Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir.
Şair adam.
Şücaət Kəlbəcərli.
Əslində, şairlər özlərinə doğulduğu yerlərin adını götürəndə, bir az qıcıq oluram. Bunun dar təfəkkürün, mənasızlığın göstəricisi olduğunu düşünürəm. Amma nədənsə, Şüacət Kəlbəcərli tək istisnamdır. Bəlkə də, Şücaəti oxumasam, Kəlbəcəri sevməzdim. Şücaəti bu təxəllüsdən başqa bir adda təsəvvür də etmirəm. Çünki o, Kəlbəcərin özüdür.
İndi şeirləri dillər əzbəri, məclislər bəzəyi olan, şair kimi şair ömrü sürən Şücaət də nə xoş olardı ki, bu günləri görsün, son dəfə vurğunu olduğu, təxəllüs götürdüyü, doğulub böyüdüyü o torpaqlara gedə bilsin. Amma əfsus ki, əzrayıl bu məsələdə şair, yazıçı, müğənni bir sözlə, kimliyindən asılı olmayaraq heç kimi tanımır, heç kimə güzəştə getmir.
Məhəbbət Kazımova getdimi?! Getmədi! Qədir Rüstəmova getdimi?! Getmədi! Şücaətə də getməzdi, getmədi!
Əslində, Şücaəti şair kimi sevməyimin ən böyük səbəbi onun təbiəti, xarakterdir. Nədənsə, şairi daha çox onun kimi görürəm. Mərdliyi, cəsarəti, qorxmazlığı yerində olan, mərdi-mərdanə Kəlbəcər şairi Şücaət kimi.
Hansı ki, gəncliyi də xarakterinə görə başıbəlalı keçmişdi.
Özü demiş:
Bəlalı başımın qalmaqalıyla,
Hər yerdə, hamıdan seçilmişəm mən.
Zəhərdən acıdır bəxtim, taleyim,
Pis günün boyuna biçilmişəm mən.
Pis günün ömrü az olarmış. Amma bizim bu pis günlər illər apardı. Bir az çox oldu, o yaxşı adamlar, yaxşı şeirlər yazıb getdilər.
Kəlbəcərsiz ömür sürmək az imiş kimi, bu ömrün 8 ilini də məhbəsdə keçirmişdi. Elə öz torpağında, hələ univeristetdə oxuyarkən Kəlbəcərdə vurduğu mağaza müdirinə görə həbs olunmuşdu. Geriyə nə qaldı? Oxumamış deyilsiniz o məhşur və məşum şeiri:
Deyin, dustaqları buraxacaqlar,
qoy qəm bozartmasın üzün anamın.
Deyin, qırılacaq zülmün zənciri,
birtəhər başını yozun anamın.
Zəhər gizlənibmiş aşımın altda,
Bir dərya var imiş qaşımın altda…
Yastıq daşa dönür başımın altda,
Burda hardan alım dizin anamın?
Taleyi şil-şikəst, fikri sağ oldum,
Sevinci bir zərrə, dərdi dağ oldum.
Gah əsir, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın.
Talanmış ömürdü, gündü, neyləyim,
Baxtımın çırağı söndü neyləyim.
Sevinci fəğana döndü, neyləyim,
Söhbəti nəğmədən həzin anamın.
Sücaət, etdilər talan ömrümü,
Kor olsun daşlara çalan ömrümü.
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın.
Olanlarla barışmayan, haqsız həbslərə etiraz edən Dəlidağlı Şücaət...
Taladılar, alovlara çatdılar,
Gözüm kimi saxladığım illəri!
Xoşbəxtlikdən bulaq kimi durulub,
Tərtər kimi çağladığım illəri!
Bəli. Məhz şair taleyi, şair Şücaətin taleyi bu şeirlərdə yatır həm də.
Anasının dizini tapıb başının altına qoya bilməyən Şüacətin taleyi də şil-küt oldu. Dediyi kimi, əsir də oldu, məhbus da oldu, xəstə də oldu, hələ azmış kimi, gəldi bu xəstəlikdən əbədiyyət də oldu. Getdi o xəstəliklə...
Bütün bu məsələlərin fonunda isə qazanan ədəbiyyatdır, qazanan bizlərik. Kimisi bu dünyada Şücaəti yaxından tanımaqla, kimisi onları oxuyub ruhlarını diri tutmaqla.
İndi könül istərdi ki, o gözəlim sənətkarların hər biri sağ olaydı, oturaydıq, içəydik bir yerdə, "Laçınım” səslənəydi, "Sona Bülbüllər”i dinəydi, Şücaətin şeirləri ağrıdardı.
Hər sözü hər misrası nəğmə Şücaət. Kəlbəcərin alınmasından sonra bir daha təkrarən qayıdıb oxudum. Tez-tez oxusam da, bu dəfə sanki oxumaqla xəbər verirəmmiş kimi oldum. Doldum, şairim, doldum. Oxudum bu şeiri, doldum.
"Gedənləri anda verib yolundan,
Saxlayıram, yatmıram ki, gecələr.
Düz altmış min göz-göz olan yaranı,
Bağlayıram, yatmıram ki, gecələr.
Yurd-yuvamız viran olub talanıb,
Bulaqların nəğməsi də bulanıb.
Addım-addım o dağları dolanıb,
Yoxlayıram, yatmıram ki, gecələr.
Çox yanmışam olmamışam belə mən,
Dərd çəkməyə yaranmışam elə mən.
Gah dönürəm aşıb-daşan selə mən,
Çağlayıram, yatmıram ki, gecələr.
Sonra o biri şeirlərini də oxudum. Yəqin, məni eşitdin. Kəlbəcərə yazdığın o ağrılı misraları oxuyanda elə bilirəm, sən də ora gedəcəksən, birgə qayıdacağıq yurda. Kəlbəcər qayıtmaqla bəzi şeirlər aktuallığını itirsə də, ağrısı hələ də qalır, qalacaq.
Yenə əvvəlki tək bahar gələndə
Bənövşə yollara çıxırmı görən?
Yenə sürünürmü duman dağlara,
Yenə ildırımlar çaxırmı görən?
Darıxma, tələsmə canım, yavaş keç,
Yüz rəng var, hansını seçirsənsə seç,
Yenə göyqurşağı nazlanırmı heç,
Yenə gözlərini sızırmı görən?
Könlümdə həsrətdən qurulub saray,
Belə də ayrılıq olar, ay haray,
Millinin üstündən bədirlənmiş ay,
Bizim aynəbəndə baxırmı görən?
Soyuyan ocaqlar, sönən ocaqlar,
Bir buz parçasına dönən ocaqlar,
İndi yuxularda yanan ocaqlar,
Hamını yandırıb, yaxırmı görən?
Vətənin dərdini, çölün dərdini,
Çiçəyin dərdini, gülün dərdini,
Bu qaçqın, didərgin elin dərdini,
Satqınlar gözünə soxurmu görən?
Orda qaldı eyş-işrət də, nəşə də,
Qəlbim kimi ciliklənməz şüşə də,
Şapıların üstündəki meşədə
Sücaət bulağı axırmı görən?
Elə bilirəm, bu şeirinin cavabını özün alacaqsan, doğma şair. Özün öz gözünlə görəcəksən soruşduqlarını.
Əfsus, ay şair, səd-əfsus.
Yaşayarkən də, ölərkən də xalqın adsız xalq şairi olmağı bacarmaq da mənə elə gəlir hər şairə qismət olmur. Məhz bu xalq, Şücaət şeirlərini sevənlər onu adsız da özlərinin, ellərin şairi bilirlər, bildilər.
"Mənim muzeyim də, mətbuatım da
Elin ürəyidir, el də bəsimdi".
Məhz Şücaət idi bu xalqın içində olan, özümüz olan. Sözü ilə də, özü ilə də. Ruhən də, cismən də. Başqalarına olan ədalətsizliklərə də göz yummayan xalq şairi.
Yaxşı yaman bilən gündən,
Elin səsi səsim olub.
Biri haqsız döyüləndə,
Qəlbim əsim-əsim olub.
Dodaqlardan atılan ox,
Sücaətə dəyibdi çox,
Dağlardakı duman, çən yox,
Mənim tüstüm, hisim olub!
Həəəə. Nə etməli?
Şücaət, neyləyək baxt belə baxtdı.
Darıxma, hər şeyi həll edən vaxtdı
Bir gün gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər.
Belə, gözəl şair, mərd şair. Qayıtdı. Gülə-gülə qayıtdı. Necə istəyirdin, necə demişdin, elə qayıtdı. Heyif ki, sən qayıda bilməyəcəksən. Bir də bu dünyaya Şücaət çətin gələ. Ruhun şad olsun, Kəlbəcərli Şücaət. Yaxşı ki, bu dünyadan gəlib keçdin. Rahat uyu!
Şərhlər