmək, onların dəstəyilə öz mövqeyini az da olsa möhkəmləndirmək niyyətilə alışıb-yanır. Onun nəticəsidir ki, Ermənistan rəsmiləri Vaşinqton, Brüssel danışırlarına daha geniş önəm verir, nəinki ikitərəfli. Tərəflərin maraqlarının kəskin fərqlənməsi, habelə iki xalq arasında etimad mühitinin olmaması da birbaşa danışıqlara indiki mərhələdə maneə olan məqamlardır. Bu fonda aydındır ki, vasitəçi qismində oyuna qatılanlar da ikitərəfli danışıqların aparılmasını arzulamırlar. 

İkitərəfli danışıqlar xüsusən də Rusiyanın maraqlarına ziddir. Belə ki, Moskva regionda yalnız özünün təsir imkanlarının olmasına çalışır. Moskva üçün əraziyə digər ölkələrin gəlməsi yolverilməzdir. Rusiya ikitərəfli danışıqları ona görə istəmir ki, bu müstəvidə özü də prosesdən, bölgə ölkələrinə təsir imkanlarından kənarda qalır. Bu isə Rusiyanın yürütdüyü aqressiv siyasətlə tərs-mütənasibdir. 

Aydındır ki, Kreml bütün vasitələrdən istifadə edərək çalışacaq ki, Bakı ilə İrəvan arasında birbaşa danışıqlar baş tutmasın. Baş tutsa belə, real nəticələr əldə edilməsin. Düzdür, Kreml rəsmiləri son zamanlar ikitərəfli danışıqları alqışladıqlarını bəyan edir. Ancaq aydındır ki, bunu sadəcə regionda sülhün olmasında maraqlı olduqları görüntüsü yaratmaq məqsədilə edirlər. Reallıqda isə çətin ki, Moskva öz patronajlığından kənar ikitərfəli danışıqlara razılıq versin. 

Qərbə gəlincə, Vaşinqton ilk dövrlərdən birbaşa danışıqlara maraq göstərdiyini büruzə verib. Amma bütün hallarda aydındır ki, ABŞ və Avropa İttifaqı da əslində ikitərəfli danışıqlardan daha çox özlərinin vasitəçiliyilə olan danışıqlara önəm verir. Bu mənada onlar da reallıqda ikitərəfli danışıqlarda o qədər də maraqlı görünmürlər. 

Onu da qeyd edək ki, proses ikitərəfli danışıqlar formatında getsə belə, bu heç də kənar güclərin ona müdaxilə etməyə cəhd etməyəcəyi anlamına gəlmir. Bütün hallarda, Qərb və Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlar hətta birbaşa aparılsa belə, tərəflərdən hər hansı birinə kənardan olsa da, müəyyən müstəvidə dəstək verməklə prosesə müdaxilə edəcəklər. İrəvanın ikitərəfli danışıqlara elə də meyl etmədiyini nəzərə alsaq, onun kənar qüvvələrin əlində bu dəfə də oyuuncaq kimi istifadə ediləcəyi birmənalıdır. Bir sözlə, birbaşa danışıqlara əngəl olan hallar çoxdur və onlar hələ ki, aradan qaldırılmayıb. 

Rüfət Sultan
--> -->