Xəbər lenti

102 dövlət əmlakı özəlləşdirilir (FOTOLAR)
Foto 15:17 13.05.2019

102 dövlət əmlakı özəlləşdirilir (FOTOLAR)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 11-i növbəti hərrac keçiriləcək.

Komitədən Qaynarinfo-ya verilən məlumata görə, fərqli sahələr üzrə ümumilikdə 102 dövlət əmlakı budəfəki hərraca çıxarılıb. Onlardan 40-ı kiçik dövlət müəssisə və obyekti, 19-u qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsi, 6-sı isə yarımçıq tikilidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 12 kv.m ilə 3 min 101 kv.m arasındadır. Onlar arasında torpaq sahəsi ilə birgə özəlləşdirilən dövlət əmlakları kifayət qədərdir. Bu tip obyektlərin ilkin hərrac qiymətləri həm torpaq sahəsi və tikili üzrə ayrıca, həm də ümumi formada qeyd olunub. Dövlət əmlaklarından biri Gəncə şəhərində yerləşən kinoteatrdır. Nizami rayonu, Cavadxan küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 143 kv.m-dir. Kiçik dövlət müəssisəsi 978.7 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü Sumqayıtda, digərləri isə Gəncə, Bərdə, Daşkəsən, Ağdam və Şirvandadır.

Özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Mingəçevir, Yevlax, Ağcabədi kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb.

11 iyun hərracında vətəndaşların istehsal tarixi 1985-2009-cu illər olan nəqliyyat vasitələri üzrə seçim imkanı var. "Volkswagen", "UAZ", "VAZ" və digər markalara aid avtomobillərin ilkin hərrac qiymətləri 2 000 manat ilə 7 500 manat arasındadır.

Hərracda iştirak etmək üçün məlumatı komitənin rəsmi saytından (emdk.gov.az) və özəlləşdirmə portalından (privatization.az) əldə etmək olar. Seçdiyi dövlət əmlakı üzrə keçiddə qeydiyyatdan keçib, ilkin qiymətin 10%-ni ödəyən şəxs hərracda iştirak statusu qazanır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->