May ayı Avropada izdihamsız istirahət üçün son fürsətlərdən biri hesab olunur. Bu dövrdə məşhur şəhərlərin küçələri hələ yay turistləri ilə dolmur, çimərliklərdə isə kifayət qədər yer olur. Bununla belə, yazın son ayında Avropanın bütün çimərlik istiqamətləri üzmək üçün uyğun deyil. Lakin yaxşı alternativlər mövcuddur.
Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin komandası may ayında kifayət qədər isti olan Avropanın yeddi gözəl məkanını seçib.
"Məkan seçimindən asılı olmayaraq – istər şəhər turizmini, istərsə də çimərlik istirahətini üstün tutun – kəşf ediləcək çoxlu yerlər var. May ayında ən yüksək temperatur adətən Yunanıstan, İtaliya, İspaniya və Türkiyə kimi Aralıq dənizi ölkələrində qeydə alınır. 23–27°C temperatur və gündə 11 saata qədər günəşli hava bu ölkələri yaz istirahəti üçün cəlbedici edir", deyə müəlliflər qeyd edir.
Avropada may ayında isti olan 7 çimərlik istiqaməti
Qozo, Malta
Orta temperatur: +24°C, gündəlik günəş saatı: 9
Malta arxipelaqına daxil olan Qozo adası materik hissə ilə müqayisədə daha sakit istirahət imkanı yaradır. Bura 45 dəqiqəlik bərə ilə çatmaq mümkündür. Adada gözəl mənzərələr, yerli mətbəx və kənd gəzinti marşrutları turistləri cəlb edir. Paytaxt Rabat (Viktoriya) orta əsr sitadelası, arxeologiya muzeyi və kilsələri ilə tanınır. Yaxınlıqdakı Komino adasında yerləşən Mavi laqun da məşhurdur.
Sevilya, İspaniya
Orta temperatur: +26°C, günəş saatı: 8
Əndəlüsün paytaxtı zəngin memarlığı ilə seçilir. Burada XVI əsrə aid Sevilya kafedralı və məşhur Alkazar sarayı yerləşir. Şəhərin ən qədim barlarından biri olan "El Rinconcillo" isə tapasları ilə tanınır.
Saloniki, Yunanıstan
Orta temperatur: +25°C, günəş saatı: 8
Dəniz mənzərələri və şəhər mədəniyyətini birləşdirən ideal istiqamətdir. Ağ qüllə, Qalerius tağı və rotunda əsas tarixi məkanlardandır. Şəhərin yaxınlığında çimərliklər yerləşir ki, bu da turu daha rəngarəng edir.
Bodrum, Türkiyə
Orta temperatur: +27°C, günəş saatı: 11
Egey dənizi sahilində yerləşən bu kurort şəhəri ağ evləri və XV əsrə aid Bodrum qalası ilə məşhurdur. Canlı gecə həyatı ilə yanaşı, ətrafdakı Yalıkavak, Turqutreis və Gümüşlük kimi sakit qəsəbələr də turistlər üçün cəlbedicidir.
Formentera, İspaniya
Orta temperatur: +24°C, günəş saatı: 9
Balear adalarının ən kiçiyi olan Formentera İbizanın cənub-şərqində yerləşir və daha sakit mühit təklif edir. Burada La Savina, Es Pujols və Cala Saona kimi məşhur məkanlar var. Ada təmiz çimərlikləri və firuzəyi suları ilə seçilir.
Sorrento, İtaliya
Orta temperatur: +26°C, günəş saatı: 8
Neapol körfəzinə açılan mənzərəsi ilə tanınan bu şəhər may ayında xüsusilə cəlbedicidir. Portağal və limon ağaclarının çiçəkləndiyi dövrdə şəhər daha da gözəlləşir. Piazza Tasso şəhərin mərkəzi nöqtəsidir.
Kaşkayş, Portuqaliya
Orta temperatur: +23°C, günəş saatı: 9
Lissabondan cəmi 40 dəqiqəlik məsafədə yerləşən bu kurort şəhəri həm çimərlik, həm də mədəni istirahət imkanları təqdim edir. "Casa de Santa Maria" malikanəsi və "Santa Marta" mayak muzeyi diqqət çəkir. Burada həmçinin sörf, kayak və paraqlaydin kimi aktiv istirahət növləri geniş yayılıb.
Aydın
Şərhlər