Xəbər lenti

11 rayonda su qıtlığı: Su idarələrinə xüsusi rejim tapşırığı verildi (FOTOLAR)
Foto 17:55 21.10.2019

11 rayonda su qıtlığı: Su idarələrinə xüsusi rejim tapşırığı verildi (FOTOLAR)

Avqustun ikinci ongünlüyündən etibarən Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb.

Ucar, Zərdab, Göyçay, Yevlax, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir, Ağdaş, Qobustan və Şamaxı rayonlarının bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb. Kanalda suyun azalmasına görə ötən ayın ikinci ongünlüyündən etibarən həmin rayonların ərazisindəki arxlarda suyun səviyyəsi enib, bəzi yerlərdə isə tamamilə kəsilib.

Sakinlər deyir ki, problemə görə suyu 15-20 manat ödəməklə şəxsi su maşınlarından alırlar. Bu su isə 5-6 günə çatır. Onlar heç olmasa gün ərzində bir neçə dəfə su maşınları ilə aztəminatlı ailələrə suyun daşınmasını istəyirlər.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı APA-ya açıqlamasında bildirib ki, "Azərsu”nun Ucarın Qazyan kəndində modul tipli sutəmizləyici qurğusu var, amma Şirvan kanalında su az olduğuna görə bu qurğu işləmir. O əlavə edib ki, qurğunun işləməməsinə görə həmin kənddə əhali içməli su ilə təmin edilə bilmir: "Qazyan kəndində içməli su problemi oktyabrın ikinci ongünlüyündən başlayıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik ki, kanala su verilsin. Kanalda su olan kimi qurğunun fəaliyyətini bərpa edəcəyik. Qurğu əsasən Ucar rayonunun içməli su təminatını həyata keçirir”.

A. Cəbrayıllı qeyd edib ki, Şirvan kollektorundan qidalanan qurğularda da problem ola bilər: "Kollektorda hələ su var və mümkün olan yerlərdə işləyir”.

"Kanalda su olmadığı halda "Azərsu" əhalinin su tələbatının ödənməsi üçün hansı addımları atır" sualına cavab olaraq A.Cəbrayıllı bildirib ki, həmin ərazilər şoran olduğuna görə subartezian quyusu qazmaq mümkün deyil: "Belə olan halda da əhali fərdi qaydada maşınlarla su gətirdərək tələbatını ödəyir".

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov isə APA-ya açıqlamasında deyib ki, su azlığı Yuxarı Şirvan kanalı ilə bağlıdır: "Səbəb Kür çayında suyun azalmasıdır. Bu da təbii prosesdir”.



O qeyd edib ki, su idarələrinə qənaət rejiminə keçmək tapşırılıb: "Bir var kanalda su ola, biz verməyək, bir də quraqlıq keçir deyə, su az olur və belə problem yaşanır. Azərbaycana suyun çox hissəsi kənardan gəlir. Türkiyə, Gürcüstanda qarlı, yağıntılı hava olmalıdır ki, Kür çayı bolsulu olsun, biz də kanalları su ilə təmin edə bilək. Bu, o demək deyil ki, rayonlarda ümumiyyətlə su yoxdur. Su var, sadəcə idarələrimizə qənaət rejiminə keçməklə bağlı tapşırıq vermişik ki, hamıya su çatsın. Mingəçevir Su Anbarında su müəyyən səviyyədə olmalıdır ki, kanallar oradan kifayət qədər su götürə və əhalini su ilə təmin edə bilsin”.

D. Şərifov bildirib ki, müəyyən subartezian quyuları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ixtiyarındadır. Ondan həm içməli su kimi, həm də həyətyanı və əkin sahələrinin suvarılması üçün istifadə olunur: "Çalışırıq ki, Yuxarı Şirvan kanalının təmin etdiyi 11 rayon suvarma suyu ilə təmin olunsun. Dənli bitkilərin əkin prosesi başlayıb və suvarılmasında problem olmasın deyə, idarələrə də tapşırmışıq ki, qənaət rejiminə keçirilsin, sudan səmərəli istifadə olunsun, israfa yol verilməsin ki, əhali suvarma suyundan istifadə edə bilsin. Bu il nisbətən quraqlıq olub, ona görə su qıtlığı yaranıb”.

O bildirib ki, suvarma suyu ilə bağlı problem olduğu halda, əkin sahələrinə su növbəlilik prinsipi əsasında verilir: "Bəzən növbəlilik prinsipində də problem yaranır. Kimsə daha irəli düşmək istəyir. İdarələrimiz çalışır ki, nisbilik gözlənilsin. Kimə vacibdirsə, onun əkin sahəsinin suvarılması üçün köməklik göstərilir”.

D. Şərifov, həmçinin, problemin həlli ilə bağlı subartezian quyularının qazılması məsələsinə də münasibət bildirib: "Ölkə Prezidentinin göstərişinə əsasən, bölgələrdə sədr tərəfindən səyyar qəbul keçirilir. Qəbulda insanlar problemlərini deyirlər. Bölgələrin əksəriyyəti subartezian quyusu tələb edir. Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Problemlər nəzərə alınır. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına hansı yerlərdə subartezian quyusunun qazılmasına ehtiyac olması barədə təqdimat yazırıq. Prezident hər il subartezian quyularının qazılması ilə bağlı sərəncam imzalayır. Bu il də imzalayıb. İlin sonuna yaxın 300 subartezian quyusu qazılacaq”.

Su qıtlığının yaranmasının səbəblərini şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə APA-ya açıqlamasında bildirib ki, yalnız Azərbaycanda deyil, dünyada su ehtiyatları azalır. Onun sözlərinə görə, bu, qlobal problemdir, o cümlədən, suyu az olan ölkələr üçün daha ciddi siqnaldır: "Hazırda Azərbaycanın kifayət qədər suyu var. Amma su ehtiyatı son onilliklər ərzində azalıb, növbəti onilliklərdə iqlim dəyişmələri nəticəsində yenə də azalacaq. Bu problemin qarşısını ala bilməyəcəyik, çünki qlobal problemdir.

Bizim su resurslarımız regiondakı digər ölkələrdən daha azdır. Biz suyu az olan ölkələr sırasındayıq. 1961-1992-ci illərdən sonrakı onilliklərdə Azərbaycanda su ehtiyatları 10-15% azalıb. Kür çayında, Mingəçevir su anbarında su azalır. Şirvan kanalı da Mingəçevir Su anbarı ilə qidalandığına görə kanala daha az su verilir. Buna görə bu kanalla qidalanan ərazilərdə su qıtlığı müşahidə olunur”.

O vurğulayıb ki, daha arid, quraq iqlimi olan və kənd təsərrüfatında suvarma sahəsi çox olan rayonlarda su qıtlığı daha artıq hiss olunur. Bura Salyan, Saatlı, İmişli, Sabirabad, Şirvan və başqa rayonlar daxildir. Şöbə müdirinin sözlərinə görə, su kanallarındakı suyun səviyyəsi təbii su hövzələri, yeraltı suların vəziyyəti ilə bağlıdır.

Nazirlik rəsmisi, həmçinin, Azərbaycandakı qar ehtiyatı barədə də məlumat verib: "Ölçmələr nəticəsində məlum olur ki, qar örtüyünün səviyyəsi getdikcə yuxarı qalxır, qarın miqdarı isə azalır. Buzlaqların sahəsi kiçilir. Bu, qlobal problemdir, bizdə də özünü biruzə verir”.

R. Səttarzadə problemin qarşısının alınması üçün vacib tədbirlərdən də danışıb: "İqlim dəyişmələrinin nəticələrini yumşaltmaq, qabaqlayıcı tədbirlər görmək olar. Bunlardan biri hidrometeorologiya sahəsində ehtiyat xəbərdarlıq sisteminin qurulmasıdır. Bununla vəziyyət barədə əvvəlcədən məlumat almaq olur. Qaz tullantılarının miqdarını azaltmağa çalışmaq lazımdır. Meşə sahələrinin artırılmasına kəskin ehtiyac var. Bundan başqa, enerji səmərəliliyinə nail olmaq, alternativ bərpa olunan enerji mənbələrindən istifadənin artırılması lazımdır. Bu tədbirlərin görülməsi ilə su qıtlığının əsas səbəbi olan qlobal istiləşməni qabaqlamaq mümkündür”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->