Ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş 22 yaşlı bir gənc Masallı rayonunun Güllütəpə kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdı. Dörd il çalışdığı bu məktəbdə o hansı izi qoymuşdu ki, uzun illərdən sonra şagirdləri yenidən onunla görüşmək istəmişdilər?!
Bu sualın cavabı o gənc müəllimlə – Rahid Ulusel ilə keçirilən görüşdə aydın oldu. Vaxtilə şagirdlərinin qəlbində qığılcım yandırmış müəllim indi artıq ölkəmizin seçkin filosofu, alimidir. Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, fəlsəfə elmləri doktoru, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, Azərbaycanda və xaricdə 32 kitabı, 300-dən çox məqaləsi çap olunan Rahid Ulusel üçün bu görüş həm də sanki hesabat xarakterli idi.
O, gördüyü işlərdən, elmi fəaliyyətinin nəticələrindən, dünya səviyyəli konqreslərdə etdiyi çıxışlardan, Güllütəpədən başlayıb Seul, Stokholm, Afina, Harvard Universitetlərində davam edən məruzələrinədək söz açdı. Müəllim və şagirdlər – artıq bu gün kəndin, rayonun, ölkənin müxtəlif sahələrində çalışan mütəxəssislər məktəb illəri ilə bağlı unudulmaz xatirələrini bölüşdülər.
Kəndin Şəhidlər Xiyabanını ziyarət edilər. Filosof Rahid Ulusel ilə 50 ildən sonra keçirilmiş bu görüş qoyulan izin, çəkilən zəhmətin itməməsinə bir örnək, ən başlıcası isə, müəllimlik fəaliyyətinə verilən bir dəyərdir.
Vaqif Ağayev
Şərhlər