Ağdamın məşhur "Çay evi"nin memarı Naiq Səmədovla – Söhbət
Qaynarinfo Ağdamın
dillər əzbəri olan məşhur "Çay evi" layihəsinin baş memarı Naiq Səmədovla
müsahibəni təqdim edir:
- Naiq bəy, gözünüz
aydın, Ağdam işğaldan azad olundu...
- Təşəkkür edirəm, hə.
Bütün Azərbaycan xalqının gözü aydın olsun. Axır ki, bu həsrət bitdi. Qayıda
biləcəyik öz torpaqlarımıza. Neçə illərdir ki, bunun həsrətini çəkirik...
- Naiq bəy, sizi
Ağdamdakı məşhur çayxananın memarı kimi tanıyırıq. Oranı da siz inşa etmisiniz.
- Bəli, mən inşa eləmişəm.
Əslində, çox maraqlı tikililərin memarı olmuşam Qarabağ ərazisində. Amma necə
deyərlər, "pasport" həmin o çay evi idi.
- Necə oldu, qərar
necə verildi?
- Çayxananın ideyası
Xudu Məmmədovundur. Mən sadəcə inşa eləmişəm. Xudu Məmmədovun əlində bir təqvim
var idi. Jurnala oxşayırdı həm də. Həmin təqvimdə də şəkillər var idi, mənzərə
şəkilləri, bina şəkilləri. Deyəsən, Çinə aid bir şey idi. Onlardan biri də mənim
inşa etdiyim çayxanaya bənzəyirdi. Xudu Məmmədov da oradan təsirlənmişdi və işə
başlamışdıq. Əsas səbəb isə həmin dövr "alkoqolsuz həyat" kampaniyasına
start verilmişdi. Sərxoşluğu aradan qaldırmaq üçün. Çayxana açılanda da bunun o
səbəblə açıldığı deyilirdi. Layihə kimi yəni.
- Nə qədər vaxta
hazır oldu?
- Hardasa, 6-7 aya təhvil
verdim. Oranın tikilməsində dəmir konstruksiyalardan istifadə edirdik. Yəni,
görünən bina hamısı hörgü deyildi. Ancaq birinci mərtəbəsi elə idi. Bəzi işləri
məhbuslar var görürdü. O da tikinti xərclərini azaltmaq üçün. Çünki bu çayxana
dövlət xətti ilə yox, şəxsi büdcə hesabına tikilirdi. Tikilinin ortasında iri
boru qalxırdı. Hər tərəfdən isə kiçik borular konstruksiyalarla bir-birinə birləşirdi.
Mərtəbələr arasında da arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla
bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə isə dörd qapı nəzərdə
tutulmuşdu, hazırlanmışdı. Yuxarı mərtəbələrə məscidə baxan tərəfdə dairəvi şəkildə
quraşdırılmış pilləkənlə qalxmaq olardı.
- Tez bir zamanda
inşa olunub, amma yəqin ki, asan olmayıb. Tarixi bir çayxanaya dönmüş məkan yəqin
ki, böyük əziyyət də tələb edərdi.
- Əlbəttə, asan
deyildi. Adicə oranın başa çatmasında yüz tona yaxın metal konstruksiyadan
istifadə edilmişdi. İndi özünüz də düşünün nə qədər çətin olduğunu...1986-cı
ilin iyulun 26-da açılış oldu. Tam hazır idi. Buranın hazır olma xəbəri
"Lenin yolu" qəzetində dərc olunmuş, haqqında yazı da getmişdi.
- Onda inşallah növbəti
təmirdən çıxmış xəbəri də bizim saytda gedər, "Qaynarinfo.az”da (gülür).
- İnşallah. Təki
sağlıqla qayıdaq, hər şey yaxşı olacaq. Daha gözəl yerlər tikəcəyik.
- Naiq bəy, növbəti təmir
demişkən, necə düşünürsünüz, artıq ora qayıdanda yenidən oranın memarı
olacaqsınızmı? Ümumiyyətlə, oranın indiki halının şəklini görəndə nə hisslər
keçirdiniz?
- Necə olacam?! Çox
pis! Ürəyim ağrıdı. Gör, nə günə qoyublar. İnsan deyillər onlar. Amma bütün
hallarda ürəyimi sərinlədən odur ki, artıq Ağdam bizdədir və mənim üçün imkan
yaranıb ki, o işi yenidən başa çatdırım. Bəli, istəyərəm və inşallah olacaq da.
İcra başçısı ilə danışdıq hətta. Dostumdur. Elə bu barədə də. Dəvət etsələr,
böyük məmnuniyyətlə yenidən oranın inşasına başlayar, əvvəlki kimi gözəl bir mənzərə
çıxardaram ortaya...
- Tikinti zamanı
yadınızda qalan maraqlı hadisələrdən nəyisə xatırlayırsınızmı?
- Hə, ikinci mərtəbədən
yıxılmışdım. (Gülür)
- Naiq bəy, özünüz o
kafedə oturanda heç içinizdə deyirdinizmi ki, gör, nə gözəl yaratmışam e. Bəh-bəh.
- (Gülür) Əslində,
çayxanaya çox getmirdim. Ara-sıra. Amma orada oturanda, hə. Özünün inşa elətdirdiyin
yerdə oturmaq, istifadə eləmək hissi bir az başqadır. Olurdu məndə. Fərəhlənirdim.
(Gülür) Həm də elə bil, oranın xüsusi bir sehri var idi. Nə qədər dəyərli,
sehrli olmağını da işğalda olanda hiss elədik.
- Naiq bəy, müsahibə
üçün təşəkkür edirəm, gözünüz bir daha aydın olsun. Ümid edirik ki, yaxın
zamanlarda, məhz sizin yenidən memarı olduğunuz həmin çayxanada bir reportaj
hazırlayacam.
- Çox sağ olun, mən təşəkkür
edirəm. Ümid edirəm, elə də olacaq. Sağlıq olsun.
Şərhlər