Siyasət 17:10 24.01.2022

ABŞ Azərbaycanda mikrobioloji laboratoriya açıb? – Rus jurnalistdən təxribat

"Bu informasiya gələcəkdə hansısa işğalı əsaslandırmaq üçün ortaya atılıb və ictimai rəyə hesablanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa rus jurnalisti Arkadi Mamontovun keçmiş SSRİ-nin bir çox ölkələrində, Pentaqonun maliyyə vəsaitiylə mikrobioloji laboratoriyaların tikildiyini iddia edən və Rossiya-24 kanalında efirə gedən sənədli filmində Azərbaycanın da adının anoloji siyahıda yer almasına münasibət bildirərkən deyib:  

"Vaxtilə ABŞ İraqın bioloji silahdan istifadə etməsini bəhanə etməklə bu ölkəni viran qoydu. Rusiya da ətraf əraziləri işğal etmək üçün belə bəhanələrdan istifadə etməklə zəmin hazırlayır. Belədə, Moskva eynən amerikanın tətbiq etdiyi metodu primitiv formada təkrar etmək istəyir. Azərbaycanda ABŞ-ın mikrobioloji laboratoriyasının olduğu barədə söylənilənlər cəfəngiyatdır, qəsdən ortaya atıblar. Belə bir laboratoriya qurulsaydı, rus kəşfiyyatının bundan çoxdan xəbəri olardı. Bu, Rusiyanın gələcək işğallarına haqq qazandırmağa hesablanmış sənədli filmdir. Bununla ictimai rəyi həmin məqama hazırlayırlar. O boyda torpaqları ola-ola elə bilirlər əlavə torpaqları da özlərinə qatmalıdırlar”. 

Deputat deyib ki, ondansa Rusiya gedib öz əhalisini doyuzdurmaqla məşğul olsun: 

"Öz ərazisindəki insanları doyuzdura bilmir, digər əraziləri işğal etməklə nə edəcəklər ki? Absurd iddiadır, qəsdən ortaya atılıb. Bu həyazıslığa qarşı sözümüzü deməliyik”. 

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?