Sənət 13:34 29.06.2022

Abstrak dünyanın o üzü

(Həmyerlimiz, Praqada yaşayan rəssam Heyran Mustafazadənin rəngkarlıq dünyası haqqında qısa esse)

Azad Qaradərəli

Pişiklərin Avropada qətliamı və bunun müasir dövrə yansıması barədə bir hekayə üzərində işləyərkən orta əsrlərin böyük Azərbaycan filosofu Sührəverdiyə ilişib qaldım. Zatən onu tanıyırdım. Zamanının bütün kəsintilərinin, elmsizliyin, xurafatın meydan sulamasına rəğmən, sufizmi, işraqilik fəlsəfəsini, islami mistizmi dərindən öyrənən, hətta simya* elminin incəliklərinə vaqif olan bu nadir zəka sahibinin dünyanı mehvərindən tərpətmək gücündə olduğu haqqında şayiələr dolaşmaqda. Təsir dairəsində olan bütün bir cameəni – yüzlərlə adamı eyni anda hipnoz edə bilən bu türk oğlu ərəb sufizminin mərkəzlərindən olan Suriyada qətlə yetirilir, zira o bunu əngəlləyə bilərdi, lakin könüllü ölümə təslim olur. Onun həm real, həm irreal düşüncələrini anlamayan böyük bir insan sürüsünün gözü qarşısında ölümü seçmək nə qədər bəşəridir, nə qədər məzlumanədir, yoxsa nə qədər sərt qərardır, bunu Sührəverdi qədər hələ də bilən, açan olmayıb. Abstrak dünyamızın qatlarını da bu alim qədər vərəqləyən birisi hələ də dünyaya gəlməyib...

***

Mənə demişdilər ki, Muğanda bir rəssam var, abstraksionizmin sürrealist üslubunda rəsmlər çəkir və bəla burasındadır ki, yaşadığı bu aran əyalətində onun çəkdiyi əsərləri heç kim başa düşmür. O isə çəkir, üst-üstə qalayır. Bir gün sahibi gələcək deyə.

Mənim o aran rayonuna səfərim, "Yazı”da o xanım rəssamın – Sürəyya Muğanlının əsərlərinin çapı və "Muğanda günəş hiss olunmur” essem bu havada yazıldı...

Sonra Sürəyya xanım mənim "Kuma-Manıç çökəkliyi” romanımçün illüstrasiyalar çəkdi, daha sonra "Əllidən bir kəm”in də içərisindəki rəsmlər onun fırçasından canlandı.

Və sonradan eşitdim ki, ölkə televiziyalarından biri Sürəyya xanımın yaradıcılığına xüsusi veriliş həsr edib. Sonra hansısa xarici ölkə səfirliyi onun əsərləri ilə maraqlanıb.

***
 


Neçə gündür Praqada yaşayan həmyerlimiz, abstrak üslubda rəsmlər çəkən Heyran xanım Mustafazadənin əl işlərini müşahidə edirəm. Bizim görmədiyimiz, yaxud görə bilmədiyimiz abstrak aləmin rəssam əli ilə tutub saxladığı bu lövhələrdə irreal bir dünyanın sərhədləri görünmədə. Bizə o sərhədlərə girmək yasaq - rəssam xanımın baxış bucağından baxa bilsək, o yasaqlaqlar aradan qalxar və biz tamam yeni bir dünya ilə üz-üzə qalarıq. 

"Sufi"də dış dünyası qaralmış, iç dünyası bəmbəyaz bir sufi bizə əl edircəsinə boy vermədə. Tam bir Sührəverdi işraqisi** kimi:

Çökən zülmət qaranlıqdan vəslin nurun alın dərhal,
Hicran dəmi gecədirsə, bir səhərdir onda vüsal...

"Buz"da həyatın donmuş üzü, "Həyat"da isə insan rüşeyminin açılan çiçək timsalı bizi heyrətləndirir. Burda abstrak dünyanın – rüşeymin bir gün əsl həyata dönüş anı yenə o qədim filosofun abstrak aləminə çəkir bizi: ”Mücərrəd xalis işıq öz-özlüyündə olan işıqdır.” (Sührəverdi)

Heyran xanımın boyakarlıq aləmi bizə sirli görünən dünyalardan baş alıb gəlir. Məsələn, "Mart”da bu dünya bizim çağlayan şəlalələrimiz də ola bilər, Avropanın, Amerikanın gur sulu çaylarının qıjıltısından doğan səs effekti də, Q.Qarayevin "Yeddi gözəl”indəki süitanın alov dilləri də, Baxın "Tokkatası”ndakı səs rəngkarının palitrasından doğan emosional bəlirti – "Bayatı-Şiraz” izi də.

"Cəhənnəm”ə baxanda diksindim. Əcaba, Dantenin "İlahi komediya”sındakı "Cəhənnəm”lə Heyran xanımın "Cəhənnəm”ində bir qohumluq varmı:

Aydın eşidəcəksən dəhşətli nalələrdən,
Orda qədim ruhların çəkdiyi əzabları,
Sonsuz yalvarışları ölmək üçün yenidən...

Heyran xanımın "Cəhənnəm”inə baxanda adamı od qarsır sanki. Və bu püskürən lavadan – məni qınamayın, mən bu odla tüstünün yaratdığı halədə bir atom bombasının partlayışından doğan dəhşəti də gördüm sanki - qaçmaq üçün gözlərini yumursan. Sənətin gücü bundadır.
"Dərdim” lövhəsinə baxanda Salvador Dalinin əsərləri yadıma düşdü. O Dali ki, illər keçəndən sonra hələ də sənətşünaslar onun əsərlərinin sirlərini açmağa çalışırlar. 

Açığı "Dərdim”də insan şüurunun axışı və beynin təhtəlşüur sferası seyrçini ovsunlayır və bu abstrak aləmin o üzünə aparmağa çalışır. Və elə bu andaca əcaib bir sual keçir beynindən - əcaba, o üzdə nə var?!

***

Heyran xanım çox gəncdir. Onun sirli-sehrli əsərlərinin sorağı hələ çox-çox sərgilərdən gələcək. Biz isə bu tanışlıq yazımızda "Yazı”nın oxucularına xanım sənətçinin əsərlərinin yalnız bir qismindən bəhs etdik. 

"Yazı” dərgisi

------------------------------------------------------------------------------------------------------------------

*Simya, yaxud əl kimya – qədim zamanlarda hələ kimya elminin inkişaf etmədiyi dövrlərdə özləri də bilmədən bir sıra elmi kəşflər edən mistik dünyanın sirli adamlarının məşğul olduqları sahə. Simya elm hesab edilməsə də, müasir elmin təməlini onlar qoymuşlar. Ən əsas axtarışları gümüşü və misi qızıla çevirmək, bir də ölümsüzlük iksirini tapmaq idi.(Müəllif)

*İşraqilik – sufizmin yeni bir qoludur. Təcrübə və intuisiya (zövq və kəşf) üzərində qurulan bu təlim Şihabəddin Sührəverdi tərəfindən yaradılmışdır.(Müəllif)