Xəbər lenti

Konstitusiyamız - Dövlət müstəqilliyimizin əbədi təminatı
Elnarə AKİMOVA
Siyasət 14:19 12.11.2025

Konstitusiyamız - Dövlət müstəqilliyimizin əbədi təminatı

"Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir".
Ulu Öndər Heydər Əliyev

Azərbaycan xalqının tarixində elə sənədlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da aydın görünür, dövlətçilik yolumuzun istiqamətini müəyyən edir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası da məhz belə tarixi sənədlərdəndir. Bu sənəd müstəqil dövlətimizin ideoloji, siyasi və mənəvi təməl daşı, xalq iradəsinin rəmzidir.

Müasir Azərbaycan Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq xalqın iradəsi ilə qəbul olunub. Bu, sadəcə hüquqi sənədin qəbul edilməsi deyildi – əslində azad, müstəqil və suveren Azərbaycanın gələcək taleyinin yazılması idi. Prezident İlham Əliyevin sözləri ilə desək, "Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır".

Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, xalqın müstəqillik arzusu o dövrdə özünü bütün gücü ilə büruzə verdi. Sonrakı illərdə – sovet dönəmində – 1921, 1927, 1937 və 1978-ci illərdə qəbul olunmuş konstitusiyalar Azərbaycan SSR-in hüquqi statusunu müəyyənləşdirsə də, həmin sənədlər o dövrün ideoloji məhdudiyyətləri çərçivəsində formalaşmışdı. Bununla belə, 1978-ci il Konstitusiyasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daxil edilən "Azərbaycan dilinin dövlət dili olması” maddəsi milli kimliyimizin qorunmasında dönüş nöqtəsi oldu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə dərin siyasi və sosial böhran içində idi. Qanunçuluq pozulmuş, idarəetmə mexanizmləri dağılmışdı. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaosdan çıxardı, dövlətçiliyi xilas etdi, sabitlik və hüquqi nizam yaratdı. Məhz həmin sabitlik yeni Konstitusiyanın hazırlanması üçün zəruri zəmin oldu. 

Ulu Öndər demişdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Beləliklə, Azərbaycan tarixində ilk dəfə xalqın iradəsi ilə öz dövlətinin gələcəyini hüquqi şəkildə təsbit edildi. Bu gün həmin tarix milli yaddaşımıza "Konstitusiya Günü” kimi həkk olunub.

Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir. Bu sənəd müstəqil dövlət quruculuğunu tənzimləyən, demokratik inkişafa təminat verən, insan hüquqlarını və azadlıqlarını qoruyan mükəmməl hüquqi baza yaratdı. Prezident İlham Əliyevin dediyi kimi, "1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir".

Azərbaycan Respublikasının Konstitusiyası həmçinin hüquqi dövlətin əsas prinsiplərini müəyyən etdi – hakimiyyət bölgüsü, qanunların aliliyi, vətəndaşların bərabərliyi, insan hüquqlarının toxunulmazlığı. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına həsr edilmişdir. Bu, dövlətin vətəndaşa münasibətində humanist yanaşmanın, demokratiyanın və hüquqi düşüncənin ən bariz ifadəsidir.

Müstəqil Azərbaycan Konstitusiyası qəbul edildikdən sonra hüquqi və institusional sahədə mühüm addımlar atıldı. 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması, sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlarla sənədə edilən dəyişikliklər dövlət idarəçiliyinin daha çevik və müasir prinsiplərlə uyğunlaşdırılmasına, insan hüquqlarının daha səmərəli qorunmasına yönəlmişdi. 2016-cı ildə yaradılmış Birinci vitse-prezidentlik institutu idarəetmə sisteminin yenilənmiş, daha çevik və məsuliyyətli modelinin əsasını qoydu.

Müstəqilliyimizin bərpasından bu yana keçən illər ərzində Azərbaycan Konstitusiyası dövlətin inkişafını, sabitliyini və hüquqi sistemin təkmilləşməsini təmin edən əsas dayaqlardan biri olub. Xüsusilə 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin antiterror əməliyyatlarından sonra ərazi bütövlüyümüzün tam bərpa edilməsi Konstitusiyanın real qüvvəsini bütün torpaqlarımızda bərqərar etdi. Bu, yalnız hərbi və siyasi uğur deyil, həm də Konstitusiyanın bəyan etdiyi milli suverenliyin tam şəkildə həyata keçməsidir.

Məhz bu səbəbdən Prezident İlham Əliyevin 2024-cü il sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli” elan olundu. Bu qərar həm Konstitusiyamızın qəbulunun 30 illiyi, həm də Vətən müharibəsində qazanılan qələbənin 5 illiyi münasibətilə dövlətçilik tariximizin iki ən uca zirvəsini birləşdirir. Bu il, həmçinin Prezidentin təşəbbüsü ilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib. Bu medal ölkəmizin hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmininə, dövlət müstəqilliyinin möhkəmlənməsinə, insan hüquqlarının müdafiəsinə və konstitusion dəyərlərin təbliğinə mühüm töhfə vermiş şəxslərə təqdim ediləcək.

Bu gün Azərbaycan dövləti öz inkişaf yolunu Konstitusiyanın prinsiplərinə əsaslanaraq inamla davam etdirir. Qanunun aliliyi, vətəndaş azadlığı, sosial ədalət, dövlət suverenliyi kimi dəyərlər artıq təkcə hüquqi terminlər deyil – hər bir vətəndaşın gündəlik həyatında hiss etdiyi reallıqdır.
Konstitusiyamız bu gün də xalqımızın azadlıq iradəsinin, dövlət müstəqilliyinin və milli birliyinin ən ali simvoludur. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü təkcə hüquqi bayram deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin, suverenliyimizin bayramıdır. Bu sənədin müəllifi Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti sayəsində Azərbaycan bu gün regionun ən güclü, ən sabit və ən hüquqi dövlətlərindən birinə çevrilmişdir.

Konstitusiyamız – dövlətimizin vicdanı, xalqımızın iradəsi və gələcək nəsillərə əmanət olan müqəddəs and yeridir.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->