ABŞ hərbi qüvvələri artıq daha ucuz hərbi sursatlardan istifadə etməyə çalışsa da, "Tomahawk” qanadlı raketlərinin istifadəsindən istifadə hələ də çoxdur və bu, ehtiyatların sürətlə azalmasına səbəb olur.
Qaynarinfo xəbər verir ki, "Washington Post” qəzetinin yazdığına görə, ABŞ "Epic Fury” əməliyyatı çərçivəsində cəmi bir ay ərzində 850-dən çox "Tomahawk” raketi buraxıb.
Bu göstərici isə əvvəlki münaqişələrlə müqayisədə xeyli yüksəkdir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ekspertləri Mark Kansian və Kris Parkın təhlilinə əsasən, hazırda ABŞ arsenalında təxminən 3 min belə raket qalıb. Ekspert Mark Kansian "Military Times”a açıqlamasında bildirib ki, ehtiyatların bu sürətlə "əriməsi” Pentaqonda ciddi narahatlıq doğurur və bu vəziyyət ABŞ-ın Sakit okean regionunda Çinə qarşı çəkindirici gücünə təsir edə bilər.
Qeyd olunur ki, "Tomahawk” raketləri olduqca bahalıdır – bir ədədinin qiyməti təxminən 3,5 milyon dollardır. Bu, hərbçiləri daha ucuz alternativlərə, məsələn, təxminən 80 min dollara başa gələn "JDAM” tipli sursatlara yönəlməyə vadar edir. Bununla belə, "Tomahawk” yüksək dağıdıcı gücünə görə əvəzolunmaz hesab olunur.
Ekspertin sözlərinə görə, bu raketlər xüsusilə müharibənin ilkin mərhələsində – ABŞ və İsrail qüvvələri İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarana qədər həlledici rol oynayıb.
"Tomahawk” raketlərinin döyüş başlığı təxminən 1000 funt çəkidədir. Müqayisə üçün qeyd olunur ki, müasir dronların döyüş başlıqları adətən 50–100 funt arasında dəyişir. Bu isə "Tomahawk”ın təsir gücünün dronlardan 10–20 dəfə artıq olması deməkdir.
Bununla yanaşı, ehtiyatların bərpası da ciddi problem kimi qiymətləndirilir. Ekspertlərin hesablamalarına görə, istifadə olunan 850–1000 raketin yerini doldurmaq üçün müdafiə sənayesinə 2–3 il intensiv istehsal tələb olunur.
Məlumata görə, ABŞ administrasiyası artıq istehsalın sürətləndirilməsi məqsədilə podratçılarla danışıqlar aparır.
Eyni vəziyyətin "Patriot” hava hücumundan müdafiə sistemlərinin raketləri ilə bağlı da yaşandığı bildirilir. ABŞ-ın Fars körfəzində təxminən 1000 belə raket istifadə etdiyi və bunun ümumi ehtiyatın dörddə birinə bərabər olduğu qeyd olunur.
Ekspert əlavə edib ki, hazırda ildə təxminən 600 "Patriot” raketi istehsal olunur və onların yarısı ABŞ-a, digər yarısı isə müttəfiq ölkələrə verilir.
Bundan əlavə, bəzi Avropa ölkələrinin ABŞ hava hücumundan müdafiə sistemlərindən imtina etməyi düşündüyü bildirilir. Buna səbəb kimi tədarük gecikmələri və müqavilələrin icrası ilə bağlı qeyri-müəyyənlik göstərilir. İsveçrə artıq ödənişləri dayandırıb və razılaşmadan imtina variantını nəzərdən keçirir. Polşa isə "Patriot” sistemlərinə malik olsa da, raket çatışmazlığı səbəbilə alternativ yollar axtarır.
Eyni zamanda, Yaponiya modernizasiya edilmiş ilk esminesi "JS Chokai”ni "Tomahawk” raketləri ilə sınaqlara hazırlayır. Tokio 2027-ci ilə qədər 400-ə yaxın belə raket əldə etməyi planlaşdırır ki, bu da 1600 kilometrdən çox zərbə məsafəsi ilə ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Günay
Şərhlər