Yaxın vaxtlarda Bakı Metropoliteninin yeni texnoloji korpusu istifadəyə veriləcək.
Hazırda I-III mərtəbələrin dəhlizlərində asma tavanın quraşdırılması və elektrik lampaların asılması işləri aparılır. Metropolitenin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, korpusda Ukraynanın «LOT» şirkətinin avadanlıqları quraşdırılır.
Dispetçer Mərkəzində quraşdırılan sistem əvvəlki ilə eyni olsa da, işarələri əks etdirən ekran görüntüləri daha fərqli və əyanidir. Tabloda stansiyalar üzrə hərəkətin təşkilinin əsas avadanlıq və işarələri tam əksini tapıb. Qatarlara gəlincə, hələlik ekranda yalnız onların görüntüsü olacaq. Lakin onların marşrut nömrə göstəricilərinin qoyulması üzərində iş aparılır. Qəbul Komissiyanın aparıcı üzvü, texniki məsələlər üzrə məsləhətçi, əsas nəzarətçi olan Elbrus Muradov qeyd edib ki, bu il ərzində olmasa da, yaxın dövrlərdə həllini tapacaq.
Qeyd edək ki, ən böyük yenilik artıq indidən mövcud iki xəttin ayrılması istiqamətində işlərin aparılmasıdır. Tezliklə Yaşıl və Qırmızı xətlərin dispetçerlərinin qatarları fərqli qaydada yönəldiləcəklər. Artıq xətlərin ayrılması istiqamətində işlərin həlledici mərhələsi görülür.
E.Muradov əlavə edib ki, ilkin mərhələdə telesiqnalların qəbul edilməsi istiqamətində işlər aparılır, teleidarəetmə sistemi isə sonradan quraşdırılacaq.
Texniki məsələlər üzrə məsləhətçi bildirib ki, ilk telesiqnallar «İçərişəhər», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyalarından qəbul edilib. Sonrakı mərhələdə, gecələr olmaq şərti ilə, stansiyalar üzrə sistemə qoşularaq, yeni Dispetçer Mərkəzi idarəetməni üzərinə götürəcək. Məqsəd mümkün əyər-əskiklərin aradan qaldırılmasıdır. Bu qayda ilə bütün sistemin fəaliyyəti tam təmin ediləcək.
Qaynar.info
Şərhlər