Xəbər lenti

ABŞ-ın ardınca Aİ də
Dünya 19:19 30.04.2024

ABŞ-ın ardınca Aİ də "TikTok"u qadağan edə bilər

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, bu platforma "təhlükəli” olduğu üçün ABŞ-ın ardınca Avropa İttifaqı da "TikTok"u qadağan edə bilər.

Qaynarinfo ”Politico”ya istinadən xəbər verir ki, o, bu barədə seçkiqabağı debatda deyib.

"Bu, istisna olunmur. Biz "TikTok"un təhlükələri barədə dəqiq bilirik”, – fon der Lyayen bildirib. O xatırladıb ki, Avropa Komissiyası "dünyada "TikTok"u korporativ telefonlarında qadağan edən ilk qurumdur”. Bu, ötən ilin fevralında baş verib.

Xatırladaq ki, aprelin 24-də ABŞ prezidenti Co Bayden platformanın sahibi, Çin texnologiya şirkəti "ByteDance” tərəfindən yaxın 270 gün ərzində ABŞ-dakı biznesini satmadıqda "TikTok"u ölkədə qadağan edən qanun layihəsini imzalayıb. 

Öz növbəsində Çin rəsmiləri "TikTok"un ABŞ-da məcburi satışının qarşısını alacaqlarına söz veriblər. Mənbələrin "The Wall Street Journal”a verdiyi məlumata görə, onlar "ByteDance”a açıq şəkildə bildiriblər ki, Çin üçün ABŞ-da sosial şəbəkəyə qadağa qoyulması satışdan daha üstündür.

Bayden qanunu imzaladıqdan sonra "TikTok" ABŞ hakimiyyətini sosial şəbəkə istifadəçisi olan 170 milyon amerikalının söz azadlığı hüququnu tapdalamaqda ittiham edib. Amerika hakimiyyətinin sosial şəbəkəyə qarşı iddiaları ABŞ-da "TikTok" istifadəçiləri haqqında məlumatların toplanmasının milli təhlükəsizliyə təhdid yaratması ilə bağlıdır. Lakin şirkət Pekin tələb etsə belə, məlumatları Çin hökumətinə verməyəcəyinə söz verib.

Hazırda Aİ-də "TikTok"a qarşı "Rəqəmsal xidmətlər haqqında” (DSA) qanununa uyğunluqla bağlı iki araşdırma aparılır. Platformanın Aİ-dəki auditoriyası 45 milyon aktiv istifadəçiyə çatır. Bu baxımdan "TikTok" "çox böyük onlayn platforma” kimi təsnif edilir. Qanun bu cür platformalardan istənilən yeni funksiyanı işə salmazdan əvvəl risklərin qiymətləndirilməsi hesabatı təqdim etməyi tələb edir.

Bununla belə, "TikTok" İspaniya və Fransada "TikTok Lite" proqramını işə salmazdan əvvəl bunu etməyib. Bu, 18 yaşdan yuxarı istifadəçilərə videoya baxmaq və ya məzmun yaradıcısını izləmək kimi müəyyən "TikTok" "tapşırıqlarını” yerinə yetirməklə xal qazanmağa kömək edir. Xalları Amazon çekləri, PayPal hədiyyə kartları və ya yaradıcılara bəxşiş vermək üçün istifadə edilə bilən "TikTok" sikkələrinə dəyişmək olar.

"TikTok"a qarşı daha bir iş fevralda açılıb. Avropa Komissiyası, platformanın DSA-nın yetkinlik yaşına çatmayanların müdafiəsi, reklamın şəffaflığı, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və s. məsələrlə bağlı pozuntunun olub-olmamasını araşdırır. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->