Xəbər lenti

“Çalışırıq ki, 3 partiyanın birliyi yaransın”
Siyasət 13:00 19.03.2013

“Çalışırıq ki, 3 partiyanın birliyi yaransın”

“Məsələni bir qədər ertələmişik. Hazırda müzakirələr aparılmır”. Bunu Qaynar.info-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev təmsil etdiyi partiyanın Ədalət Partiyası və Yaşıllar Partiyası ilə blok yaratmasından danışarkən deyib. 

Partiya sədri bildirib ki, blok yaratmaqla bağlı dəqiq qərar yoxdur: “Həmin partiyalarla münasibətlərimizi qoruyub saxlamışıq, əməkdaşlıq etmək niyyətimiz qüvvədədir. Çalışırıq ki, 3 partiyanın birliyi yaradılsın. Amma bütün bunlara baxmayaraq blok yaradılmaya da bilər”.

Əli Əliyev VİP-in prezident seçkilərində iştirak edib-etməməsinə də toxunub: “Aprelin birinci on günlüyündə partiya məclisinin iclası keçiriləcək. Həmin məclisdə seçki məsələsi dəyərləndiriləcək. Seçkidə iştirakın tərəfdarı kimi xeyli partiya üzvümüz var. Onların mövqeyi iclas zamanı müəyyənləşdiriləcək”.

Partiya sədri qeyd edib ki, təmsil etdiyi partiya seçkiöncəsi heç bir birliyə qoşulmayacaq: “Müxalifət düşərgəsində heç bir birliyə qoşulmayacağıq. Çünki onların yaranma ehtimalı kifayət qədər aşağıdır”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->