"Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol- nəqliyyat hadisəsi ilə bağlı dəhşətli rəqəmlər açıqlayıb. Ekspert qeyd edib ki, son 40 gündə 93 nəfər yol qəzalarında ölüb.
Onun sözlərinə görə, bu rəqəm təxminən günə 2 nəfərdən artıq insan deməkdir. Yol qəzaları, sürücü və piyada məsuliyyətsiziliyindən çox danışılsa da, neqativ hallar bitib-tükənmir. Dəfələrlə mətbuatda və televiziyalarda maarifləndirici məlumatlar paylaşılır. Sürücülərin və piyadaların diqqətli olması ilə bağlı daim çağırışlar edilir. Lakin "yol terroru” davam etməkdədir.
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev yol qəza hadisələrinin baş vermə səbəblərinə görə, piyadaları ittiham edib:
"Polis əməkdaşları hər zaman profilaktik tədbirlər həyata keçirir. Hər hansı yol nəqliyyat hadisəsinin qarşısının alınmasında da hər zaman zəruri tədbirlər görürlər. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını, xüsusilə piyadaları yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Baxmayaraq ki, çox sayda yeraltı və yerüstü piyada keçidləri mövcuddur, yenə də bəzi piyadalar tərəfindən qayda pozuntularına yol verilir. Yüksək sürətin müəyyən olunduğu yollardan keçirlər. Nəticədə əziyyət çəkən, xəsarət alan, hətta dünyasını dəyişənlər də piyadaların özləri olur. Onlar öz həyatlarını təhlükə altında qoymamalıdırlar, yalnız müəyyən edilmiş keçidlərdən keçməli və işıqforun onların hərəkətinə icazə verən işığının yanmasını gözləməlidirlər”.
İdarə rəisi xüsusilə mövsümlə əlaqədar olaraq, sürücülərə də xəbərdarlıq edib:
"Sürücülərə də tövsiyə edirik ki, hər zaman nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər. Təhlükəsizlik kəmərindən mütləq istifadə eidlməlidir, hərəkət zamanı sürət rejiminə, manevr, ötmə qaydalarına ciddi əməl etmək lazımdır. Yorğun, yuxusuz halda sükan arxasına əyləşmək olmaz. Həmişə olduğu kimi, tösiyə edirik ki, 2-3 saatlıq hərəkətsizlikdən sonra qısamüddətli istirahət etsinlər. Yay mövsümü başlayıb. Havaların isindiyini nəzərə alaraq, soyuducu sistemi olmayan nəqliyyat vasitələri sahiblərinə günün sərin saatlarında yola çıxmaları məsləhət görülür”.
Şərhlər