Xəbər lenti

Erməni şirkətləri Azərbaycana necə yol tapır? - Gömrükdəki problem
Ekonomiks 15:53 10.09.2019

Erməni şirkətləri Azərbaycana necə yol tapır? - Gömrükdəki problem

Təxminən, bir ildən artıqdır ki, adı müxtəlif xoşagəlməz məqamlarda, neqativ olaylarda hallanan qurumlardan biri və bəlkə də elə birincisi məhz Dövlət Gömrük Komitəsidir. Bunu sübuta yetirmək o qədər də çətin məsələ deyil. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Hürriyyət” Araşdırma Qrupunun hazırladığı materialda bildirilir. Qeyd edilir ki, əgər son günlər adıçəkilən qurumla bağlı bir sıra media orqanlarında yayımlanan ilginc məlumatlarla tanış olsanız, o zaman görərsiniz ki, Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatından sonra DGK-da hələ sabiq sədr Aydın Əliyevin zamanında mövcud olan problemlər, vətəndaşların ciddi narazılığına yol açan əyrintilər nəinki öz həllini tapmayıb, əksinə onların sırasına yeniləri də əlavə olunub. 

"Elə buna görə də Səfər Mehdiyevin DGK sədri kimi fəaliyyətinin arzuolunan səviyyədə olmadığını demək mümkündür” – deyə yazıda qeyd olunur. 

Düzdür, mətbuatda Dövlət Gömrük Komitəsi ilə bağlı vətəndaşların şikayətləri əsasında hazırlanmış, konkret faktlara əsaslanan yazılardan sonra adıçəkilən qurumun yetkili şəxsləri DGK-ya yaxınlığı ilə seçilən sayt, xəbər portalları vasitəsiylə dərhal bəsit və standart cümlələrlə deyilənləri təkzib etməyə çalışırlar. Lakin Dövlət Gömrük Komitəsinin bununla bağlı yaydığı informasiya heç də hər zaman inandırıcı görünmür. Çünki məşhur atalar sözündə də deyildiyi kimi, görünən dağa bələdçi lazım deyil. Odur ki, yolu azı bir dəfə gömrük keçid məntəqələrindən düşən, yəni ölkəyə bu və digər məhsul idxal, ya da ixrac edən, əsasən də Azərbaycana avtomobil gətirən şəxsə Səfər Mehdiyevin tabeçiliyində çalışan gömrükçülərin hansı oyunlardan çıxdıqları, onların sadə vətəndaşlara, o cümlədən kiçik və orta sahibkarlara, hətta bəzən daha iri iş adamlarına qarşı sərgilədikləri münasibət, bir sözlə gömrükdə yaşanan arzuolunmaz mənzərə ən incə detallarınadək bəllidir. 

Məhz elə buna görədir ki, Dövlət Gömrük Komitəsinin rəsmiləri qurum haqda mətbuatda yayımlanan tənqidi materialları nə qədər təkzib etməsə çalıssalar da, onların fikirləri konkret faktlar qarşısında olduqca cılız görünür.

Araşdırma qrupu ötən həfttə özünü yandırmaq istəyən iş adamı ilə bağlı hadisəni xatırladır və daha ciddi problemlərin də olduğunu qeyd edir. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının ayıq-sayıq olmaması, kim bilir, bəlkə də nəyinsə müqabilində görməzdən gəlmələri nəticəsində milliyyətcə erməni olan Gevorq Nalbandyanın "GN Tobacco Sweden” adlı şirkətinin məhsulları da Azərbaycana idxal edilib. 

"Erməni malları Azərbaycan bazarına necə yol tapır?” deyə sual edən yazı müəllifləri bildirib ki, əgər Dövlət Gömrük Komitəsinin bu məsələdən xəbəri yoxdursa, o zaman bu qurum nəyə və kimə nəzarət edir? 

Tutaq ki, həqiqətən də DGK bundan məlumatsızdır, onda belə çıxır ki, erməni məhsulları Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının məsuliyyətsizliyi, biganəliyi nəticəsində və yaxud başqa səbəblərdən Azərbaycana ayaq açıb. Eləmi? Ümid etmək istərdik ki, Dövlət Gömrük Komitəsinin, o cümlədən Dövlət Sərhəd Xidmətinin yetkili şəxsləri deyil, məhz DGK və DSX sədrləri özləri bu sualları tez bir zamanda cavablandıracaqlar.

Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin bir çoxunun başında ermənilər durur. Bunlardan "Yandex taxi”,  "Sputnik”,  "RussNeft” şirkətlərinin adı çəkilir.

Konkret olaraq Dövlət Gömrük Komitəsi ilə bağlı məsələyə gəlincə, onu da vurğulamaq lazımdır ki, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan, adıçəkilən qurumdakı ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edən Səfər Mehdiyevin bu ilin avqust ayının 30-da Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarından olan vətəndaşları, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı xoşagəlməz olay yaşanıb. 

Yazıda qeyd edilir:

Bir məqamı da nəzərinizə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə Real TV-yə müsahibəsində bildirib ki, son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə adıməkilən quruma təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. "Amma onlar bizi ruhlandırır" deyən DGK sədri onu da qeyd edib ki, əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər: "Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək". 

Əfsuslar olsun ki, hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri kimi fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadənin üzləşdiyi problem və bunun nəticəsində iş adamının intihara əl atması deyilənlərin təsdiqindən başqa bir şey deyil. Və burada qərəz axtarmağın özü ən böyük qərəzçilik, ədalətsizlikdir. Çünki MMC-nin direktoru özü mətbuata verdiyi açıqlamasında konkret olaraq gömrük əməkdaşlarını ittiham edir. Eyni zamanda, yuxarıda sadalanan digər faktlar da Dövlət Gömrük Komitəsində neqativ halların olduğundan xəbər verir. 
 
Məhz bu da öz növbəsində, Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinin tabeçiliyində bir departament kimi fəaliyyət göstərməsi ilə bağlı ekspertlər tərəfindən səsləndirilən çoxsaylı təkliflərin reallığa çevrilməsini aktuallaşdırır. Odur ki, Səfər Mehdiyev rəhbərlik etdiyi gömrük sistemində ciddi islahatlar aparmalı, qurumu həmyerlilərinin - Nehrəmlilərin nəzarətindən çıxarmalı, vətəndaşların Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətlərinə qulaq verib onların həllinə çalışmalıdır. Əks halda, ölkə əhalisinin gömrük sistemindən artan narazılığı onun acı sonunu gətirə və sələfi Aydın Əliyevin taleyini yaşaya, vəzifəsini itirə bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->