Ali təhsil müəssisələrinə qəbul başa çatdı.
Müsabiqədə iştirak edən 44772 abituriyentdən 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Bundan başqa 66 abituriyent müsabiqədənkənar qəbul olunub. Göründüyü kimi, müsabiqədə iştirak edənlərdən cəmi
4866 nəfər kənarda qalıb. Qəbul olunanlardan daha böyük hissəsi isə ödənişli əsaslarla oxumaq hüququ qazanıb.
Onların sayı dövlət sifarişi əsasında oxuyacaq gənclərdən 2 dəfədən də artıqdır. Əslində gənclərimiz üçün ali məktəblərdə yerlərin daha çox ayrılması sevindirici olsa da, burada əsas problem az bal toplayaraq ali məktəblərə daxil olanlarının sayının çox olmasındadır. Doğrudur, maksimal balı toplayanların sayı ilbəil artır, bununla yanaşı universitetlərin dövlət sifarişi əsasında olan yerlərə keçid balının yüksəlməsi də gənclərin hazırlıq səviyyəsinin daha yüksək olmasının göstəricisidir. Bununla yanaşı, ödənişli ixtisaslar üzrə plan yerlərinin artırılması hətta 200, 150 bal toplayanlara da ali məktəb tələbəsi olmaq şansını qazandırıb. Bir sözlə, biliyin yoxdursa belə, pulunu ödə və tələbə ol.
Məsələnin ən ciddi tərəfi isə ali məktəb auditoriyalarını dolduracaq bu gənclərin gələcəkdə hansı səviyyəli mütəxəssis olmasındadır. 200 -dən artıq bal toplaya bilməmək tarix, coğrafiya, riyaziyyat kimi vacib fənnləri belə orta məktəb səviyyəsində qavramamaq deməkdir. Bu insanlar gələcəkdə kiminsə övladına dərs verəcək və ya hansısa sahədə "biliklərini” nümayiş etdirəcək. Ali məktəb rəhbərlərinin və ümumiyyətlə, təhsil sahəsinə rəhbərlik edənlərin belə bir vəziyyətin yaranmasına səbəb olacaq ödənişli təhsil yerlərini artırmaqda məqsədi isə aydındır. Ölkədə təyinat sistemi çoxdan ləğv edilib və söhbət burada ancaq qazancdan gedə bilər.
Yaranmış durumu, onun fəsadlarını, çıxış yollarını təhsil eksperti Elşən Qafarovla birgə aradıq. Elşən Qafarov dövlət ali məktəblərində ödənişlə oxuyanların sayının hər il artırılması universitetlərin dövlətin təhsilə ayırdığı büdcədən əlavə də gəlir əldə etmək istəyi kimi qiymətləndirdi: "Bu əlavə qazancların da tam olaraq hara, necə xərcləndiyi şəffaf deyil. Baxmayaraq ki, bu təhsil alanların və təhsil verənlərin sosial müdafiəsinə və ya hansısa təhsil layihələrinə xərclənməlidir, bu gün Azərbaycanın bir-iki ali məktəbindən başqa heç biri hansısa beynəlxalq təhsil layihəsini həyata keçirmək gücündə deyil”.
Bu baxımdam ekspert hesab edir ki, nə qədər ki, təhsil strategiyasında nəzərdə tutulan tam ödənişsiz təhsil məsələsi həyata keçirilməyib, dövlət ali və orta ixtisas məktəblərində ödənişli əsaslarla yerlərin verilməsinə kvota qoymalıdır: "Ödənişli yerlərin ayrılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Ali məktəblər nazirliyə müraciət edirlər və nazirlik razılıq verir. Bu vəziyyəti yaradan da Təhsil Nazirliyidir”. Elşən Qafarov deyir ki, 150-200 balla ali məktəbə qəbul olunmaq o deməkdir ki, onun orta təhsil səviyyəsi xaos vəziyyətindədir: "Dövlət İmtahan Mərkəzi balları nə qədər aşağı salsa belə, qəbul olanların aşağı bal toplamasının əsas səbəbi orta məktəblərdə ümumtəhsil sisteminin düzgün qurulmaması və get-gedə daha da uçuruma getməsidir. Ümumtəhsil pilləsinin nəticələri həmin ballarla ölçülür”.
Təhsil eksperti deyir ki, 2017-2018-ci tədris ilinin "Keyfiyyət ili” elan edilməsinə baxmayaraq, nəticə olaraq, ali məktəbə abituriyentlərin böyük bir hissəsi 150, 200, 250 civarında ballarla daxil olur: "Bu da təhsilimizin gələcəyi üçün böyük fəsadlar törədəcək. 150 bal toplayanların gələcəkdə yüksək bal toplayanlarla eyni hüquqlu diplom alması doğru deyil. Bu, gələcək kadrların hansı səviyyədə olacağının göstəricisidir. Bu kadrların istehsalata, məktəblərə, xəstəxanalara gedəndən sonra hansı fəsadları törətməsi də göz qabağındadır”.
Elşən Qafarov problemin həlli yollarını belə görür: "Ali məktəblərə qəbulla bağlı olaraq Dövlət İmtahan Mərkəzinin bal həddi aradan qaldırılsın. Ali məktəblərə qəbul asanlaşdırılmalı, onlarda oxumaq və oxumağa nəzarət isə gücləndirilməlidir ki, universitetlərin qapısından çıxanlar səriştəli kadr olsun. Həm nəzəri, həm də praktik biliklərə malik olsunlar. Türkiyədə, Avropada, Skandinaviya ölkələrində, Yaponiyada, hətta Çində də belədir. Ali məktəbə giriş qapıları açılmalı, amma nəzarət o qədər güclənməlidir ki, hər daxil olan şəxs yox, konkret olaraq bu haqqı qazanan insanlar oxumalıdır”.
Mənbə: "Cumhuriyyət" qəzeti
Şərhlər