Dünya 12:02 01.08.2023

2024: Tramp və Bayden arasında qalan ABŞ - “The Washington Post”

Hərbi tarixçi Maks But "The Washington Post” qəzetindəki köşə yazısında Donald Trampın növbəti seçkilərdə qalib gəlməsinə imkan verilməməsinin səbəbini izah edir.

Qaynarinfo həmin yazını təqdim edir.

Milli təhlükəsizliyə gəldikdə demokratlar və respublikaçılar arasındakı fərqi anlamaq istəyirsinizsə, hamısı bir sözlə nəticələnir: Helsinki.

Beş il əvvəl, 2018-ci il iyulun 16-da ABŞ prezidenti Donald Tramp Finlandiyanın paytaxtında Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Orada Tramp özünü elə apardı ki, senator Con Makkeyn onun davranışını "Amerika prezidentinin mənim yaddaşımdakı ən biabırçı perfomanslarından biri” adlandırıb. Mətbuat konfransında Putinin yanında dayanan Tramp Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsini pisləməkdən, hətta bunun baş verdiyini etiraf etməkdən imtina edib. Bu, Trampın NATO-nun Brüsseldə keçirilən sammitində iştirakından bir il sonra alyansın 5-ci maddənin kollektiv təhlükəsizlik zəmanətlərini təsdiqləməkdən imtina etməsindən bir qədər sonra baş verir (daha sonra o, istəmədən 5-ci maddəni dəstəklədi, lakin Alyansı amansızcasına tənqid etməyə davam etdi).

Prezident Bayden bu yaxınlarda çox fərqli məqsədlə Helsinkiyə səfər etdi.

O, Putinə boyun əyməyə yox, ona qarşı çıxmağa, həm də NATO-nu sarsıtmağa yox, onu gücləndirməyə gəldi. Bu səfər Finlandiyanın Alyansa qəbulu ilə üst-üstə düşdü və və bu, Baydenin Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitinə səfərindən qısa müddət sonra baş verdi, burada Alyans yaxın tarixdə heç vaxt olmadığı qədər birlik nümayiş etdirdi. Ukrayna alyansa qoşulmaq üçün konkret müddət almadı, lakin İsveç onun üzvlük yolunda Türkiyənin "maneəsini” aşdı və müttəfiqlər Ukraynaya kömək etmək və onu alyansa yaxınlaşdırmaq əzmində olduqlarını nümayiş etdirdilər.

"Mən uzun müddətdir ki, bu işlə məşğulam. Düşünmürəm ki, NATO nə vaxtsa bundan  daha güclü olub”, - deyə Bayden Finlandiya prezidenti Sauli Niinistö ilə görüşü zamanı bildirib. O, haqlıdır və bu nailiyyətinə görə alqışlanmağa layiqdir. Bayden 1991-ci ildə Körfəz Müharibəsi zamanı Corc Buşdan sonra ABŞ prezidentlərindən daha çox beynəlxalq koalisiya toplamaqda bacarıq nümayiş etdirib.

Bayden Üçüncü dünya müharibəsinin başlatmasından qorxaraq Ukraynaya həmişə yardımı gecikdirirdi, lakin sonda o, Stinger və Javelin raketlərindən, həmçinin M777 haubitsalarından və HIMARS çoxsaylı buraxılış raket sistemlərindən tutmuş Patriot hava hücumundan müdafiə batareyalarına, Bradley döyüş maşınlarına və kaset sursatlarına qədər (Abrams tankları yoldadır, lakin hələ gəlməyib) hər şeyi təmin edərək təkrar-təkrar doğru olanını edirdi. Ümid var ki, taktiki raket sistemləri, "Gray Eagle” pilotsuz uçuş aparatları və F-16-lar özünü çox gözlətməyəcək. 

Əminliklə demək olar ki, Tramp hələ də Ağ Evdə olsaydı, bunların heç biri baş verməzdi. Elə bu günlərdə Tramp Baydenin Ukraynanı kasetli sursatlarla - rusların çox istifadə etdiyi döyüş sursatları ilə təmin etmək qərarı ilə razılaşmadığını bildirib. Tramp Baydenin "Ukraynaya kaset sursatları göndərməklə bizi III Dünya müharibəsinə daha da cəlb etdiyini" iddia edir və müharibəni bir gündə bitirə biləcəyi ilə öyünür. Keçmiş vitse-prezident Mayk Pens ona belə cavab verib: "Bu müharibəni bir gündə həll etməyin yeganə yolu Vladimir Putinə istədiyini verməkdir”.

Pensin Trampı tənqid etməsi, respublikaçıların əksəriyyətinin Rusiyaya qarşı zəif olmadığını xatırladır. Ukraynaya yardım Konqresin hər iki palatasında iki partiyanın böyük dəstəyi ilə həyata keçirilib. Amma Respublikaçılar Partiyasının daxilində ABŞ-ın qlobal liderliyinə və Ukraynaya yardıma düşmən olan böyük və böyüyən bir fraksiya var. "Pew Research Center” araşdırma mərkəzinin bu yaxınlarda keçirdiyi sorğuda respublikaçılar və respublikaçı tərəfdarlarının 44%-i ABŞ-ın Ukraynaya həddən artıq çox yardım göndərdiyini bildiriblər. Demokratlar və Demokratlar Partiyasının tərəfdarları arasında bu rəqəm 14%-dir. 

MAGA (Make America Great Again – Amerikanın əvvəlki şöhrətinə qaytaraq) qrupundan olan respublikaçılar Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsini dəstəkləməkdənsə, daxildə mədəni müharibələr aparmağa üstünlük verərlər. Nümayəndələr Palatasında Azadlıq fraksiyasının üzvləri Konqresdən keçən "Müdafiə səlahiyyətləri haqqında” qanun layihəsinə ABŞ-dan Ukraynaya yardımı kəsməyi və ya ləğv etməyi, hətta NATO-dan çıxmağı tələb edən düzəlişlər təklif edirlər. Bu arada, dəniz piyadaları 164 ildə ilk dəfə olaraq təsdiq edilmiş komendantsız qalıblar, çünki senator Tommi Tubervill (Alabama ştatından olan respublikaçı) Pentaqonun hərbi qulluqçulara və onların ailələrinə abortun qanuni olduğu ştatlara getməsinə icazə vermək siyasətinə etiraz olaraq yüzlərlə yüksək rütbəli zabitin namizədliyini dayandırdı.

Təbii ki, Respublikaçılar Partiyasının əksər üzvləri müdafiə xərclərini artırmaq və Ukraynaya yardımı davam etdirmək istəyirlər. Lakin Tramp partiyanın yenidən canlanan neotədridçi qanadının adından danışır və o, 2024-cü il prezidentliyə namizədliyində açıq-aşkar liderdir. Hətta keçmiş prezidentlə razılaşmayan respublikaçıların əksəriyyəti respublikaçı seçicilərin əksəriyyətinin reaksiyasından qorxaraq onu tənqid etməkdən imtina edirlər. Trampın aparıcı rəqibi, Florida qubernatoru Ron DeSantis bir vaxtlar müdafiə və xarici siyasətdə ənənəvi Reyqan tipli mühafizəkar idi, lakin indi Tramp tipli təcridçiliyə meyl edir.

Trampın 2024-cü ildə prezidentliyə qayıdışının real ehtimalı ABŞ-ın müttəfiqlərini dəhşətə gətirir və onların düşmənlərinə ümid edir. Trampın milli təhlükəsizlik üzrə müşaviri olan Con Bolton Trampın 2018-ci ildə NATO-nu tərk etməyə yaxın olduğunu və yenidən seçiləcəyi təqdirdə bunu edəcəyini bildirib. Ola bilər ki, Tramp Ukraynaya ABŞ silahlarının tədarükünü dayandırmağa çalışsın. Əslində Trampın prezidentliyə qayıtması perspektivinin özü də Putini münaqişəni uzatmağa sövq edir.

Rusiyanın keçmiş prezidenti və Putinin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev may ayında Trampın "yaxşı oğlan, lakin qorxaq” olduğunu və "tarixən respublikaçılarla işləmək həmişə daha asan olduğunu” bildirib. Medvedev etiraf edib ki, Kremlin nöqteyi-nəzərindən "əsas odur ki, Bayden ("demensiya xəstəsi”) ikinci müddətə yenidən seçilməsin.

Nizami Bağırov