44 günlük Vətən Müharibəsində qazandığımız zəfərdən sonra Azərbaycan futbolunda gözəl bir ənənə formalaşdı. Azərbaycanlı azarkeşlər futbol qarşılaşmaları zamanı 44-cü dəqiqədə şəhidlərimizi yad edir, onların xatirəsinə "Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirir.
Cəmi bir dəqiqəlik jestdir. Amma bu jestin arxasında böyük bir dəyər, sayqı dayanır. Xüsusən də Tovuzdakı oyunlar zamanı trubunalarda möhtəşəm mənzərə yaranır, şəhid övladları və onların valideynləri qəhrəmanlarımızın şəkillərini yüksəklərə qaldırır, hamımız birlikdə müqəddəs torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igidlərimizi xatırlayırıq. Bütün bunlar Azərbaycan futbolunun azsaylı xoş məqamlarındandır. Onsuz da futbolumuzun durumu o qədər yaxşı deyil. Ona görə də tribunalarda elə də qələbəlik yaşanmır, çempionatımızın oyunları yarıboş tribunalar qarşısında keçirilir. Azsaylı azarkeşlərin şəhidlərimizin xatirəsini əziz tutması, bir dəqiqəliyə də olsa, vahid yumruğa çevrilməsi sevindiricidir.
"Zirə” - "Araz Naxçıvan” qarşılaşmasında da hər şey belə başlamışdı. Zirə Olimpiya Kompleksindəki stadionunun tribunalarındakı azarkeşlər 44-cü dəqiqə başlayan kimi "Şəhidlər ölməz, vətən bölünməz!” şüarını səsləndirdilər. Elə bu şüarın səsləndirilməsiylə meydanda xoşagəlməz hadisələr yaşanmağa başladı. Qara Qarayev topun meydandan çıxmasından sonra oyunu davam etdirən Salifu Sumaya irad bildirdi, "Zirə”nin legioneri isə onun bu iradından qəzəblənib əl-qol atmaqdan çəkinmədi. Bu zaman braziliyalı Rafael Utziq də komanda yoldaşına qahmar çıxıb, Qarayevə hücum edir. Davamında isə iki komandanın futbolçuları bir-birinə hücum çəkir, aləm qarışır.
Əlbəttə, biz yaxşı bilirik ki, futbol emosiyalar oyunudur, zaman-zaman futbolçular əsəbləşir, aşır-coşur. Sonra da emosiyalar sakitləşir, hamı topun arxasınca qaçır. Zirədəki olaylar da indiyə qədər gördüklərimizin, bundan sonra görəcəklərimizin növbəti hissəsidir. Mən kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq fikrində də deyiləm. Özləri öz aralarında araşdırarlar, günahkarı da tapararlar. Məni narahat edən hər şeyin məhz 44-cü dəqiqədə baş verməsi, "Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarının müşayəti ilə baş verməsidir. Kaş ki, belə olmazdı.
Vətən Müharibəmizdəki möhtəşəm qələbəmizdən 4 il keçib. Deməli, artıq 4 ildir ki, tribunalarda hər bir qarşılaşmanın 44-cü dəqiqəsində "Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirilir. Belədə Azərbaycan Premyer Liqasında top qovan hansısa futbolçunun bu şüardan, 44-cü dəqiqənin həssas məqam olmasından xəbərsiz qalması mümkün deyil. Bəlkə də, Qara Qarayev Sumaya irad bildirəndə gözü tabloya sataşmayıb, neçənci dəqiqənin oynanmasından xəbərsiz olub. Amma dava qızışanda tribunalardan səslənən şüarın eşidilməməsi mümkün deyildi. Legionerlər Azərbaycan dilini bilməsələr də, söhbətin nədən getdiyini bilib, öz hərəkətlərinə ölçü-biçə verə bilərdilər.
Bu davaya qarışan futbolçular hamısı eyni dərəcədə günahkardır. Onlar 44-cü dəqiqədə azarkeşlərin hansı şüarı səsləndirməsindən xəbərsizdirlərsə, elə "Zirə”ylə "Araz Naxçıvan” klub olaraq futbolçularının günahına şərikdir. Cəmi bircə dəqiqə şəhidlərin xatirəsinə sayğı göstərmək, onların əziz xatirəsi üçün meydanda sakitlik yaratmaq mümkün idi. Təəssüflər olsun ki, "Zirə”ylə "Araz Naxçıvan”ın futbolçuları bunu bacarmadı. Ümid edirəm ki, artıq peşman olublar və ilk imkandaca şəhidlərin ruhundan da, azarkeşlərdən də üzr istəyəcəklər. Klublar da öz legionerləri ilə söhbət aparmalı, onlardan şəhidlərin xatirəsinə hörmət göstərməyi tələb etməlidirlər.
Amal Abuşov
Şərhlər