XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda ilk beynəlxalq etik haker konfransı keçiriləcək
Texnologiya11:00 09.09.2026

Bakıda ilk beynəlxalq etik haker konfransı keçiriləcək

Bakıda ilk beynəlxalq etik haker konfransı – "CyberHackCon 2026" keçiriləcək.

Qaynarinfo xəbər verir ki, beynəlxalq tədbir 27 oktyabr 2026-cı il tarixində Bakıdakı "Ritz-Carlton Hotel"də baş tutacaq.

Konfransda etik hakerlər, kibertəhlükəsizlik mütəxəssisləri, təhlükəsizlik tədqiqatçıları, "Red Team" və "Blue Team" ekspertləri, "Bug Bounty" tədqiqatçıları, CISO-lar, IT mütəxəssisləri və texnologiya liderləri bir araya gələcək.

Tədbirin əsas məqsədi Azərbaycanda və regionda kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsini genişləndirmək, yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında əməkdaşlıq imkanları yaratmaq və ölkədə aktiv kibertəhlükəsizlik icmasının formalaşmasına töhfə verməkdir.

Konfrans çərçivəsində etik hakerlik, hücum yönümlü təhlükəsizlik, boşluqların araşdırılması, "Bug Bounty", kiber təhdid kəşfiyyatı, rəqəmsal kriminalistika və süni intellekt təhlükəsizliyi kimi mövzular müzakirə olunacaq.

Təşkilatçıların məlumatına görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən 12-dən çox beynəlxalq spiker çıxış edəcək.

Onların arasında CERT.GOV.AZ rəhbərinin müavini və CISO Tural Məmmədov, "Veiliux" şirkətinin CTO-su və "Speeqr"in CEO-su Şahmir Amir, "Google EMEA"da Consulting Manager Robert Fini, "Signify" və "Underdark.ai"da Head of CTI Kobe Şvarts, NBSP-də Red Team Manager Rahul Vashişt və digər beynəlxalq kibertəhlükəsizlik ekspertləri yer alır.

Konfransın təsisçisi və baş icraçı direktoru İlkin Cavadovdur. Onun rəhbərliyi ilə "CyberHackCon"un Azərbaycanda beynəlxalq standartlara cavab verən, texniki yönümlü kibertəhlükəsizlik icmasının formalaşdırılmasına və yerli mütəxəssislərin dünya səviyyəli ekspertlərlə bir araya gətirilməsinə töhfə verməsi hədəflənir.

Təşkilatçıların uzunmüddətli məqsədi "CyberHackCon"u yalnız Azərbaycanda deyil, regionda aparıcı kibertəhlükəsizlik konfranslarından birinə çevirməkdir.