Azərbaycan Prezidenti İlham Əliyev "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində (bundan sonra - Layihələr) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini (bundan sonra - Cəmiyyət) təsis etməklə Layihələrin səmərəli idarə olunmasını təmin etsin; Layihələrdəki iştirak paylarının Cəmiyyətə keçməsini təmin etsin.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etməli; Cəmiyyətə Layihələr üzrə bu Sərəncamın 1.2-ci bəndinə əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etməlidir.
Dövlət Komissiyası təyin etdiyi nümayəndələr vasitəsi ilə Cəmiyyətin Müşahidə Şurasında təmsil olunur.
Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilsin və həmin səhmlər üzrə dividendlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.
Bu Sərəncamın 2.2-ci bəndinə əsasən Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək Cəmiyyətin bütün Layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.
Dövlət Komissiyasına bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qaynar.info
Şərhlər