Xəbər lenti

İranda müharibə sentyabra qədər uzansa, Rusiya 250 milyard dollar qazana bilər
Dünya 15:56 21.03.2026

İranda müharibə sentyabra qədər uzansa, Rusiya 250 milyard dollar qazana bilər

Yaxın Şərqdə müharibə sentyabra qədər davam edərsə, bu, Rusiya büdcəsinə 250 milyard dollara qədər əlavə gəlir gətirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır.

Kiyev İqtisadiyyat Məktəbinə bağlı "KSE Institute" analitik mərkəzi enerji qiymətlərinin artımı fonunda Rusiyanın nə qədər qazanc əldə edə biləcəyini hesablayıb. 

Birinci ssenariyə görə, İranda müharibə aprelin ortalarına qədər başa çatır. Bu halda dünya bazarlarında neftin qiyməti təxminən bir barel üçün 100 dollara yüksəlir, qaz qiymətləri də artır. Nəticədə Rusiya 2026-cı il üçün gözlənilən təxminən 99 milyard dollar əvəzinə yalnız neft ixracından 169 milyard dollar gəlir əldə edir, qaz satışından isə əlavə 50 milyard dollar qazanır. Beləliklə, Kremlin xammal gəlirləri ümumilikdə 84 milyard dollar artır.

İkinci ssenariyə əsasən, müharibə may ayının sonuna qədər uzanır.

"Bu halda neftin qiyməti müvəqqəti olaraq 140 dollara qədər yüksəlir, lakin regionda hasilatın və Hörmüz boğazında gəmiçiliyin nisbətən tez bərpası səbəbindən sonradan sürətlə azalır. İlin sonuna qədər Kremlin gəlirləri İranla müharibə olmasaydı gözləniləndən təxminən 161,3 milyard dollar çox olacaq. Dövlət gəlirləri isə 97 milyard dollar artacaq", deyə məqalədə bildirilir.

Üçüncü ssenariyə görə, müharibə sentyabrın sonuna qədər davam edir. Bu halda neftin qiyməti bir barel üçün 150–200 dollaradək yüksələ bilər. İlin sonuna qədər neft və qaz satışları Rusiyaya ümumilikdə təxminən 386,6 milyard dollar gəlir gətirə bilər. Xammal ticarətindən Kremlin vergi gəlirləri isə 212,5 milyard dollara çata bilər.

Müqayisə üçün qeyd olunur ki, müharibə illərində Ukrayna tərəfdaşlarından orta hesabla təxminən 100 milyard dollar maliyyə və hərbi yardım alıb.

Aydın

--> -->