Hüseynbala Səlimov
Siyasət 10:50 19.12.2022

ABŞ mövqeyini niyə sərtləşdirir?..

Əslində bu soyuq günlərdə diqqətlərimiz yenə də Dağlıq Qarabağda olmalıdır. Bir müddətdir ki, burada bizim ekoloji fəalların mitinqləri keçirilir, lap on illər bundan əvvəl Topxanada olduğu kimi. 

Onda demişdilər ki, bəs ermənilər Topxanada ağacları qırırlar. Qəzəblənmiş insanlar meydanlara axışdılar. Amma onda da yolumuzun üstündə rusları gördük. Beləcə, otuz illik münaqişə epopeyası başladı. Moskva Dağlıq Qarabağda öz idarəetmə sistemini yaratdı, ora özünün Volskilərini gətirdi və onlar Dağlıq Qarabağda ağalıq etməyə başladılar - lap indi Andrey Volkov ağalıq edən kimi...

İki il bundan əvvəl, İkinci Qarabağ savaşı bitərkən bizimkilər elan etdilər ki, bəs Dağlıq Qarabağ münaqişəsi artıq bitdi, o, daha yoxdur. Amma indi insanlarımız soyuqda, şaxtada Dağlıq Qarabağın astanasında dayanıblar, onları dinc ekoloji monitorinq belə keçirmək üçün Dağlıq Qarabağa buraxmırlar. Bizim işğal altındakı rayonlarımızın azad olunması çox böyük qələbə idi. Amma o vaxt yazırdıq ki, biz rayonlarımızı hələ 1994-cü ildə, atəşkəs haqqında ilk müqavilə imzlanarkən azad edə bilərdik, çünki rusların bir tələbi vardı: Dağlıq Qarabağda rus sülhməramlıları yerləşdirilsin.

Biz bilirdik ki, bu labüddür, sülhməramlılar olmasa, problem həll olunmayacaq. Amma çalışırdıq ki, onun tərkibi beynəlmiləl olsun və proses bir dövlətdən asılı olmasın. Beləcə, Minsk Qrupunun həmsədrləri gəldilər-getdilər, fəqət, bir nəticə hasil olmadı. 

Həm də aydın idi ki, əgər burada rusların sülhməramlıları yerləşdirilməzsə, proses ölü nöqtədən tərpənməyəcək, çünki lap nağıllardakı kimi, suyun başında əjdaha kimi Rusiya dayanıb. Qərəz, razılıq verdik, sülhməramlılar gəldi, biz işğal altında olan rayonlarımızın çoxunu azad etdik. Amma indi məlum olur ki, proses otuz il bundan əvvəlki vəziyyətə qayıdıb. Nəinki bizim əsgər və zabitlərimiz, dövlət rəsmilərimiz, hətta dinc, mülki insanlarımız belə Dağlıq Qarabağa daxil ola bilmirlər. Belə olan təqdirdə bizim Dağlıq Qarabağdakı hansı suverenliyimizdən, ərazi bütövlüyümüzdən danışmaq olar?..

Nə isə, indi gələk ABŞ-ın üstünə, onun Ukraynadakı siyasətinə. Əslində bunlar əlaqəli məsələlərdir, çünki hər yerdə suyu bulandıran Moskvadır, hansının ki, hazırda bir əli Ukraynada, digəri Cənubi Qafqazdadır. 

Qərəz, bu günlərdə ABŞ rəsmiləri iki ciddi bəyanat verdilər. Birincisi, dedilər ki, aldıqları silahları harada və necə istifadə etmək Kiyevin öz suveren hüquqdur, o, bu silahları Rusiya ərazisinə qarşı, eləcə də Krıma qarşı istifadə edə bilər. İkincisi, ABŞ rəsmiləri bildirdilər ki, Ukrayna münaqişəsində danışıqların, diplomatiyanın vaxtı yetişməyib, halbuki əvvəllər ilk fürsətdəcə belə Kiyevi danışıqlar masasının arxasında oturtmağa, hətta onu ərazisinin bir hissəsindən keçməyə çağırırdılar. Bəs indi nə oldu? Güman ki, səbəb rus hərbi mifinin dağılmasıdır. 
Moskva düz bir ildir ki, Ukraynada müharibə aparır, amma ildrırımsürətli savaş alınmır ki, alınmır. Donetsk və Luqansk uğrunda savaş isə səhv etmiriksə, 2016-cı ildən davam edir. Amma ruslar hətta bu bölgələrdə öz nəzarətlərini tətbiq edə bilmirlər. 

Prezident Vladimir Putin bu yaxınlarda bir neçə bölgədə tələsik "referendum” keçirdi, çünki öz cəmiyyətinə nəsə deməli idi. Amma bir neçə həftədən sonra onlar işğal etdikləri ərazilərin bir hissəsini boşaltmalı oldular. 

İndi soyuq qış yaxınlaşır. Birincisi, yeni il axşamı prezident Vladimir Putin öz insanlarına nəsə deməlidir. Amma onun deyiləsi sözü varmı? 
İkincisi, o və komandası hələ də ümid edir ki, şaxtalı qış ukraynalıları təslim olmağa məcbur edəcək. Amma bunun əlamətləri görünmür. Təkcə Ukrayna yox, onun müttəfiqləri də mövqelərini sərtləşdirirlər. Bir az uzaqda, Cənubi Qafqazda da Moskvanın siyasəti çılpaqlaşır. Məsəl var, deyirlər ki, bir əldə iki qarpız tutmazlar. Kreml buna cəhd edir. O, bunu bacaracaqmı?..
 
Hüseynbala Səlimov