İdman 20:20 08.03.2021

"Neftçi" "Keşlə"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matç erkən qolla başlayıb. Namik Ələskərov 6-cı dəqiqədə hesabı açıb. 19-cu dəqiqədə Ömər Buludov fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 62-ci dəqiqədə "Keşlə"nin məşqçisi Azər Bağırov baş hakim Rauf Cabbarovun qərarına etiraz etdiyi üçün qırmızı vərəqə görərək texniki zonadan qovulub. Bundan 2 dəqiqə sonra isə flaqman daha bir qol vurub. Penaltidən fərqlənən Ələskərov dublunu rəsmiləşdirib.

82-ci dəqiqədə "Keşlə"nin heyətində Azər Salahlı buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin qonaqların gücü bundan artığına çatmayıb.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Neftçi" liderliyini möhkəmlədib. "Keşlə" isə 16 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Sumqayıt"la qollu heç-heçə edib - 1:1. Tura sabah oynanılacaq "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.