Aqşin YENİSEY
Sənət 12:05 24.11.2022

Mədəniyyətin boş beşiyi

Viktor Hüqonun yubley gecəsi imiş. Köməkçisi gecəyə dəvət olunan qonaqları bir-bir yazıçıya təqdim edir:

- İngiltərədən gələn qonağımız...

Hüqo:

- Ooo, Şekspir!

- İspaniyadan gələn qonağımız...

- Ooo, Servantes!

- Almaniyadan gələn qonağımız...

- Ooo, Höte!

- Mesopotamiyadan gələn qonağımız...

Hüqo bir anlıq duruxur, ölkəni ifadə edən bir imza axtarır, amma ağlına bir şey gəlmir və qəfildən deyir:

- Ooo, insanlıq!

Çox vaxt Şərqin "Mədəniyyətin beşiyi” titulu ilə şöhrətləndirilməsi onun üçün ələsalma, yaxud tələ kimi də istifadə olunur.  

1910-cu ildə ingilis diplomat Balfur Misirin ingilislər tərəfindən işğalına haqq qazandıran parlament nitqində deyirdi ki, Qərbin bu haqqı əldə etməsinin səbəbi özünüidarəetmə məsələsindəki üstünlüyüdür: "Şərq tarixində ancaq fateh fatehi qovaladı, onlar öz müqəddəratını özü təyinetmə gücü əldə edə bilmədilər, ona görə onları başqaları idarə etməlidir". 

Eyni sözü, özü də fateh olan Napoleon da deyirdi: "Şərqlilər özlərini təmsil edə bilmirlər, onları kimsə təmsil etməlidir". 

Qərb heç vaxt bizi başa düşmədi. Başa düşmədi ki, şərqli bütün münasibətlərdə canlılığı, birbaşalığı sevir. Şərq, allahı da tökmə tuncun səsi (kilsə zəngi) ilə deyil, insan səsi (azan) ilə haraylayır, Şərq əlbəyaxa döyüş növlərinin vətənidir, Şərqdə qanun şah olmasa da, şahın qanun olması vacibdir. Nizami Gəncəvi bütün yaradıcılığı ilə qanunu şah olmağa deyil, şahı qanun olmağa dəvət edirdi. 

Şərqdə fateh iqtisadi maraqlar güdən müstəmləkəçilik ruhunun deyil, öz mədəniyyətini dünyaya yaymaq məqsədi güdən alicənab ruhun təmsilçisidir, rəmzidir. Şərq fatehi getdiyi ölkəyə əhalini yedirtmək üçün it aparmır, məsələn, ellinizm aparır, Quran aparır və s. 

Fatehlik ruhu qərblinin şərqlidən qorxduğu yeganə güc mənbəyidir. Artur Balfur bu sözləri deyəndə unudurdu ki, təmsil etdiyi üstünlük öz gücünü Şərq fatehi Tarik bin Ziyadın Avropaya ayaq basmasıyla başlayan ərəblərin ilk dəfə yunan mətnlərini tərcümə etməsindən alırdı. Müsəlmanlar qərblilərdən 4-5 əsr əvvəl yunan rasionalizmini tərcümə edib bir qırağa tullamışdılar və o tərcümələr avropalıların əlinə keçmişdi. 

Balfur, əslində, demək istəyirdi ki, biz Şərqə ona görə soxulmalıyıq ki, orada fatehlərin yaranmasının qarşısını alaq, oradakı idarəretmə formasını dəyişək, onları özümüzə oxşatmaqla məhv edək. Həqiqətən də ən mənasız şərqli qərblini yamsılayan şərqlidir. Pitixananı qoyub "mcDonalds"a yeyib-içməyə gedən şərqlidir. 

1950-ci ildə Türkiyədə demokratların seçkini qazanmasıyla prezident iqamətgahında "sonuncu şam yeməyi” təşkil edən İsmət İnönüyə CHP-çi bir millət vəkili deyir ki, ingilis tarixçisi Arnold Toynbi demokratik rejimlərin yalnız bəlli bir mədəniyyəti olan ölkələrdə dayanıqlı sistem olacağını söyləyir. İnönü cavabında Toynbinin demokratiyanı protestanlığın nəticəsi olaraq gödüyünü və buna fanatikcəsinə inandığını dilə gətirir. Çünki İnönü də fanatikcəsinə inanırdı ki, müəslman ölkələrində də dayanıqlı demokratik sistemlər yarana və yaşaya bilər. Hətta bu gün bəzi islam ailmləri müsəlman coğrafiyasında allahmərkəzli teo-demokratik rejimlərin yarana biləcəyini də istisna etmirlər. 

İslam Şərqi bu gün dəyişmək istəyir, ancaq bunun yolunu tapa bilmir. İslam protestanlığı kimi bir fikirdən min ağac uzaq bir düşüncəyə sahibdir. 
Yadınızdadırsa, Qərbdə protestanlıq cənnət-cəhənnəm məsələsi ilə başlamışdı. 

Martin Lüter məhkəmə prosesində hakimlərə müraciət edib demişdi:
 
"Siz milləti cəhənnəmlə qorxudursunuz və cənnəti pula satırsınız. Cəhənnəmi satmağa nə deyirsiniz?"

Hakimlərdən biri: "Cəhənnəmi kim alar ki?”

Martin Lüter: "Mənə satın, mən alaram!"

Hakimlər güldülər və cəhənnəmi Lüterə havayı verdilər!

Martin Lüter məhkəmədən çıxdı və qapıda gözləyən insanlara səsləndi: "Cəhənnəmi satın aldım, o artıq mənimdir. Bundan sonra heç kimi ora buraxmayacağam, qorxmayın” .

Nə qədər ki, biz müsəlmanların cəhənnəmini satın alan olmayacaq biz elə mədəniyyətin boş beşiyi olaraq qalacağıq. 

Mədəniyyətin beşiyi, adətən, mədəniyyətin məzarı da olur. Bunu da unutmayaq: Mesopotamiya, Misir, Hindistan və s. kimi.
 
Aqşin Yenisey