XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

11 sentyabr hücumlarını kosmosdan görən yeganə amerikalı hadisəni belə qeydə aldı
Dünya23:29 14.09.2026

11 sentyabr hücumlarını kosmosdan görən yeganə amerikalı hadisəni belə qeydə aldı

11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən hücumları dünyanın hər yerində milyonlarla insan televiziyadan izləyirdi. Lakin həmin gün fəlakətə Yerin səthindən deyil, yüzlərlə kilometr yüksəklikdən şahidlik edən bir amerikalı vardı: Beynəlxalq Kosmik Stansiyada xidmət edən astronavt Frenk Kalbertson.

Qaynarinfo xəbər verir ki, Kalbertson hücumların baş verdiyini uçuş həkimi Stiven Hartdan öyrənib. Xəbəri aldıqdan sonra stansiyanın orbit xəritəsini yoxlayan astronavt BKİ-nin qısa müddət ərzində Nyu-York üzərindən keçəcəyini müəyyənləşdirib. Bundan sonra ekipaj yoldaşları Mixail Tyurin və Vladimir Dejurovla birlikdə hazırlıq görüb. Ekipaj kamera sistemlərindən istifadə edərək şəhərin üzərində yüksələn sıx tüstünü kosmosdan görüntüləyib. Kadrlarda Əkiz qüllələrə zərbələr endirildikdən sonra Manhetten üzərində yaranan tüstü buludu aydın görünüb.

Beynəlxalq Kosmik Stansiya Yer ətrafındakı bir dövrəni təxminən 92 dəqiqəyə tamamlayırdı. Buna görə ekipaj sonrakı keçidlər zamanı həm Nyu-York, həm də Vaşinqton ətrafını yenidən müşahidə etmək imkanı əldə edib. Hücumlardan sonra ABŞ üzrə mülki hava nəqliyyatının dayandırılması kosmosdan da müşahidə edilə bilən dəyişiklik yaradıb. Kalbertson və ekipaj yoldaşları normalda səmada görünən təyyarə izlərinin qısa müddət ərzində tamamilə yox olduğunu müşahidə ediblər.

Bu hadisələrin Kalbertson üçün şəxsi tərəfi də olub. Pentaqona çırpılan “American Airlines” şirkətinin 77 saylı reysinin kapitanı Çarlz “Çik” Burlingeym Kalbertsonun ABŞ Dəniz Akademiyasındakı kurs yoldaşı idi.

Kalbertson missiya idarəetmə mərkəzi ilə əlaqə saxlayaraq ABŞ xalqına başsağlığı mesajlarını çatdırıb və hücumlardan sonra Nyu-Yorkun kosmosdan necə göründüyünü paylaşıb.

Frenk Kalbertson, Mixail Tyurin və Vladimir Dejurovun daxil olduğu ekipajın Beynəlxalq Kosmik Stansiyadakı missiyası 15 dekabr 2001-ci ildə başa çatıb. Kalbertsonun çəkdiyi görüntülər isə 11 sentyabr hücumlarının Yer xaricindən qeydə alınmış ən diqqətçəkən şahidliklərindən biri olaraq qalıb.

Aydın