(V hissə)
Artıq neçə gün idi Dəmir kəndin çayxanasına getmirdi, bilirdi ki, hamı Robikin Məsim kişiyə "Məsim xala” deməsindən danışıb güləcəklər. Gələn-gedən bu əhvalatdan danışır, hərə bir cür məzələnirdi. Robikin keçiyə də dayı deməsi onu lap əsəbləşdirmişdi. Uşaqlar gedəndən sonra Dəmir Robiki o ki var danlamışdı:
- Axı, sənə deyildi ki, kişilərə dayı deməlisən, heyvana yox, sən nə qanmaz oğlansan!
Robik də utana-utana özünə bəraət qazandırır, bir də belə səhvə yol verməyəcəyini sahibinə çatdırırdı:
- Dəmir dayı, valla, qəsdən deməmişəm, çünki keçən dəfə Elgün də demişdi, kimin bığı-saqqalı var ona dayı demək lazımdı. Keçiyə, başqa bığlı heyvanlara dayı demək olmaz - bax bunu bilmirdim. İndi bildim ki, bu müraciət yalnız insanlar üçündü.
Dəmir Robikə baxıb əsəbi halda başını buladı:
- Məni bütün kənddə biabır eləmisən ta, indən belə bildin nolacaq, bilmədin nolacaq.
Robik əlini mehribanlıqla Dəmirin çiyninə qoydu:
- Elə demə, Dəmir dayı, hamı bilir ki, günah məndədi, sənin nə günahın? Sadəcə, adamlar boşboğazlıq eləyirlər. Həə, noolsun, robot bir sözü səhv salıb, burda gülməli nə var ki? Guya o insanlar öz həyatlarında heç səhv eləmirlər? Əlbəttə eləyirlər! İnsanlar səhv eləməsəydi heç "səhv” sözü də yaranmazdı.
Dəmir Robikin sözlərinə gülümsəyərək:
- Yaxşı, filosofluq eləmə, çobansan, çobanlığınla ol – deyib, onu bağışladı. – Diqqətli olmaq lazımdı, özün də robot adlanırsan, əksinə, biz sizdən öyrənməliyik, ancaq sən özünü apara bilmirsən. Heç olmasa indən belə diqqətli ol!
Robik "Baş üstə-baş üstə!” deyib, yerində bir neçə dəfə fırlanaraq şən səslər çıxartdı.
- Düzdü, yadıma düşəndə özümün də gülməyim tutur, ancaq o boytdana kişini el içində biabır eləmisən, hələ bir oynayırsan da. O gün Aygün xalan bilirsən nə deyirdi? – Dəmir qımışdı.
- Nə deyirdi, sən alla? – Robiki maraq götürdü.
- Deyirdi ki, qonşu Gülsüm gəlmişdi bizə, o söyləyirdi ki, çayxanada hamı sənin o sözündən danışır, deyib-gülürlər. Utandığından Məsim yazıq çayxanaya da çıxmır, deyirmiş.
- Noolub ee, bunlara? – Robik incik halda dilləndi, - Bilməmişəm, səhv eləmişəm dəə. Bir də xala pis sözdü ki? Odu bax, Aygün xalama "xala” deyəndə əksinə, üzü gülür.
- Ay allahın robotu! – Dəmir səsinin tonunu qaldırdı, - sənə deyirəm, olmaz kişi xeylağına xala demək, bu kişilər üçün təhqir sayılır. Bildinmi?! Biz insanlar ayrıyıq, siz robotlar, dəmir-dümürlər ayrı! Məsələn, mənim adım Dəmirdi, sən mənə Dəmir-dümür desən bunu özümə təhqir sayaram. Belə şeyləri başa düşməlisən, artıq!
- Yaxşı, Dəmir dayı, başa düşürəm,- Robik led işığını yandıraraq səsini biraz da yumşaltdı, - bir də elə səhvlər buraxmaram.
- Sən bilirsən, camaat necə lağa qoyub Məsimi? Məsimdən xoşu gəlməyən bəzi itoynadan kəndçilərimiz deyirmiş ki, gör haa, Robik hətta keçiyə də "dayı” deyib, ancaq Məsimə "dayı” deməyib, halal olsun o robota, dəqiq qiymət verib kişiyə! – məzəli tonda söyləndi.
- Ha-ha-ha! Mən indi başa düşürəm ee, yazıq kişini necə biabır eləmişəm. Ha-ha-ha! – deyib Robik əcaib səsi ilə güldü.
- Gülsüm xalan sonra nə danışıb, bilirsənmi? Deyir, Bu əhvalatdan sonra Məsim gedib öz robotuna deyib ki, Robik bizim qapının ağzından keçəndə onu yıxıb yerə möhkəm döyərsən! Yazıq robot da deyib, ey mənim sahibim, mənim Robikə gücüm çatmaz, Robik son modellərdəndi, onun dördayaqlı qaçmaq, canavara qarşı vuruşmaq funksiyası var. Yazıq Məsim pərt olub ee!
- Əlbəttə, onlar bizdən çox zəifdirlər! – Robik fəxrlə dilləndi.
- Robik, dünəndən Aygün xalanla da məsləhətləşmişik, səni şəhərə göndərəcəm. Yaxınlarda oğlum gələsidi kəndə, qoy gəlsin, qayıdanda səni də maşına qoyacam. Oğlum deyir, şəhərdə mənə robot dəstəyi lazımdı. Gedərsən şəhərə, onun iş yerində sənə də iş tapşıracaqlar.
- Oy daaa! – Robik küskün halda dilləndi, - mən axı, bu kəndi, dağları, yamacları təzə-təzə tanıyırdım, buralara ürəkdən vurulmuşam. Şəhərdə çox darıxacam, çox! Neynək! Bu da bir robot taleyidi. Bəs heyvanları kim otaracaq onda?
- Satacam hamısını getsin, Aygün xalan da dedi, sataq getsin, bizdən mal-qara saxlayan olmaz, - deyib, fikrini Robikə bildirdi.
Robik təssüflə:
- Dəmir dayı, bilirsən nə fikirləşdim? Mənə əvvəldən məlum idi ki, Murad Köhnəqala kənd macəralarımdan hələ çox yazacaq, ancaq sən deyirsən, məni şəhərə yollayacaqsan, - söylədi.
Dəmir kişi gülərək onu sakitləşdirdi:
- Bəli, məndə də belə bir məlumat vardı, əslində səni elə bu silsilə yazılara görə alıb gətirmişdik. Ancaq sənin cəmiyətimizdə tanınmağın üçün bu qədər yazı, yəni beş yazı da kifayət elədi.
(son)
Murad Köhnəqala
Şərhlər