ABŞ-ın İrana qarşı yeni sanksiyaları Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinə təsir etməyəcək.
Finans.az xəbər verir ki, bu barədə "S&P Global Platts” ABŞ Prezidenti Donald Trampın bazar ertəsi günü imzaladığı sərəncama istinadən məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın sərəncamında "təbii qaz layihəsinin istisnası" bəndi adı çəkilməsə də Cənub Qaz Dəhlizi layihəsini nəzərdə tutur. Yəni ABŞ-ın İrana qarşı yeni sanksiyaları Cənub Qaz Dəhlizi layihəsinə təsir etməyəcək.
Məlumata görə, İrandan təhlükənin azaldılması və 2012-ci il Suriya İnsan hüquqları aktına istinad edilən sərəncamda "Azərbaycandan Türkiyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin inşası və istismarı”nın istisna olunmasına dair ABŞ qanunu qeyd olunur. Həmin qanunda deyilir ki, dəhliz Türkiyədə və Avropa ölkələrində enerji təhlükəsizliyini təmin edir və Rusiyadan enerji asılılığını azaldır.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı enerji sahəsindəki sanksiyaları 2018-ci il noyabrın 4-də qüvvəyə minəcək.
Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.
Şərhlər