Hüseynbala Səlimov
Dünya 10:11 20.09.2021

ABŞ Avropanı necə qabaqladı?

Hüseynbala Səlimov

Ötən həftə gündəmə çox maraqlı xəbər daxil oldu. Deyildi ki, ABŞ Böyük Britaniya və Avstraliya ilə birlikdə yeni hərbi alyans yaradır. O da deyildi ki, yeni hərbi blok gərək ki, Çinə qarşı olacaq. 

Bu xəbər bizi bu qədər maraqlandırmazdı, əgər bir məsələ olmasaydı. Neçə illərdir xəbər dolaşır ki, Avropa ölkələri NATO-ya alternativ yaratmaq və bununla da Vaşinqtondan asılılıqlarını azaltmaq istəyirlər. 

Heç sözsüz ki, bu, ABŞ-ı düşündürməyə bilməzdi. Birincisi, ona görə ki, hərbi blok yaratmaq xərc tələb edir. NATO-ya üzvlük haqlarını vaxtında ödəməyən, üzvlük haqlarının hətta cüzi artmasına qarşı çıxan avropalılar yeni hərbi blok üçün maliyyəni haradan götürəcəklər? 

İkincisi, Avropa ölkələri ABŞ-ın arxasında Rusiya ilə müxtəlif sövdələşmələr aparırlar. Bu haqda keçmiş ABŞ prezidenti Donald Tramp yaxşı demişdi: "Biz bunların təhlükəsizliyi üçün milyardlar xərcləyirik, onlar isə həmin məbləği Rusiya xəzinəsinə yönəldirlər”. 

Üçüncüsü, sirr deyil ki, NATO soyuq müharibənin qalığıdır. Bir çox Avropa ölkələri belə hesab edir ki, soyuq müharibə bitəndən sonra NATO hədəflərini itirib, çünki Rusiya SSRİ deyil, halbuki Moskvanın nə qədər problem yaratmasının Avropa ölkələri də fərqindədir, amma onların çoxunu Rusiyanın Ukraynada, Gürcüstanda, Moldovoda və o cümlədən də Azərbaycanda törətdikləri maraqlandırmır. 

Yeni hərbi blokla bağlı başqa məqam da var. Anoloji çağırışlarla Yaponiya və onun baş naziri də çıxış edirdi. Onlar da Çinə qarşı hərbi blok yaratmağı təklif edirdilər, amma Yaponiyanın, Avstraliyanın, Hindistanın və ABŞ-ın iştirakı ilə. 

Fəqət Vaşinqton fərqli bir format ərsəyə gətirdi, - yeni blokda Yaponiya və Hindistana yer tapılmadı. Burada bir maraqlı məqam da var. Yeni blokda ingilis dilli, ingilis ölkələri təmsil olunub. Görünür, etnik millətçilik ABŞ dairələrinə də yol tapır, çünki bu, həm də bir etnik ittifaqdır. 

Məsələnin digər tərəfi onunla bağlıdır ki, dünyada daha bir geosiyasi qütb yaranır, çoxqütblük təsbit və təsdiq olunur. Baxmayaraq ki, burada hədəf Çindir. 

Sonuncu da sakit durmur. Hazırda "səmaaltı imperiya”da Qərb dəyərlərinə qarşı böyük kampaniya aparılır. Üstəgəl, ABŞ bölgəni tərk edəndən sonra Şanxay Əməkdaşlıq Təşkilatında bir canlanma müşahidə olunur.

Çinin hədəf seçilməsi nə dərəcədə düzgündür? Bilmək lazımdır ki, bunu dünya ölkələrinin maraqları yox, ABŞ-ın öz eqoist maraqları tələb edir. Hazırda Pekin iqtisadi cəhətdən Vaşinqtonun dabanlarını tapdayır. Burada başqa bir məqam və mətləb yoxdur. Əlbəttə, Çin avtoritar ölkədir, yoldaş Si Szinpin özünü ömürlük prezident elan edib, ölkədə sanki Şimali Koreya ilə Cənubi Koreyanın sintezi yaranıb, siyasi azadlıqlar yox dərəcəsindədir, iqtisadiyyat isə azaddır. Amma Çin iqtisadiyyatı ona görə inkişaf edirdi ki, ideoloji sərhəd tanımırdı. 

O ki qaldı bundan sonraya, heç şübhəsiz, siyasi yasaqlar iqtisadiyyata da neqativ təsir edəcək.

Bəlkə də dünyada geosiyasi və geoiqtisadi eqoizm heç vaxt indiki kimi çılpaq olmamışdı. Soyuq müharibədən sonra əslində çox şey dəyişməli idi, amma bu, baş vermədi, əksinə maraqlar daha da çılpaq oldu. Bir tərəfdən hamı qlobalizm və planetar düşüncədən danışır, o biri tərəfdən, maraqlar naminə hamı biri-birini didməyə hazırdır. 

Bu müstəvidə heç şübhəsiz ən çox zərər çəkən demokratiya ideyası və ideallarıdır. Amma belə olmamalıdır, çünki kimsə ABŞ-a görə demokrat olursa, əslində o, heç də demokrat deyil, bu, sadəcə, görüntüdür, vitrindir. 

21-ci əsrdə cəmiyyətlərə demokratiyadan savayı başqa model tətbiq etmək olmaz, çünki hamımız insanıq və bütün qeyri-insani formasiyaları artıq arxada qoymuşuq. Heç şübhəsiz, demokratiya idealları gec-tez beynəlxalq siyasətə, dövlətlərarası münasibətlərə də sirayət edəcək. Amma buna hələ çox var...