Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.
APA-nın məlumatına görə, A. Bəşirqızı jurnalistlərə açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransında oturmağı özünə layiq bilmədiyini qeyd edib.
"Ona görə də tədbiri yarımçıq tərk etdim. Mən cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətə bunu tövsiyə edirəm", - deyə A. Bəşirqızı vurğulayıb.
Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, İttifaqın nəyə xidmət etdiyi naməlumdur: "Aktyorların hamısının ad almaq imkanı yoxdur. Ona görə də həyat şəraitləri pisdir. Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əmək haqları artırıldı. Lakin əmək haqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar İttifaqın tərkibində sexlər fəaliyyət göstərirdi. Teatr Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri "İstanbul" restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır".
A. Bəşirqızı teatr mühitində baş verən problemlərlə bağlı Azərbaycan Prezidentinə müraciət etdiyini diqqətə çatdırıb: "Mənim o sözlərimdə heç bir yalan yoxdur və mən Cənab prezidentin reaksiyasını gözləyirəm".
Azər Paşa Nemət də Afaq Bəşirqızının onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. O, jurnalistlərə açıqlamasında deyib ki, A. Bəşirqızının fikirləri onu maraqlandırmır.
Sədr A. Bəşirqızının Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransını yarımçıq tərk etməsindən xəbərsiz olduğunu qeyd edib.
Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.
Şərhlər