XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

17 il əvvəl hüquqları bitən nəşriyyat də pul tələb etdi - "Anthropic" ödənişlərində böhran
Texnologiya20:30 07.09.2026

17 il əvvəl hüquqları bitən nəşriyyat də pul tələb etdi - "Anthropic" ödənişlərində böhran

“Anthropic”in 1,5 milyard dollarlıq müəllif hüquqları razılaşması çərçivəsində ödəniş prosesi qarışıb. Bəzi nəşriyyatlar və ədəbi agentliklər müəlliflər üçün ayrılan vəsaitdən pay tələb edir.

Qaynarinfo xəbər verir ki, “Anthropic”in 1,5 milyard dollarlıq müəllif hüquqları razılaşmasından ödəniş gözləyən bəzi müəlliflər bu həftə gözləmədikləri bildirişlərlə qarşılaşıblar. Müəlliflərə göndərilən elektron məktublar onlara ayrılan ödənişlər üzərində başqa tərəflərin də hüquq iddia etdiyini göstərib.

“Anthropic” ötən il açılmış kollektiv müəllif hüquqları məhkəmə işini 1,5 milyard dollarlıq razılaşma ilə başa çatdırıb. İşə baxan hakim müəllif hüquqları ilə qorunan məzmunlardan süni intellekt modellərinin təlimində istifadənin ədalətli istifadə çərçivəsində qiymətləndirilə biləcəyinə, lakin bu məzmunların pirat yollarla əldə edilməsinin qanuni olmadığına qərar verib.

Məhkəmə razılaşmaya 2026-cı ilin iyulunda yekun təsdiq verib və bununla da ödəniş prosesi başlayıb.

Kitab başına 3 min dollar ödəniləcək

Razılaşma təxminən 500 min kitabı əhatə edir. Hüquq sahibləri pirat şəkildə istifadə edilmiş hər əsərə görə 3 min dollar ödəniş alacaqlar.

Ənənəvi nəşriyyatın hələ də çap edib satdığı kitablarda müəllif və nəşriyyat bu məbləği yarıbayarı bölüşəcək. Beləliklə, hər iki tərəf 1 500 dollar alacaq.

Müəllif kitabını özü nəşr etdiribsə, ödənişin tamamı ona veriləcək. Eyni qayda nəşriyyatın artıq çap etmədiyi və nəşr hüquqlarını müəllifə qaytardığı əsərlərə də şamil olunur.

Lakin ödəniş prosesi başlayandan sonra bu vəsaitin bölüşdürülməsi ilə bağlı problemlər ortaya çıxıb.

Müəlliflər keçmiş nəşriyyatlarının tələbləri ilə qarşılaşıb

Bəzi müəlliflər sosial mediada nəşriyyatların artıq hüquq sahibi olmadıqları kitablar üçün ödəniş tələb etdiyini açıqlayıblar.

Detektiv və triller romanlarının müəllifi Aprel Henri bildirib ki, “HarperCollins” ən azı 17 il əvvəl nəşr hüquqlarını ona qaytardığı kitabı üçün “Anthropic” razılaşmasından pay tələb edib.

“Writers Beware” bloqunun müəllifi Viktoriya Ştraus da müəlliflərdən çoxsaylı oxşar şikayətlər aldığını bildirib. Ştrausa daxil olan şikayətlər əsasən iki məsələ üzərində cəmləşir.

Bəzi nəşriyyatlar əvvəllər nəşr hüquqlarını müəllifə qaytardıqları əsərlər üçün ödəniş tələb edir. Digərləri isə yalnız 50 faizlik pay almaq hüququna malik olduqları halda ödənişin tamamına iddia edirlər.

Qeydiyyatdakı səhvlər problemin mənbəyi ola bilər

Ştraus baş verənlərin nəşriyyatların qəsdən müəlliflərin pullarını əldə etməyə çalışdığını sübut etmədiyini düşünür. Onun fikrincə, köhnə və ya səhv məlumatlar bu qarışıqlığı izah edə bilər. Bəzi nəşriyyatlar da yanlış tələblər göndərdiklərini etiraf edərək “Anthropic”dən onları düzəltməsini istəyiblər.

“Authors Guild”in baş direktoru Meri Rasenberqer də oxşar qiymətləndirmə aparıb. Rasenberqer nəşriyyatların qəsdən müəlliflərin payını əldə etməyə çalışdığını düşünmədiyini bildirib. Onun fikrincə, zəif məlumat sistemi və mürəkkəb ödəniş prosesi bu səhvlərə səbəb olur.

Lakin Ştraus son günlər aldığı şikayətlərin sayına diqqət çəkir. Müxtəlif müəlliflərin davamlı olaraq eyni tipli problemlərlə qarşılaşması məsələnin bir neçə ayrı hadisədən daha geniş ola biləcəyini göstərir.

Ədəbi agentliklər də ödəniş tələb edir

Problem yalnız nəşriyyatlarla məhdudlaşmayıb. Bəzi ədəbi agentliklər də “Anthropic”in həyata keçirəcəyi ödənişlərdən pay istəyiblər.

Ştraus bunu təəccüblü hesab edir. Çünki ədəbi agentliklər satdıqları kitabların müəllif hüquqlarına birbaşa sahib deyillər.

Yazıçı Kortni Milan da bəzi agentliklərin razılaşma çərçivəsində ödənişlərdən faizlə pay tələb etməsinə sərt reaksiya verib və agentliklərin bu vəsaitlər üzərində hüquq iddia etməməli olduğunu müdafiə edib.

Müəlliflər ödənişə etiraz edə bilərlər

Müəlliflər onlara göndərilən ödəniş bölgüsünün səhv olduğunu düşünürlərsə, etiraz edə bilərlər. Lakin burada mühüm bir tarix nəzərə alınır.

Müəllifin kitabına görə 3 min dollarlıq ödənişin tamamını ala bilməsi üçün nəşr hüquqlarının 10 avqust 2022-ci ildən əvvəl ona qaytarılmış olması tələb olunur. Razılaşmada bu tarix əsərlərin yükləndiyi tarix kimi qəbul edilir.

Bu səbəbdən nəşriyyat hüquqları müəllifə daha sonrakı tarixdə qaytarılıbsa, ödənişin bölüşdürülməsi fərqli qaydada hesablana bilər.

“Anthropic”in 1,5 milyard dollarlıq razılaşması yüz minlərlə kitabı əhatə etdiyindən ödəniş prosesi olduqca geniş hüquq sahibləri qrupunu maraqlandırır. Son şikayətlər isə əsas məhkəmə işinin başa çatmasına baxmayaraq, müəlliflər, nəşriyyatlar və agentliklər arasında pul bölgüsünün yeni mübahisəyə çevrildiyini göstərir.

Aydın