"Ehtiyat skamyasına baxırdım və zədəlilər istisna olmaqla, bütün futbolçular orada idi. Mən yalnız keyfiyyət görürdüm”.
Qaynarinfo xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo futbolçularının bir qismini tədricən yenidən heyətə cəlb etdikdən sonra “Rayo Valyekano” üzərində qələbədən sonra vəziyyəti belə izah edib.
Bu isə kimin oynayacağı, kimin isə ehtiyatda qalacağı ilə bağlı qərarlar verməli olduğu anlamına gəlir. Portuqaliyalı mütəxəssis Diomandenin ilk dəfə start heyətində meydana çıxmasına imkan vermək üçün meydanda keçirdiyi 23 dəqiqə ərzində parlaq təsir bağışlayan Arda Güləri ehtiyatda saxlamaq məcburiyyətində qalıb. Suallar da məhz burada başlayıb.
Mourinyo deyib: “Gülər meydana çıxanda çox oynayır, amma 100 faiz əminəm ki, Diomande start heyətində başlamasaydı, ilk sual belə olacaqdı: Diomande nə vaxt oynayacaq?”
“AS” qəzeti yazıb ki, Mourinyonun “Rayo Valyekano” ilə matçda meydana çıxmaq növbəsini gözləyən 12 futbolçusu olub. “Transfermarkt”a görə, həmin oyunçuların ümumi bazar dəyəri 537 milyon avro təşkil edib.
Nümunə olaraq Arda Güləri götürək. Bazar dəyəri 90 milyon avro olan futbolçu bu göstəriciyə görə dünyanın ən bahalı 25 futbolçusu sırasında yer alır.
Arda Gülərin təkbaşına bazar dəyəri 86,85 milyon avro olan “Rayo Valyekano”nun bütün heyətinin dəyərindən çoxdur. Bundan əlavə, türkiyəli futbolçunun qiyməti La Liqadakı beş klubun – “Malaqa”, “Alaves”, “Elçe”, “Osasuna” və “Levante”nin – heyət dəyərini də üstələyir.
Türkiyəli futbolçunun yanında 70 milyon avro dəyərində olan Çuameni, hər biri 60 milyon avro qiymətləndirilən dünya çempionu Hayzen, Aleksander-Arnold və Kukurelya yer alıb. Bundan başqa, 50 milyon avroluq Kamavinqa, 40 milyon avroluq Endrik, 35 milyon avroluq Brahim Dias, hər biri 20 milyon avro dəyərində olan Karlos Espi, Tyaqo Pitarch və Raul Asensio, həmçinin 12 milyon avro qiymətləndirilən Andriy Lunin ehtiyat skamyasında olub.
Dünyada heyətinin bazar dəyəri “Real Madrid”in 12 ehtiyat futbolçusunun ümumi 537 milyon avroluq göstəricisindən yüksək olan cəmi 19 klub var. İspaniya çempionatında isə bu göstəricini yalnız 1,2656 milyard avroluq “Barselona” və 679,7 milyon avroluq “Atletiko Madrid” üstələyir. Turnirin ən bahalı dördüncü heyətinə sahib “Vilyarreal”ın göstəricisi isə 331,6 milyon avrodur.
Mourinyo bu mövsüm indiyədək 19 futbolçunun xidmətindən istifadə edib. Diomandenin ilk dəfə start heyətində yer alması ilə “Real Madrid”in ilk altı matçında əsas heyətdə başlayan futbolçuların sayı 17-yə çatıb.
İndiyədək heç bir oyuna start heyətində başlamayan yalnız iki futbolçu qalıb. Bunlar zədədən sonra fiziki hazırlığını və oyun ritmini bərpa etməyə çalışan Çuameni və Karlos Espidir.
Lunin, Asensio və Endrik isə hələ də ilk oyunlarını gözləyirlər. Onu da qeyd edək ki, sonuncu iki futbolçu zədə problemi yaşayıb.
Militao, Mendi və Rodriqo isə hələ də zədəlilər siyahısında yer alır.
Aydın
Şərhlər