Əvvəllər donor üçün yararsız sayılan zədələnmiş ürəklər yeni texnologiya sayəsində transplantasiya üçün yararlı hala gətirilir.
Qaynarinfo "Interesting Engineering"ə istinadən xənər verir ki, ABŞ-ın Vanderbilt Universitetinin alimləri donor orqanlarının istifadəsində yeni mərhələ açan mühüm bir irəliləyişə imza atıblar. Uzun illər ərzində qan dövranı dayandıqdan sonra edilən ürək transplantasiyaları etik, texniki və maliyyə səbəblərinə görə nadir hallarda həyata keçirilib.
Ənənəvi metodlar ya ürəyin donor bədəndə reanimasiya olunmasını (bir çox ölkədə etik səbəblərlə qadağandır), ya da çox bahalı perfuziya sistemlərindən istifadəni tələb edir. Bu cihazlar ürəyin bədəndən kənarda fəaliyyətini təqlid edir.
Vanderbilt Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri bu çətinlikləri aradan qaldırmaq üçün üçüncü bir alternativ – REUP (uzunmüddətli ultraoksigenləşdirilmiş konservasiya) adlı texnologiyanı işləyib hazırlayıblar. Bu üsulda ürək reanimasiyadan keçirilmədən, ölüm baş verdikdən dərhal sonra soyuq, oksigenlə zəngin qoruyucu məhlulla yuyulur.
Tədqiqatın aparıcı müəllifi doktor Aaron Vilyams bildirib:
"Bu, əvvəllər heç vaxt uğurla tətbiq olunmayan bir yanaşmadır. O, bu sahədə oyun qaydalarını dəyişəcək və bütün dünyada istifadə ediləcək".
2024-cü ilin noyabrından etibarən bu metodla artıq 20 uğurlu ürək köçürməsi həyata keçirilib və nəticələr hazırkı standartlara tam uyğundur.
Yeni metod həm transplantasiya effektivliyini artırır, həm də bütün dünyada donor ürəklərinə çıxışı genişləndirir. Vilyams əlavə edib ki, etik çətinliklər və yüksək xərclər mövcud sistemləri qeyri-effektiv etmişdi:
"Biz bu problemlər üzərində uzun müddət düşünürdük. Birlikdə elə bir qoruma üsulu işləyib hazırladıq ki, donor ürəklərinin reanimasiya olunmadan transplantasiyası mümkün olsun".
Aydın
REUP üsulu eyni zamanda eritrosit kütləsi, "del Nido" kardiyoplegiyası və digər əlavələrdən ibarət soyudulmuş məhlulun ürəyə tətbiqini nəzərdə tutur. Bu, hüceyrə dağılmasının qarşısını alır, iltihabı azaldır və ürək toxumasının daşıma zamanı qorunmasını təmin edir.
Beləliklə, nə bahalı perfuziya cihazlarına, nə də donor bədəndə etik baxımdan mübahisəli hesab olunan reanimasiyaya ehtiyac qalır. Xüsusilə məhdud resurslu və ciddi transplantasiya qaydalarına malik bölgələr üçün bu üsul inqilabi əhəmiyyət daşıyır.
Alimlərin qeyd etdiyinə görə, REUP ilə qorunan ürəklər 8 saata qədər həyat qabiliyyətini saxlayır ki, bu da həkimlərə orqanı çıxarmaq, daşımaq və transplantasiya etmək üçün daha çox vaxt verir.
Keçmişdə bu cür transplantasiyalar ürəyin tez sıradan çıxması və zaman məhdudiyyəti səbəbindən yüksək riskli sayılırdı. Gələcəkdə bu texnologiyanın qaraciyər, böyrək, ağciyər və hətta uşaqlara orqan köçürülməsi üçün də uyğunlaşdırılması planlaşdırılır.
Aydın
Şərhlər