Xəbər lenti

“AAAF Park”dan açıqlama gəldi - YENİLƏNİB
Ekonomiks 12:29 26.07.2014

“AAAF Park”dan açıqlama gəldi - YENİLƏNİB

12:29

“AAAF Park”ın direktorunun həbsi barədə xəbərə şirkət tərəfindən münasibət bildirilib.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən şirkətin məsul şəxsi Rəşad Əliyev bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Şirkətin təsisçisi Tofiq Heydərov hazırda iş başındadır”.

R. Əliyev həmçinin bildirib ki, hazırda yayılmış məlumat şirkətin hüquqşünasları tərəfindən araşdırılır və hüquqi müstəvidə ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət olunacaq: “Bu məlumatlar müştərilərimiz arasında heç bir narahatçılığa səbəb olmamalıdır”.


_________________________

09:50

"Sevil Massivi"ndən sonra “AAAF Park”ın qara günləri başladı


Hakimiyyət dairələri iri maliyyənin dövr etdiyi tikinti şirkətlərində yoxlamalara qərar verib. Azərbaycan üçün qeyri-ənənəvi dini cərəyanlara yaxınlığı ilə seçilən, xüsusən radikal vəhhabiliyə meyl edən dini qruplaşmaların maliyyə qaynaqlarının nəzarət altına alınması prosesi başlayıb.

Qaynar.info "Yeni Müsavat"-a istinadla verdiyi xəbərə görə, “Sevil” MMC ilə paralel “AAAF Park” yaşayış kompleksində də yoxlamalar olub. Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kompleksdə yoxlamalara başlayıb. Yoxlamaların ilkin nəticəsi olaraq “AAAF İnşaat” MMC-nin baş direktoru Tofiq Heydərov saxlanılıb.

AZAL prezidenti Cahangir Əsgərovun yaxın çevrəsinə daxil olan T.Heydərovun vergi cinayətinə görə tutulduğu bildirilir.  Qəzetin yazdığına görə, yoxlama Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından verilən gizli göstərişlə həyata keçirilir.

Hər iki kompleksdə külli miqdarda vergidən yayınma halları qeydə alınıb. Qeyd edək ki, artıq Baş Prokurorluq “Sevil” MMC-də baş verən qanunsuzluqlar və həbslər haqda rəsmi məlumat yayıb.

Məsələ ilə bağlı qəzet “AAAF İnşaat” MMC ilə əlaqə saxlayıb. Özünü təqdim etməyən MMC-nin xanım əməkdaşı əvvəlcə T.Heydərovun ölkə xaricində olduğunu söyləyib. Sonradan isə T.Heydərovun iclasda olduğunu deyib telefonu qapadıb.

“AAAF İnşaat”ın  həm AZAL prezidenti Cahangir Əsgərova, həm də Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə bağlılığı haqda məlumatlar var. MMC adındakı AAAF abbreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir.

Bu məlumatın ortaya çıxması təsadüfi deyil. Həbs xəbəri yayılmış Tofiq Heydərov vaxtilə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olub. Yəni birbaşa C.Əsgərovun müavini vəzifəsini daşıyıb. “AAAF Park” yaşayış kompleksində ailə sağlamlıq mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı var. Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan “Zirvə” idman klubunun üçmərtəbəli böyük binası da inşa edilib. “Zirvə”nin  C.Əsgərovun prezidenti olduğu federasiya ilə əlaqələri də mövcuddur.

Cahangir Hacıyevə isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq” ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. ASC səhmdarlarının məhkəmələrə üz tutması da, hüquqlarının bərpa olunması ilə sonuclanmayıb. C.Hacıyevə “AAAF inşaat” MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib.

Qəzet həmçinin Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edərək  “AAAF İnşaat” MMC-də yoxlamaların aparılıb-aparılmamasını dəqiqləşdirməyə çalışıb. Lakin xidmətdən sorğumuza hər hansı bir şərh verilməyib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->