Müasir dövrdə istifadə olunan ən sürətli qırıcı təyyarələrin əksəriyyəti Soyuq müharibə dövründə hazırlanıb. Buna baxmayaraq, onlar bu gün də hərbi hava qüvvələrinin əsas alətlərindən biri olaraq qalır.
Qaynarifno xəbər berir ki, "Simple Flying” nəşri səsdən sürətli uçuş imkanları ilə seçilən TOP-5 qırıcı təyyarənin siyahısını təqdim edib.
Səs sürətini (Mach 2-dən yuxarı, yəni 2400 km/saatdan çox) aşan göstəricilər bu gün də hava döyüşlərində sürətli reaksiya və tutma strategiyalarını müəyyənləşdirir.
5. "Lockheed Martin F-22 Raptor”
ABŞ istehsalı olan bu qırıcı yüksək sürət ilə yanaşı "gizli” texnologiyası ilə seçilir. Maksimal sürəti təxminən Mach 2,25 (təxminən 2756 km/saat) təşkil edir. Onun əsas üstünlüklərindən biri "superkruiz” funksiyasıdır ki, bu da forsajdan istifadə etmədən səsdən sürətli uçuşa imkan verir.
4. "MiG-29 Fulcrum”
1980-ci illərdə hazırlanmış bu təyyarə bu gün də Avropa, Asiya və Afrikada geniş istifadə olunur. Maksimal sürəti Mach 2,3 (təxminən 2400 km/saat) səviyyəsindədir. Müasirləşdirilmiş versiyaları bir çox ölkələrin, o cümlədən NATO üzvlərinin və Hindistanın hava müdafiəsinin əsasını təşkil edir.
3. "Su-27 Flanker” və "MiG-23 Flogger”
Üçüncü yeri iki model bölüşür. "Su-27” geniş ərazilərin patrul edilməsi üçün hazırlanıb və yüksək sürətlərdə belə manevr qabiliyyətini qoruyur. Onun maksimal sürəti Mach 2,35 (təxminən 2500 km/saat) təşkil edir.
"MiG-23” isə dəyişən qanad quruluşuna malik köhnə model olsa da, eyni sürət göstəricisinə çatır. Bəzi ölkələrdə, o cümlədən Şimali Koreyada hələ də istifadə olunur.
2. "McDonnell Douglas F-15 Eagle”
"F-15” Qərb dünyasının ən sürətli qırıcılarından biri hesab olunur. Onun sürəti 3000 km/saatə yaxınlaşır. ABŞ Hərbi Hava Qüvvələri onun yenilənmiş "F-15EX” versiyalarını 2030-cu illərə qədər istifadə etməyi planlaşdırır.
1. "MiG-31 Foxhound”
Siyahının lideri uzaq məsafələrdə hədəfləri ələ keçirmək üçün hazırlanmış "MiG-31”dir. Onun maksimal sürəti Mach 2,83-dür və hazırda bu göstəricini aşan başqa aktiv qırıcı təyyarə yoxdur. Təyyarə uzaqmənzilli radar sistemləri və "Kinjal” kimi hipersəs raketlərini daşımaq qabiliyyəti ilə seçilir.
2026-cı ilə olan məlumata görə, bu modelin yeganə operatoru Rusiyadır. Qazaxıstan isə bir neçə il əvvəl onu istismardan çıxarıb.
Aydın
Şərhlər