Pakistanın Vəziristan vilayətində fəaliyyət göstərən "Səlahəddin” dini ləqəbli şəxsin başçılıq etdiyi cinayətkar birliyin tərkibində döyüşməkdə ittiham olunan Şəki şəhər sakini 41 yaşlı Mənsur Cumayev və əslən Laçın rayonundan olan 50 yaşlı Nəsir Cahangirov hakim önünə çıxarılıblar.
Virtualaz.org-un xəbərinə örə, Mənsur Cumayev, Nəsir Cahangirov və digərləri Pakistandakı qanunsuz silahlı birləşmələrə qoşulmaq məqsədilə 2011-ci ildə "Astara” sərhəd nəzarət məntəqəsindən keçərək İrana gediblər. Orada "şəxsiyyəti istintaqa məlum olmayan” bələdçinin köməyi ilə qanunsuz yolla Pakistan ərazisinə keçiblər. Orada fəaliyyət göstərən "Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olublar. Həmin silahlı qruplaşmanın tərkibində təlimlərə və döyüş əməliyyatlarına qatılıblar.
Salahuddin qruplaşmasının lideri (ortada)
M.Cumayev 2013-cü ilin fevral ayına, N.Cahangirov isə 2012-ci ilin iyul ayınadək "Səlahəddin” qruplaşmasının tərkibində döyüş təlimlərinə, Əfqanıstanla sərhəddə dislokasiya olunmuş hərbi qulluqçulara qarşı döyüş əməliyyatında iştirak ediblər.
İki Şəki sakini yola çıxır: əvvəlcə İrana, oradan Pakistana...
Təqsirləndirilən Mənsur Cumayev 2005-ci ildən ibadətə başladığını deyib. İstintaqa verdiyi ifadəsində qonşusu Ruslan Səmədovun "Pakistanda İslam torpaqları uğrunda din qardaşlarımız kafirlərə qarşı vuruşurlar” dediyini, onlara köməklik göstərməyi təklif etdiyini göstərib. Ruslanın təklifi ilə razılaşıb, 2011-ci ilin mayında hər ikisi avtobusla Şəkidən İrana yollanıblar. Sərhədi keçdikdən sonra Ruslan kiminləsə telefonla əlaqə saxlayıb.
"Özbək millətinə oxşayan bir nəfər bizə bələdçilik edib hansı istiqamətə gedecəyimizi başa saldı. Avtobusla İranın başqa şəhərinə yola düşdük, bizi orada qarşılayıb tanımadığımız evə apardılar. Evdə Pakistandakı döyüşlərdə iştirak etmək üçün gələn daha dörd nəfər var idi”, - Cumayev deyib.
Onlar təxminən bir həftə həmin evdə qalıblar. Daha sonra isə "pikap” avtomobillə Pakistan istiqamətinə yola düşüblər. Sərhədi qeyri-leqal keçərək Pakistan ərazisinə daxil olublar. Dörd gün yol getdikdən sonra Vəziristan vilayətinin Miranşah şəhərinə çatıblar.
Bazarda TT tapançası 200 dollara?
"Miranşahda əslən puştun olan "Səlahəddin” adlı şəxsin rəhbərlik etdiyi camaatın üzvü, "Mahmud” ləqəbli bir nəfər bizə qalacağımız evi, silah alacağımız bazarı göstərdi. Bazara gedib 200 dollara "TT” tipli tapança, iki sandıqça aldım, "Mahmud”un vasitəsilə "Səlahəddin”nə biyət etdim, təlimlərdə iştirak etməyə başladım” – təqsirləndirilən şəxs ifadəsində belə deyib.
Miranşahdakı təlim düşərgələrində dini ləqəbləri "Abdurrahim”, "Abu Ömər”, Abu Səməd”, "Mahmud”, "Ömər”, "Əli”, "Musaib”, "Abdul Həlim”, "Nasir” olan azərbaycanlıları görüb, onlarla tanış olub. O, özünə "Həsən”, Ruslan Səmədov isə "Abdullah” dini ləqəbi götürüb. Üç-dörd ay təlimlərdə iştiraklarından sonra döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar. Döyüşə gedərkən hər biri "Kalaşnikov” avtomatı ilə təmin olunublar. Döyüşlərin birində sinə nahiyəsindən güllə yarası alan M.Cumayevin ağciyərləri ciddi zədələnib.
Yaralı Cumayev Azərbaycana qayıtmaq istəyir, amma Pakistan sərhədçiləri onu yaxalayır
O ifadəsində deyir: "Məni döyüş bölgəsindən çıxarıb bir otağa apardılar, dörd ay orada həkim nəzarəti altında qaldım. Oradan çıxdıqdan sonra bir il həmin ərazidə qruplaşma üzvləri ilə birlikdə yaşadım. 2013-cü ildə Azərbaycana qayıtmaq istədim. Əslən azərbaycanlı olan "Seyfulla” dan kömək xahiş etdim. "Seyfulla” bələdçi tapdı. Tatar millətindən olan bir nəfərlə və bələdçi ilə yola düşdüm”.
"Həsən”i Pakistan-İran sərhədinə gətirib sərhədi necə keçəcəyi ilə bağlı təlimatlandırıblar. Lakin sərhədi keçmək istəyərkən Pakistan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb, sərhədi qanunsuz keçdiyinə görə həbs olunub. Beş ay Pakistanın Kivettə şəhərindəki həbsxanada qalıb. 2013-cü ilin avqustunda Dubaya yollanıb.
Laçından olan məcburi köçkün amerikalı əsgərlərlə döyüşə yollanır
Təqsirləndirilən Nəsir Cahangirov isə ifadəsində bildirib ki, Pakistan-Əfqanıstan sərhəddində ABŞ-ın Əfqanıstan ərazilərinə dislokasiya olunmuş hərbçilərinə qarşı döyüşən "din qardaşlarına” köməklik etmək qərarına gəlmişdi. (Cahangirov ABŞ ordusuna qarşı döyüşmək üçün gedəndə onun doğulduğu torpaqlar erməni ordusunun işğalı altında idi, - müəl.) Bu məqsədlə "Abu Ömər” dini ləqəbli Vüqar Dursunəliyevlə (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2015-ci il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum edilib. V.Dursunəliyev həmçinin, 15 yaşlı oğlu Elvini də qanunsuz silahsız birləşmələrin tərkibində iştirak etmək üçün 2013-cü ildə Suriyaya göndərib. Ata və oğul eyni vaxtda məhkəmədə mühakimə olunublar - red.) birgə 6 may 2011-ci ildə İrana, oradansa qeyri-qanuni yolla Pakistan ərazisinə keçərək Vəziristanın Miranşah şəhərinə çatıblar.
Miranşaha çatdıqdan sonra "Taliban” qruplaşmasının tabeliyindəki şəxslərdən biri onlara qalacaq yerlərini, silah satılan bazarı göstərib, özləri üçün silah almağı tapşırıb. "Nasir” bazara gedib 850 dollara "Kalaşnikov”, üç sandıqça, 1500 güllə alıb və təlimlərdə iştarak etməyə başlayıb. İki ay sonra isə döyüş əməliyyatlarına qatılıb: "İki dəfə döyüşlərdə iştirak etmişəm. Sonra düşərgəyə qayıtdım və Azərbaycana geri dönmək qərarına gəldim. 2012-ci ilin iyul ayında qeyri-qanunu yolla Vəziristan vilayətindən İran ərazisinə keçdim, oradansa Azərbaycana qayıtdım”.
Təqsirləndirilən şəxslər ötən il sentyabrın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Şərhlər