Xəbər lenti

Siyasət 23:25 05.08.2014

ABŞ prezidentlərin görüşünü dəstəkləyir - VİDEO

Cəbhə xəttində baş verən döyüşlərlə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası gəlməkdədir. 

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan tərəfini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəsə hörmət etməyə çağırıb. ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəstəkləyir.

ANS-in Vaşinqton bürosunun məlumatına görə, ABŞ-ın Dövlət Departamenti iyulun 31-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycan ordusunun 13 əsgərinin öldürülməsi xəbərinə münasibət bildirdi. Departament sözçüsü həlak olan və yaralananların ailələrinə başsağlığını bildirdi.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki deyir ki, "Biz iyulun 31-dən başlayaraq, təmas xətti boyunca zorakılığın güclənməsilə bağlı dərin narahatlıq hissi keçiririk. Biz həlak olanların və yaralananların ailə üzvlərinə başsağlığımızı çatdırırıq. Biz tərəfləri gərginliyi azaltmağa və atəşkəsə hörmət etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli ola bilməz. Qisas və zorakılıq dinc çıxış yolunun əldə olunmasını daha da çətinləşdirəcək”.

Departament sözçüsündən Azərbaycan və Ermənistan liderlərinin Rusiya prezidenti Vladimir Putinin himayəsi ilə keçirilməsi gözlənilən görüşünə münasibəti öyrənirik. ABŞ bu görüşü dəstəkləyirmi? ATƏT-in Minsk qrupunun üzvü kimi ABŞ-ın bu sülh prosesində rolu nə olacaq? Departament nümayəndəsi görüşün təfərrüatlarını bilmədiyini, lakin Rusiyanın da son zorakılıqla bağlı narahatlıq ifadə etdiyini, ABŞ-ın tərəflər arasında dialoq üçün baş tutan görüşləri dəstəklədiyini deyir.

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri səfir Ceymz Uorlikin bir müddət əvvəl ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini açıqladığını və Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunun Rambuye və Moskva Zirvə toplantılarından sonra ABŞ-da keçiriləcəyinin güman edildiyini xatırladırıq. Xanım Psaki belə bir niyyətin rəsmən elan edilmədiyini və yalnız planlaşdırıla bildiyini istisna etmədiyini deyir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->