Xəbər lenti

Sənət 16:42 01.09.2017

“Səadət”dən qopan qorxu” və “Qızılgül ətri” təqdim olunacaq (FOTO)

Yazıçı Məhbubə Hacıyevanın tarixi keçmişimizdən bəhs edən iki kitabının – “Səadət”dən qopan qorxu” və “Qızılgül ətri” romanlarının təqdimatı keçiriləcək. Tədbir sentyabrın 9-da saat 15:00-da Əmircan qəsəbəsində yerləşən Mədəniyyət evində baş tutacaq.

Mədəniyyət evindən verilən məlumata görə, “Səadət”dən qopan qorxu” adlı birinci kitab Bakı neft milyonçusu, mesenat, öz mərdliyi və səxavətilə nəinki əmircanlıların, bütün azərbaycanlıların, hətta Qafqaz xalqlarının sevgisini qazanmış Murtuza Muxtarov haqqındadır. Onun gənclik illəri, neft mədənlərində qazandığı uğurlar, sevgisi, onun Xalq Cümhuriyyətilə əlaqəsi, “Məşrutə” hərəkatının başçıları Səttar xan və Bağır xan, Nargin adasından türk zabitlərinin qaçırılması kimi xeyriyyəçilik missiyaları və bolşeviklərə olan nifrəti kitabda xüsusi vurğulanmışdır.

Əsərdə M.Muxtarovla yanaşı, digər milyonçuların da həyatı əks olunmuşdur. Ermənilərin törətdiyi 1918-ci ilin mart qırğınları, milyonçunun faciəvi ölümü oxucuları kədərləndirsə də kitabdakı faktlardan çox məlumatlar əldə edəcəklər.

“Qızılgül ətri” romanı XX əsrin əvvəllərində Lahıcdan olan bir bəy ailəsinin başına gələn hadisələrdən bəhs edir. Ölkənin siyasi burulğanlarından əziyyət çəkən bəy ailəsi ümumilikdə bütün Azərbaycan xalqını təmsil edir. Əsərdə AXC dövrü (1918-1920), 1920-ci ilin bolşevik işğalı, repressiya və Böyük Vətən müharibəsi geniş təsvir olunub.

Tədbirə giriş sərbəstdir, hər kəs dəvətlidir.

Təqdimatdan sonra “Səadət”dən qopan qorxu" əsərinin qəhrəmanı Bakı neft milyonçusu, mesenat Murtuza Muxtarovun qəbri ziyarət ediləcək, qonaqlar onun vəsaiti ilə tikilmiş Bakının nadir memarlıq incilərindən sayılan Muxtarov məscidində olacaq. Tədbir iştirakçıları həmçinin, milyonçunun məscidə bağışladığı 25 kq ağırlıqda, 8 kq qızılla işlənmiş dəyərli Qurani Kərimi də görəcəklər.

"Səadət”dən qopan qorxu” kitabı "Sky E" nəşriyyatında nəşr olunub. Redaktoru yazıçı Maarif Soltandır.

“Qızılgül ətri” kitabı isə Türkiyənin İstanbul şəhərindəki POST nəşriyyatında nəşr olunub. Buna isə redaktorluğu yazıçı Hayri Ataş edib. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->