Həmid Piriyev

Blogger
Yazılar
4
Ağ qərənfil üçün təziyə (III parça)

Ağ qərənfil üçün təziyə (III parça)

Həmid Piriyev

Siqaret yandırıb ayağa dururam. Hamı ayağa durur, elə bil mənə bənd imişlər, mənim durmağımı gözləyirmişlər. Bir-biri sağollaşıb gedirlər. Axıra qardaşımla Akif qalır. Akif getməyəcək, çadırı, qab-qacağı təhvil verməlidi. Çadır sökənlərin yanına gedir. Qardaşımla iksimiz qalırıq, bir-birimizin üzünə baxırıq. Bilmirəm nə deyim, yəqin o da bilmir. Ümumiyyətlə belə vaxtlarda nə demək lazımdı? Mən bilmirəm. Qardaşım da bilmir. Mən də gedim, deyir. Başımı tərpədib, get, deyirəm. Əli bayaqdan cibindədi. Qərarsızlıqla əlini cibində eşələyir, xışıltı gəlir. Pul xışıltısıdı. 

Hiss edirəm ki, pul vermək istəyir, amma necə vermək lazım olduğunu bilmir. Axır əlini cibindən çıxartır, ocvunda sıxdığı pulların ucu görünür, bir neçə əskinasdı. Ramiz, deyir, gəl bunu, lazım olar. Yox, deyirəm, sağ əlimlə pul tutan əlinin biləyindən tutub dala itələyirəm. Varımdı, lazım olsa deyərəm, verərsən. Yaxşı, deyir, amma hələ də qərarsızlıq içindədi, pulu cibinə qoymağa tələsmir. Qoy, qoy cibinə, deyirəm. Tabe olur. Elə vəziyyətdi ki, elə bil böyük qardaş mənəm, kiçiyi odu. Oyan-buyana baxır, nəzərləri oğlunu axtarır. Soltan, bura gəl, deyir. Qardaşım oğluna babamızın adını qoyub, yaşı otuzu keçib. Neçə yaşı var indi? Dəqiq bilmirəm. Babamızın aparıldığı yaşa çatmağına nə qədər qalıb? Onu da bilmirəm. Soltan gəlir. Mən gedirəm, qardaşım deyir, anan yuxarıdadı, əl yetirin, axşam gələrsiniz. Soltan başını tərpədir. Nəynən gedəcəksən, soruşuram, taksi çağırım? Yox, deyir, avtobusnan gedəcəyəm. Binanın həyətindən çıxanacan onu ötürürəm. Gəlmə, deyir, özüm gedirəm. Sözlə sağollaşırıq, qardaşımnan heç vaxt əl verib görüşməmişik. Dalıycan baxıram, ağır yük altından çıxan adamın yüngüllüyü var yerişində. Başa düşürəm onu. 

Dönüb yavaş-yavaş blokumuza gedirəm, üçüncü mərtəbəyə çıxıram. Evin havası da ağırlaşıb elə bil. Ruqiyyənin üz-gözü şişib, qızların da. Qonaq otağında on-onbeş qadın var, hamısı qonum-qonşudu. Məni görən kimi özlərini yığışdırırlar, söhbətləri yarımçıq kəsilir. Ruqiyyəyə baxıram, o da Eldarın böyüdülüb çərçivəyə salınmış şəklinə baxır. Bu şəkli kim böyütdürüb? Haçan böyütdürüb? Mətbəxə keçib otururam. Dilarə gəlir. Saçı dağınıqdı, üzü qızarıb, tez-tez burnunu çəkir. Himə bənddi ağlasın. Yemək istəyirsən, soruşur. Yox, deyirəm. Çay istəyirsən, soruşur. Hə, deyirəm. Çay süzüb qabağıma qoyur, nimçədəki halvanın üstünə çay qaşığı qoyub qabağıma itələyir. Keçib qabları yumağa başlayır. Çay buğlanır, buxar burula-burula qalxıb havada əriyir, yoxa çıxır. Dilarə qab yuyur, tez-tez burnunu çəkir, arada köpüklü əlinin tərsiynən gözlərini silir. 

Eyvana çıxıram, aşağıdan çadır sökənlərin səsi gəlir. Aşağı boylanıram, çadırın brezentini söküblər, turbaları qalıb hələ. Bir-birinə keçirdilmiş turbalar yuxarıdan qabırğaya oxşayır, elə bil hansısa nəhəngin döş qəfəsidi. Hər dəfə turba görəndə Hikmət yadıma düşür. Hikmət atamın əmisi oğluydu. Evliydi, amma uşağı yox idi. Biziynən qonşu həyətdə yaşayırdı. Məniynən qardaşımı çox istəyirdi, öz uşaqları kimi. Sovxozun şoferiydi. Hər gün günorta hansısa idarəyə gedib (hansı idarə olduğu indi yadımda deyil) yeməkxanada dünəndən qalma quru çörəkləri gətirirdi. Həm öz mal-heyvanatına verirdi, həm də qonum-qonşuya satırdı. Çox vaxt biz də onuynan gedirdik. Bir dəfə yay vaxtıydı, günorta gördük bu maşını xoddayır, qaçıb çıxdıq küçəyə. Gedirsiz, soruşdu. Hə, dedik. Minin, dedi. Binəqədi mədənlərinin arasından keçəndə tülkü gördük, qaçıb qıraqda qalaqlanmış enli turbalardan birinin içinə girdi. Hikmət əmi, dedim, o tülkünü tutaq da. Kopoyoğlanları, tülkü qovan vaxtımdı, dedi. Amma maşını saxladı. Bizi çox istəyirdi axı, dili desə də, ürəyi əsirdi bizimçün. 

Düşüb çörək üçün apardığı kisələrdən birini götürdü. Qardaşımla hərəmiz turbanın bir tərəfində dayandıq ki, tülkü çıxıb qaçmasın. Hikmət əmi quru ot, tilişkə yığdı, turbanın bir tərəfində ocaq qaladı. Siz gəlin, tüstünü turbaya üfürün, dedi. Özü kisəni götürüb turbanın bu biri başında açdı. Biz tüstünü turbanın içinə verdik, tülkü axır dayana bilməyib çıxmaq istəyəndə Hikmət əminin kisəsinə girdi. Hikmət əmi kisəyə baxıb qışqırdı, adə, qoturdu ki, bu, sizə nə deyim, qotur tülkünün dalıycan salmısız məni. Kisədəki tülküyə baxa-baxa qışqırıb gülürdük. Kefimiz kökəlmişdi. Bir də gördük yolda bir maşın saxladı. Ortayaşlı kişiydi, şəhər adamına oxşayırdı. Neynəyirsiz, soruşdu. Tülkü tutmuşuq, Hikmət əmi dedi. Satın da onu mənə, kişi dedi. İstəyirsən, götür apar, Hikmət əmi dedi. 

Kisənin ağzını düyünləyib baqaja atdıq, kişi pul vermək istədi, götürmədik. Maşınlara minib hərəmiz öz yolumuza düşdük. Bir az gedəndən sonra Hikmət əmi qışqırdı, adə, kisəni də apardı əlçağ. Həmin gün bir kisə çörək az götürə bildi. Qayıdanda gördük ki, qaladığımız ocaq hələ də tüstüləyir. Başımız qarışmışdı, söndürmək yadımızdan çıxmışdı. Hikmət əmi mən əsgərlikdə olanda öldü... Turbaları sökürlər, qabırğaları bir-bir onurğadan ayırırlar. Ata, çayını soyutma, Dilarə məni səsləyir. Mətbəxə keçib otururam, halvadan bir qaşıq ağzıma qoyub çaydan içirəm. Halvanı kim çalıb görəsən? Unu yaxşı qovrulmayıb, diri qalıb. Hələ anam kimi halva çalan görməmişəm. Bir halvası, bir də aşı. Hər dəfə aş, halva yeyəndə o dadı axtarıram, tapa bilmirəm. Bəlkə də ağzımda dad qalmayıb, ya da heç kim anam kimi bişirə bilmir. Bizdə aş bayramdan-bayrama bişərdi, hərdən heç bayramlarda da bişirə bilmirdik, bəlkə də ona görə mənə çox dadlı görünürdü, dadı xüsusiydi. İndi əlçatandı axı. 

Dükan-bazar da bolluqdu, puldan da korluq çəkmirik, istədiyimizi ala bilirik. Ruqiyyə tez-tez bişirir. Dilarə qabları yuyub qurtarır, əllərini çay dəsmalına silib o biri otağa keçir. Elə sevinmişdim Dilarə olanda. Qəribə hissdi ata olmaq. Qundağın içində tərpənən, qığıldayan gözləri bağlı balaca körpəyə baxırsan. İstər-istəməz gözlərin dolur. Sən bu balaca adamın atasısan. Sən artıq atasan. Öhdəndə başqa biri də var. Həm sevinirsən, amma həm də qorxursan. Ömür boyu onun məsuliyyətini çəkməlisən, böyütməlisən, əziyyətinə qatlaşmalısan. Biz iki qardaşıq, bacım yoxdu. Buna görə qız atası olmaq ikiqat sevinc idi mənimçün. Gülarə də doğulanda sevinmişdim. Amma açığı, Dilarəyə sevindiyim qədər yox. Yəqin bu hissi bir dəfə yaşamışdım deyə elə olmuşdu. Hər şeyin ilki gözəldi, həyəcanlıdı, fərəhlidi, çoxaldıqca adiləşir. Hətta uşaqlar da...


OXŞAR XƏBƏRLƏR